Dağıstan sakininin öldürüldüyü Moskva ətrafındakı (Podmoskovye) Lyubertsı rayonunda kütləvi dava faktı ilə bağlı cinayət işi qaldırılıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-a bu gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə idarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Mayın 17-də Moskva vaxtı ilə təxminən saat 22:00 radələrində Oktyabr rayonunun "Tekstil" küçəsindəki evlərin birinin yaxınlığında naməlum şəxslər ictimai qaydanı kobud surətdə pozaraq və xuliqancasına hərəkət edərək Moskva ətrafında müvəqqəti yaşayan Şimali Qafqazın 10 sakinini döyüblər", - xidmətin məlumatında deyilir.
Bununla bağlı iki cinayət işi qaldırılıb. Onlardan biri "Qətl", "Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır xəsarət yetirmə", digəri isə "Qrup şəkildə edilən xuliqanlıq" maddələri ilə qaldırılıb. Hazırda baş verənlərin və şübhəli bilinənlərin müəyyənləşdirilməsinə yönələn istintaq-əməliyyat hərəkətləri aparılır", - mətbuat xidmətindən qeyd ediblər.
Bundan əvvəl Moskva vilayətinin hüquq-mühafizə orqanlarındakı mənbə İTAR-TASS-a məlumat vermişdi ki, Azərbaycan və Ermənistan əsilli şəxslər arasında toqquşma baş verib. Münaqişə tərəfləri travmatik və soyuq silahdan istifadə ediblər. Davada 1987-ci il təvəllüdlü Dağıstan sakini qətlə yetirilib. Daha 7 nəfər güllə və bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib.