Bakı. Trend:
"Hizbullah"ın əsas idarəetmə orqanı olan Şura İcraiyyə Komitəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərmiş Haşim Səfiuddin, Livan partiyasının yeni baş katibi seçilib.
Trend xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. O, "Hizbullah"ın yüksəkvəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən qohumudur. Səfiuddin, hərəkatın İcraiyyə Şurasının rəhbəri kimi tanınır və beynəlxalq terrorçu kimi xarakterizə olunur. "Hizbullah"ın "ikinci nömrəsi" hesab edilir.
2017-ci ildən ABŞ Dövlət Departamenti tərəfindən terrorçu kimi tanınır.
Livana geri dönməzdən əvvəl Haşim Səfiuddin Nəcəf (İraq) və Qum (İran) şəhərlərində Nəsrullahla birlikdə ilahiyyat təhsili alıb. 1995-ci ildən etibarən, o, hərəkatın ən yüksək qurumu olan "Məclis əş-Şura"ya (Məşvərət Məclisi) təyin edilib və "Cihad Şurası"nın rəhbəri olub.
Haşim Səfiuddin "Hizbullah"ın üç əsas liderindən biridir - digər iki lider İsrail qüvvələri tərəfindən öldürülmüş Həsən Nəsrullah və Naim Qasimdır. 2006-cı ildən baş katib vəzifəsinə Həsən Nəsrullahın mümkün varisi kimi onun namizədliyi irəlilədilib.
2020-ci ilin iyun ayında onun oğlu Seyid Rza Haşim Səfiuddin, keçmiş Qüds Qüvvələrinin komandiri Qasim Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib.
Xatırladaq ki, İsrail Müdafiə Ordusu (SAXAL) Beyrutun cənub ətrafına edilən hava hücumu nəticəsində şeyx Nəsrullahın öldürüldüyünü bildirib. Hücum, cümə günü "Hizbullah" rəhbərliyinin müşavirəsi zamanı baş verib.