...

İran və Qərbin üzücü müharibəsi - Trend-in icmalçısı

Dünya xəbərləri Materials 4 Dekabr 2010 09:00 (UTC +04:00)
İran və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında dekabrın 5-də Cenevrədə keçiriləcək müzakirələr ərəfəsində baş verən mütəmadi və mənalı hadisələr göstərir ki, rəsmi Tehran və Qərb ölkələri arasında davam edən üzücü müharibə (the attrition war) həssas və ümidsiz bir məqama çata bilər.
İran və Qərbin üzücü müharibəsi - Trend-in icmalçısı

Trend-in Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

İran və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında dekabrın 5-də Cenevrədə keçiriləcək müzakirələr ərəfəsində baş verən mütəmadi və mənalı hadisələr göstərir ki, rəsmi Tehran və Qərb ölkələri arasında davam edən üzücü müharibə (the attrition war) həssas və ümidsiz bir məqama çata bilər. Son bir həftədə İranın iki nüvə aliminə qarşı terror, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş katibinin İranın nüvə proqramı ilə bağlı yeni məruzəsi və məruzənin agentliyin Hakimlər Şurasında müzakirəsi, ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi, habelə "Wikileaks"in İranla bağlı yaydığı qalmaqallı məlumatlar 14 ay müddətində dondurulmuş müzakirələrə təsirsiz ötməyəcək.

Keçən ilin sentyabr ayında 5+1 ölkələri (Rusiya, Çin, ABŞ, Fransa, Britaniya və Almaniya) və İran arasında uran mübadiləsi ilə bağlı aparılan uğursuz müzakirələrdən sonra tərəflər arasında görüş olmasa da, bir çox proseslər baş verib. İrana qarşı BMT TŞ-nin 1929 saylı yeni qətnaməsinin, ABŞ, Avropa və Qərbin müttəfiqlərinin İrana qarşı birbaşa şiddətli sanksiyalarının tətbiqi, İranın BAEA mütəxəssislərinin ikisini "qara siyahı"ya salması və bir çox məsələlər göstərir ki, keçmişdəki uğursuz müzakirələrlə müqayisədə hazırkı müzakirələrin atmosferi daha soyuq və gərgin olmalıdır.

İran 5+1 ölkələrini nüvə alimlərinə qarşı terrorun törədilməsində ittiham edib və Prezident Mahmud Əhmədinejad Mazəndəran əyalətindəki çıxışında bildirib ki, bir daha belə terrorlar həyata keçirilsə, BMT-nin daimi üzvlərini məhkəməyə verəcək. Əhmədinejad səbəb kimi, terrora məruz qalan alim Frudin Abbasinin BMT TŞ-nin 1747-ci qətnaməsində adının çəkilməsidir. Bu, alimə qarşı embarqoların tətbiqidir.

İran nüvə proqramı ilə bağlı detalların BAEA tərəfindən açıqlanmasına daha həssaslıqla yanaşır. Məsələn, İran tərəfi agentliyin rəhbərinə noyabrın 23-də yaydığı yeni məruzəsində İranın sentrifuqalarının sayının açıqlanmasını irad tutur. Maraqlıdır ki, BAEA-nın keçmiş məruzələrində də İranın nüvə proqramı ilə bağlı bir çox detallar əks olunmuşdu, lakin İran indiki kimi reaksiya verməmişdi.

"Wikileaks"in yaydığı yeni sənədlərə görə, Obama administrasiyası əvvəldən də İranın nüvə proqramını diplomatik müzakirə yolu ilə həllinə ümid etmirmiş və Ərəb ölkələrinin bəziləri də İsrail kimi İrana hücumu dəstəkləyirmişlər. Bunların hamısı İrana haqq qazandırır ki, ən azı özünü müdafiə etmək üçün nüvə silahının yaradılması texnologiyasına əl çatacaq qədər irəli getsin və planlarını dayandırmasın. Əslində, varlığı təhlükədə olan bir rejimi nə iqtisadi güzəştlər, nə də iqtisadi sanksiyalar strateji zəmanəti əldə etməkdən yayındıra bilər. İran da bu qaydadan istisna deyil.

İranın nüvə proqramı ətrafinda dəyişikliklər

14 ay bundan əvvəl İranla Qərb arasında ortaq mənafe hesab olunan uran mübadiləsi variantı hazırda nə Qərbin marağındadır, nə də İranın müzakirə predmitidir. Əslində, 2009-cu ildə İranın uran ehtiyatı 1500 kq təşkil edirdisə, hazırda bu rəqəm 3200 kq-dır, həmçinin İran 20 faizlik uran zənginləşdirmə prosesinə başlayaraq, hazırda 35 kq 20 faizlik uran ehtiyatına malikdir. Baxmayaraq ki, İran bu uranı rektor sobasında istifadə olunan yanacağa çevirmək üçün lazimi texnologiyaya yiyələnməlidir. Hər halda, İran 35 kq 20 faizlik uran qazını yanacağa çevirsə, Tehran nüvə labaratoriyasının reaktorunu minimum 5 illik işə sala bilər.

Tehrandakı Əmirabad tədqiqat reaktoru tibbi məqsədlərdə istifadə olunur. Reaktor 1960-cı illərdə tikilib. Sonuncu dəfə 90-cı illərdə Argentina bu reaktorun yanacağını və sobasını yenilədib.

Digər tərəfdən, bir il bundan əvvəl İranın Nətənz uran zənginləşdirmə zavodunda fəal sentrifuqalar indikindən 3 dəfə çox imiş. İranın fəal sentrifuqalarının sayının azalması, eyni zamanda, zəif dərəcədə zənginləşdirilmiş uran ehtiyatının həcminin 2 dəfə artması göstərir ki, İran effektivlik dərəcəsi daha çox olan yeni növ sentrifuqaları istehsal edə bilib. İran nüvə elektrik stansiyalarının yanacağının təmini üçün 60 min fəal sentrifuqaya malik olmalıdır, lakin, nüvə silahının başlığında istifadə olunan 90 faizlik uranın istehsalına elə həmin miqdar (3000 ədəd) sentrifuqa kifayət edər.

Digər tərəfdən, İranın nüvə obyetlərinə Staksnet virusunun düşməsi və indiyədək bir neçə nüvə aliminə qarşı terror göstərir ki, Qərb də sanksiyalarla yanaşı, digər üzücü vasitələrlə İrana qarşı müharibəsini davam etdirir.

Proseslər göstərir ki, tərəflər arasında müzakirə masasına qoyulacaq "kozur kartları" artsa da, həmin miqyasda bədbinliklər və münasibətlərin gərginləşməsi də artıb və hətta, bu "kozurlar"dan istifadə etmək üçün situasiyanın əlverişli olması da sual altındadır.

Xəbər lenti

Xəbər lenti