...

Bakı 2015 Mingəçevirdə bilet satışı məntəqəsi açdı

Baku 2015 : EUROGAMES Materials 22 May 2015 10:27 (UTC +04:00)
Mingəçevirdə ilk Avropa Oyunları ilə bağlı bilet satışı məntəqəsi açılıb.
Bakı 2015 Mingəçevirdə bilet satışı məntəqəsi açdı

Azərbaycan, Bakı, 22 may /Trend/

Mingəçevirdə ilk Avropa Oyunları ilə bağlı bilet satışı məntəqəsi açılıb. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Mingəçevir sakinləri Bakı 2015-in iyunun 14-16-da baş tutacaq avarçəkmə yarışları üçün biletləri Mingəçevir Dram Teatrının kassasından ala biləcəklər.

Qeyd edək ki, Mingəçevir bu yay keçiriləcək ilk Avropa Oyunlarında avarçəkmə idman növü üzrə yarışlara ev sahibliyi edəcək.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, yeni açılmış kassa Mingəçevir sakinlərinə gələn ay keçiriləcək dünya səviyyəli avarçəkmə yarışlarına bilet almağa imkan verəcək: "Şəhərdə xüsusi bilet satışı məntəqəsinin olması Birinci Avropa Oyunlarını Azərbaycan xalqı üçün mümkün qədər çox əlçatan etmək vədimizdən irəli gəlir. Onlar ölkədə gerçəkləşən möhtəşəm və tarixi idman bayramından zövq ala biləcəklər".

Avarçəkmə yarışları üzrə ilkin mərhələ oyunlarında oturacaqlı yerlər üçün biletlərin qiyməti 1 AZN-dən 3 AZN-ə qədər, final oyunları üçün isə 1 - 5 AZN arasında müəyyən olunub. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar isə bütün idman yarışlarına biletsiz buraxılacaqlar.

Mingəçevir Dram Teatrının kassası M.Füzuli küçəsi 29 ünvanında yerləşir və həftənin yeddi günü səhər saat 10:00-dan axşam saat 18:00-dək açıq olacaq.

Birinci Avropa Oyunlarının Bakıda keçiriləcək bütün idman yarışlarına biletləri www.baku2015.com/tickets veb səhifəsindən onlayn qaydada almaq mümkündür.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Birinci Avropa Oyunları ilə bağlı fotoşəkillər, videolar və məlumatlardan ibarət geniş qalereya yaradılıb və mətbuat nümayəndələri Bakı 2015-in Media kitabxanasında bunların hamısını əldə edə bilərlər. Media kitabxanasına giriş əldə etmək üçün sadəcə [email protected] elektron ünvanına məktub yazın və biz sizi müvafiq məlumatlarla təmin edəcəyik.

Bakı 2015 Avropa Oyunlarının biletlərini satış məntəqələrindən yaxud www.baku2015.com/tickets saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilən ünvanlarında yerləşən istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər: "Park Bulvar", "28 Mall", "Metro Park" ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, "Azərbaycan" kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, ASAN xidmətin Yasamal filialı, eyni zamanda, Neftçilər, Əhmədli metrostansiyaları yaxınlığında və Fəvvarələr meydanında yerləşən "McDonald's" restoranı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti