...

Qədim paytaxt Qəbələdə əsrarəngiz festival şousu (FOTO, VİDEO)

Baku 2015 : EUROGAMES Materials 27 May 2015 01:49 (UTC +04:00)
Azərbaycanın Şimal-qərbinə - Böyük Qafqazın cənub yamaclarına Bakı 2015 alovunun səyahəti mayın 26-da İsmayıllıdan keçərək Qəbələdə möhtəşəm festivalla yekunlaşdı.
Qədim paytaxt Qəbələdə əsrarəngiz festival şousu (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycanın Şimal-qərbinə - Böyük Qafqazın cənub yamaclarına Bakı 2015 alovunun səyahəti mayın 26-da İsmayıllıdan keçərək Qəbələdə möhtəşəm festivalla yekunlaşdı.

Ərazisi 2074 kv2, əhalisi isə 84 min nəfər olan İsmayıllı qədim mədəniyyəti, tarixi, xüsusən el sənətkarlığını yaşadan kəndləri ilə məşhurdur. Basqal, Lahıc, İvanovka kəndləri buna əyani nümunələrdir. Alovun İsmyayıllıya səfəri də özünəməxsus el sənətkarlığını yaşadan Lahıcla başlandı. Yolu üzərindəki asma körpüsü, küçələri, evlərin quruluşu, tarixi ilə özü bir möcüzə olan Lahıcda məşəllə maraqlı vaxt keçirildi, foto və videokameralar bu anları əbədiləşdirdi.

Trend-in məlumatına görə, İsmayıllıda 2,82 km məsafədə davam edən məşəl estafetini universal döyüş üzrə dünya çempionu, çox mübarizəli döyüş növləri üzrə ikiqat Avropa çempionu Bayram Qəhrəmanov Nizami küçəsində qala divarları önündə başladı.

Heydər Əliyev prospektində tamamlanan yürüşdə Elmi Məmmədli, Vüsalə Dəmirova, Elvin Əliyev, Tuncay Əliyev, Rahid Rəcəbli, Çingiz Muradlı, Cahangir Niftəliyev və Bənövşə İsmayılova iştirak etdilər. Sonuncu məşəlçi pauerliftinq üzrə 5-qat dünya, 3-qat Avropa çempionu, dunya kubokunun ikiqat sahibi Kamil Qafarov həmkarlarının müşayiəti ilə Heydər Əliyev meydanında quraşdırılmış səhnə önünə gəldi. Gur alqış sədaları altında o, səhnədə Bakı 2015-in növbəti çırağını alovlandırdı. Bu çırağı rayona ictimai fəal Qönçə Ağazadə təqdim etdi.

Sonra Atəşgah məbədində ilk məşəlin alovlandırılması, ardınca Bakı 2015-in təbliğat videoçarxları göstərildi. Aparıcı Bakı 2015 və məşəl estafeti ilə bağlı məlumat verdi. Təntənəli mərasim səmaya şarların və göyərçinlərin buraxılması ilə başa çatdı.

Məşəl estafetin iştirakçısı Elmi Məmmədli ürək sözlərini dilə gətirdi: "Alov səyahətinin İsmayıllıdan keçməsi ilə, yəqin ki, hər bir rayon sakini fəxr edir. Bunu bu gün küçələrə minlərlə sakinin axışması da əyani göstərir. Fəxr edirəm ki, bu yürüşdə mən də iştirak etdim. Avropa Oyunları həyəcanını bizə yaşatdıqlarına görə cənab prezident İlham Əliyevə və birinci xanım, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Fərdi idman növləri Azərbaycanda çox inkişaf edib. Atletika ilə məşğul olan idmançı kimi, bu növ üzrə yarışları xüsusi izləyəcəyəm. Əminəm ki, layiqli mübarizənin şahidi olacağam və idmançılarımızın uğurları da olacaq".

Tədbir başa çatandan sonra karvan VI əsrdə Bərdəyə köçürülənə qədər 600 il qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələyə gətirildi.

Qəbələnin ərazisi 1550 km2, əhalisinin sayı 101 min nəfərdir. 2011-ci ildə beynəlxalq aeroportun açılması isə rayonun inkişaf sürətini xeyli artırıb. Vəndam, Bum və Nic kimi məşhur tarixi əraziləri olan Qəbələ son illərdə beynəlxalq musiqi festivalı ilə mədəniyyət, yeni kompleksləri sayəsində idman mərkəzinə çevrilməkdədir. Qəbələdə beynəlxalq standartlara cavab verən yeni atıcılıq kompleksi mötəbər qran-pri turnirləri ənənəsi yaratmaqdadır və bu ocaq Azərbaycanda daha bir idman növünün inkişafına münbit şərait yaradır. Burada çəkdirilən şəkillər və video görüntülər Birinci Avropa Oyunlarının ruhu ilə həmahəng səslənir.

Məşəl estafeti karate üzrə ikinci dan qara kəmər sahibi, respublika çempionatının gümüş və bürünc medalçısı Anar Mustafayevin yürüşü ilə Heydər Əliyev prospektindəki məscid önündə başlandı. Daha sonra Səməd Vurğun və Həzi Aslanov küçələrindən keçməklə 2,48 km-lik yol boyunca məşəli Tariyel Həsənov, Namiq Ağayev, İbrahim Faxlulov, İsmayıl Məmmədov, Mirəzim Qurbanov, Ceyhun Səfərov, Xeyrulla Şirinov, Zaur Tahirov və Ehsan Nəzirov daşıdılar. Bu yürüşdə Bakı 2015-in ulduz elçisi Qərib Azər və idman elçisi, Azərbaycanın gənc atletika ümidlərindən Nazim Babayev iştirak etdilər.

Heydər Əliyev parkında, Mədəniyyət Mərkəzi qarşısında təşkil olunmuş Alov Festivalında yerli incəsənət ustalarının çıxışlarından sonra aparıcı sonuncu məşəlçi məşqçi-müəllim Ehsan Nəzirovu səhnəyə dəvət etdi. Onun alovlandırdığı Bakı 2015 çırağını Qəbələ ictimaiyyətinin nümayəndəsinə 11-ci sinif şagirdi, 17 yaşlı Bəhram Əhmədli təqdim etdi.

Məşəl yürüşündə iştirak etmiş Azərbaycan atletikasının yeni ümidlərindən, Bakı 2015-in idman elçisi Nazim Babayev fikirlərini bölüşdü: "Avropa Oyunları həm ölkəmiz, həm də qitə üçün mühüm əhəmiyyətə malik tarixi hadisədir. İlk dəfə keçiriləcək Oyunların ölkəmizdə keçirilməsi biz idmançılara geniş qapılar açır. Çünki doğma divarlar arasında ev sahibi kimi uğurlar əldə etməklə, gələcəkdə daha irəli getməyə və daha çox nailiyyətlər əldə etməyə çalışacağıq. Əlbəttə, Oyunların Azərbaycanda keçirilməsi həm də biz idmançılar üçün məsuliyyət deməkdir. Ona görə də hər birimiz yarışa çıxarkən, bütün gücümüzü səfərbər edəcəyik".

Sonra Atəşgah məbədində ilk məşəlin alovlandırılmasından hazırlanmış qısa film göstərildi. Bakı 2015-ə həsr olunmuş videoçarx da maraqla qarşılandı. Maraqlı "Alov rəqsi" nümayiş olundu. Səmaya buraxılan göyərçinlər, şarlardan sonra atəşfəşanlıq da Qəbələ səmasını rənglərə boyadı.

Alov səyahətinin Qəbələdəki məşəl estafetinin birinci iştirakçısı Anar Mustafayev də təəssüratlarını belə ifadə etdi: "Azərbaycan idmançılarının Avropa Oyunlarına çox yaxşı hazırlaşdığını, hər birinin bu Oyunların ab-havası ilə yaşadığını, qələbə əzmində olduqlarını bilirəm. Karate yığmamızda da ruh yüksəkliyi hökm sürür. İnanıram ki, milli komandamızın liderləri, dünya karatesində ad-sanı ilə seçilən Rəfael Ağayev və Şahin Atamov, həmişəki kimi, ümidləri doğruldacaqlar. Məncə, karate yarışlarının Avropa Oyunlarındakı səviyyəsi növün olimpiya proqramına qapısını açmaq iqtidarındadır".

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Yürüş mayın 27-də Kürdəmir və Ağsu rayonlarında davam etdriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti