Bakı. Trend:
ABŞ və İsrail rəsmiləri Qəzza zolağında hərbi əməliyyatlar zamanı mümkün humanitar fasilələrlə bağlı praktiki məsələlər üzrə məsləhətləşmələr aparır.
Trend xəbər verir ki, bunu bazar günü Bağdadda çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinken deyib.
"İsrail humanitar fasilələrin necə ediləcəyi ilə bağlı mühüm suallar qaldırıb. Biz bu suallara cavab verməliyik. Biz məhz bunun üzərində işləyirik”, deyə Blinken bildirib.
ABŞ dövlət katibinin sözlərinə görə, “humanitar fasilənin bir sıra məqsədlərin həyata keçirilməsinə, o cümlədən HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə kömək etməsi” vacibdir. Blinken qeyd edib ki, belə bir fasilə Qəzza zolağının sakinlərinə humanitar yardımın artırılmasına imkan verə bilər.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.