...

“Bakı-2015”: dünyanı heyran qoyan 17 gün və ikili standartlar

Baku 2015 : EUROGAMES Materials 9 İyul 2015 12:51 (UTC +04:00)
Çox yox, 10-15 il əvvəl kimin ağlına gələrdi ki, Avropa Oyunları keçiriləcək və ona ilk ev sahibliyi hüququ Azərbaycana veriləcək.
“Bakı-2015”: dünyanı heyran qoyan 17 gün və ikili standartlar

Aslan Aslanov - AZƏRTAC-ın baş direktoru

Birinci Avropa Oyunları başa çatdı. Amma onun söz-söhbəti hələ uzun müddət davam edəcək. "Bakı-2015"in möhtəşəmliyi, əzəməti illər uzunu xatırlanacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Oyunları dedikdə, yada Azərbaycan və Bakı düşəcək.

Format etibarilə sırf idman tədbiri olan "Bakı-2015" mahiyyət baxımından çoxspektrli səciyyə daşıyır. Bu hadisəyə siyasi-iqtisadi, eyni zamanda, mədəni, sosial-psixoloji müstəvidə yanaşmaq olar. Məqsədimiz də elə birinci Avropa Oyunları ilə bağlı bir sıra aktual və düşündürücü məqamlar ətrafında mülahizə yürütmək, Oyunların əhəmiyyəti barədə təəssüratları bölüşməkdir. Azərbaycan "Bakı-2015"ə necə gəlib çıxdı? Zənnimcə, ilk olaraq bu suala cavab vermək lazımdır.

Biz "Bakı-2015"ə necə gəlib çıxdıq?

Çox yox, 10-15 il əvvəl kimin ağlına gələrdi ki, Avropa Oyunları keçiriləcək və ona ilk ev sahibliyi hüququ Azərbaycana veriləcək. "Köhnə dünya"da yerləşən dövlətlərin bəziləri çox iddialıdır və necə deyərlər, başqasına yuxarıdan aşağı baxmağa adət ediblər. Yeri gəlmişkən, indi dünyanın elə vaxtıdır ki, belə dövlətlər təkəbbürü kənara qoyub özləri də gənc dövlətlərdən öyrənsələr yaxşıdır. Bunları nəzərə alsaq, qitə miqyaslı Oyunların Bakıda keçirilməsinə dair qərar ilk baxışda təəccüblü görünə bilərdi. Əslində isə Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycana olan inam və etimaddan, onun iqtisadi qüdrətindən, günümüzün reallıqlarından qaynaqlanırdı.

Bir qədər də əvvələ qayıtmaq lazım gələcək.

Hər şey, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin tövsiyəsi ilə 1997-ci il iyulun 31-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) keçmiş məzunu, gənc və enerjili, idmanın beynəlxalq münasibətlərdəki rolunu dəyərləndirməyi bacaran İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra başlandı. Zərgər dəqiqliyi ilə edilmiş bu seçim ölkənin idman həyatına yeni nəfəs gətirdi, canlanma və dirçəliş dövrü başlandı. Ölkənin iqtisadi imkanlarının artması müasir idman qurğularının yaradılmasına, idmançıların yetişdirilməsinə yol açdı. O vaxt sadə bir stadionu, adi idman qurğusu olmayan rayonlarımızın əksəriyyətində bu gün müasir olimpiya idman kompleksləri (onların sayı 40-ı ötüb) fəaliyyət göstərir.

Ulu öndər Heydər Əliyev deyirdi ki, ölkəni dünyada heç nə idman qədər tanıda bilməz. Zaman bu fikrin doğruluğunu artıq çoxdan təsdiqləyib. İlk Avropa Oyunları isə bizi idmanın əvəzsiz təbliğat vasitəsi olduğuna bir daha inandırdı.

İstəkdən, iqtisadi imkandan sonra üçüncü yerdə təcrübə dayanır. Böyük miqyaslı idman tədbirlərinin təşkilində təcrübə olmadan keçinmək, sadəcə, mümkün deyil. Bu təcrübə də zaman-zaman, qətrə-qətrə toplanır. Bir neçə faktı xatırlamağa dəyər.

Azərbaycan ötən müddətdə bir sıra dünya və Avropa səviyyəli çempionat və tədbirlərə ev sahibliyi edib. Onların sırasında ağır atletika üzrə Avropa çempionatını (2012-ci il), 17 yaşlı qızlar arasında futbol üzrə dünya birinciliyini, qayayadırmanma üzrə Dünya Kuboku yarışlarını və "Formula-2" Qran-prisini (2013-cü il) və s. misal çəkmək olar. Bakı, həmçinin "Eurovision", Davos iqtisadi, Krans-Montana, Ümumdünya Mədəniyyətlərarası dialoq, Bakı Beynəlxalq Humanitar forumları kimi genişmiqyaslı tədbirlərə ev sahibliyi etməklə püxtələşirdi.

Nəhayət, növbə Avropa Oyunlarına yetişdi. Yeri gəlmişkən, Avropanın öz Oyunlarını keçirməsi ideyası çoxdan yaranıb. Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski xatırlayır ki, o vaxt AOK-un prezidenti, sonradan Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olan Jak Roqqe bu ideyanı gerçəkləşdirməyə çalışsa da, bir şey alınmadı. 2006-cı ildə AOK-un yeni prezidenti seçilmiş Patrik Hikki bu məsələdə daha qəti mövqe tutaraq ideyaya həyat verməyə girişdi. Nəhayət, 2009-cu ilin dekabrında AOK-un İcraiyyə Komitəsi Avropa Oyunlarının təsis edilməsini qərara aldı. Bundan üç il sonra isə ilk Oyunların ev sahibi müəyyənləşdi.

Bir qədər əvvəl qeyd etdik ki, AOK-un seçimi Azərbaycana inam və etimadın nəticəsi idi. Azərbaycan isə bu çətin və məsuliyyətli işə cəsarətlə çiyin verdi. Burada söhbət təkcə infrastrukturdan getmir. Cığır açmağın özü də asan iş deyil. Üstəlik, heç bir təlimat və qaydanın, müvafiq təcrübənin və standartların olmaması da çətinlik yaradan amillərdəndir. Bu sıraya vaxtın azlığı da əlavə olunsa, Azərbaycanın çox mürəkkəb işin öhdəsindən layiqincə gəldiyi aydınlaşar. Təbii ki, bütün bunlar qazanılan uğurların dəyərini daha da artırır.

Azərbaycan və Avropa üçün tarixi hadisə

Prezident İlham Əliyev çıxışlarının birində ilk Avropa Oyunlarını həm ölkəmiz, həm də Avropa üçün tarixi hadisə adlandırıb. Belə ki, Azərbaycan indiyədək bu səviyyədə beynəlxalq idman tədbiri keçirməmişdi. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, Oyunlarda 50 dövlətin 6 minədək idmançısı iştirak edirdi. Avropa isə tarixdə ilk dəfə idi ki, öz Oyunlarını keçirirdi. Yəni, Avropa yeganə qitə idi ki, öz Oyunları yox idi və bu, Bakıda baş tutdu.

"Bakı-2015" yüksək səviyyədə, möhtəşəm keçdi. Açılış mərasimindən tutmuş bağlanışadək hər şey əla təşkil olunmuşdu və bunu çoxları, hətta bizi gözü götürməyənlər belə etiraf edirlər. Amma yəqin ki, qlobal idman tədbirinin necə, hansı zəhmət və gərginlik hesabına başa gəldiyini çoxları bilmir. Təsəvvür etmək çətin deyil ki, hazırlıq üçün ayrılmış 30 ayın hər gününün, saat və dəqiqəsinin hesabı gedirdi.

Bu haqda söhbət düşəndə diqqət istər-istəməz Təşkilat Komitəsinə yönəlir. Adından da göründüyü kimi, təşkilati işlərin bütün məsuliyyəti və ağırlığı məhz bu qurumun üzərinə düşürdü. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başda olmaqla, Təşkilat Komitəsi sözün həqiqi mənasında, möcüzə yaratdı, əfsanəni reallığa çevirdi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin görülən işləri "fantastika" adlandırması yəqin ki, təsadüfi deyil.

"Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur" - bu isə Təşkilat Komitəsinin, onun sədrinin fəaliyyətinə Azərbaycan Prezidentinin verdiyi olduqca sərrast qiymətdir. Xalq dilindən gələn "can qoymaq" ifadəsinin nə demək olduğunu hamı yaxşı bilir.

Maddi resurs, təcrübə, peşəkarlıq - qlobal səpkili tədbirlərin təşkilində bu faktorların hər biri özlüyündə mühüm əhəmiyyət kəsb edir. Bundan da önəmlisi xalqa və dövlətə sevgidir. Ən yüksək nəticələr, uğurlar məhz bu amillərin vəhdəti nəticəsində qazanılır. "Bakı-2015"in hazırlanması və keçirilməsi prosesində bunun bir daha şahidi olduq.

Təcrübəyə gəldikdə, bir məqam üzərində ayrıca dayanmağa ehtiyac duyuram. "Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) bu sahədəki rolu da yüksək qiymətə layiqdir. Tanınmış əcnəbi mütəxəssislər öz təcrübə və biliklərini Azərbaycana gətirərək bizimlə bölüşdülər.

AZƏRTAC "Bakı-2015"in rəsmi media tərəfdaşı olduğundan BEGOC-un əməliyyatlar üzrə direktoru Saymon Kleq, mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs ilə müntəzəm təmaslarımız, söhbətlərimiz olub. Onların peşəkarlığı ilə yanaşı, qəlblərində yaranmış Azərbaycan sevgisini də duyub hiss etmişəm. Nahaq yerə demirlər ki, Azərbaycanı sevmək üçün onu görmək, tanımaq lazımdır. Cənab Kleq mətbuata müsahibələrində ağızdolusu deyirdi ki, Azərbaycan onun ikinci vətənidir. "Gələcəkdə yolumuzun haraya düşməsindən asılı olmayaraq, Azərbaycanın bir parçası bizim ürəyimizdə qalacaq". Bu da S.Kleqin sözüdür.

Əsasən əcnəbi mütəxəssislər tərəfindən hazırlanmış açılış və bağlanış mərasimləri niyə bu qədər kaloritli, milli ruhda alındı? Mən bunun da səbəbini komandanın Azərbaycana olan hörməti, məhəbbəti ilə yanaşı, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın onlara verdikləri dəqiq təlimat və tövsiyələrə qüsursuz əməl olunması ilə izah edərdim.

İlk Avropa Oyunlarının uğurundan söhbət düşəndə könüllülərin adı da hökmən çəkilir. Deyirlər ki, Oyunların keçirilməsində onların da çiyninə az yük düşməyib. Könüllüləri paytaxtın park və bağlarında, metro stansiyalarında və taksi dayanacaqlarında, bir sözlə, hər yerdə görmək olardı.

Əlbəttə, könüllülər təcrübəsi bizə xaricdən gəlib. Amma inanmıram ki, digər ölkələrdə könüllülər bu dərəcədə fədakarlıq və həvəslə çalışsınlar, könüllülük hərəkatı bu qədər geniş vüsət alsın. Təxminən 20 minə yaxın könüllü təmənnasız olaraq gecə-gündüz işləyirdi. Onları seyr edəndə insanın qəlbi qürur hissi ilə döyünürdü. Bu gənclər məharətlə, peşəkarcasına çalışır, qonaqlara, idmançılara münasibətdə böyük mədəniyyət, xalqımıza xas olan qonaqpərvərlik, mehribanlıq göstərirdilər. Bu, ölkəmiz haqqında xoş təəssüratlar doğurur, qonaqların və idmançıların müsahibələrində dönə-dönə vurğulanırdı. Cəsarətlə demək olar ki, "Bakı-2015"in könüllüləri də Oyunların özlərinə məxsus standartlarını müəyyənləşdirdilər. Bu, eyni zamanda, yüksək intellektə malik gənc nəslin yetişməsindən, "qara qızıl"ın insan kapitalına çevrilməsindən xəbər verir.

Dünyanı heyran qoyan 17 gün

Heç kəs təsəvvür etmirdi ki, "Bakı-2015" bu qədər möhtəşəm alınacaq, böyük marağa səbəb olacaq. Bu marağı əks etdirən bir neçə fakt.

Oyunlar 145 ölkədə geniş işıqlandırılıb. Təkcə açılış mərasimi 140 ölkəyə translyasiya edilib, dünya üzrə 1100 saatdan çox veriliş yayımlanıb. Bütövlükdə Oyunların tamaşaçı auditoriyası təqribən 823 milyon nəfərə çatıb. Oyunların rəsmi internet səhifəsində yarışları hər gün təqribən 5-6 milyon insan izləyib.

Yarışlar dünya mediasının diqqət mərkəzində olub. Əvvəlcə Oyunlar barədə xəbər və reportajlara müntəzəm yer ayıran bir sıra mötəbər KİV-lərin adını çəkmək istərdim: "Reuters", "Associeted Press", TASS, "Frans Press", "Anadolu" informasiya agentlikləri, Rusiyanın "Rossiya 2" və NTV, Fransanın "BFM", Almaniyanın "Sport1", İspaniyanın RTVE telekanalları, Türkiyə televiziyaları, Almaniyanın "Die Welt", ABŞ-ın "The Washington Post" qəzetləri, çoxsaylı xəbər portalları və başqaları.

İndi isə xarici KİV-də əksini tapmış bəzi fikirlərə nəzər salaq.

"Frans Press" Agentliyi "Bakı-2015"in möhtəşəm bağlanış mərasimi ilə başa çatdığını vurğulayaraq qeyd edir ki, "rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa Oyunları üçün ideal sonluq idi".

İtaliyanın "Corriera dello Sport" qəzeti yazır: "Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı idmanın da tərəqqisinə müsbət təsir göstərir. Bakıda yaradılmış mükəmməl idman infrastrukturu bu şəhərin 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına güclü namizəd olduğunu göstərir". Həmin ölkənin www.ilpost.it xəbər portalı da bu fikrə şərik çıxır: Azərbaycan zəngin dövlətdir. Avropa Oyunları yüksək səviyyədə və əla idman obyektlərində keçirilirdi.

Müxtəlif ölkələrin olimpiya komitələrinin rəhbərləri, məşhur idmançılar və idman mütəxəssisləri də "Bakı-2015" haqqında yüksək fikirdədirlər. Məsələn, Portuqaliya Olimpiya Komitəsinin prezidenti Joze Manuel Konstantinyo birinci Avropa Oyunlarını idman tarixinin yeni və şərəfli səhifəsi adlandırır.

Avstriya Olimpiya Komitəsinin prezidenti Karl Ştoss isə qısa müddətdə Avropa Oyunları üçün heyranedici infrastruktur yaradıldığını qeyd edir.

İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko da bu fikirdədir ki, Bakıdakı yarışlar qüsursuz təşkil olunmuşdu, idman qurğuları yüksək səviyyədə idi. Buna görə də ikinci Avropa Oyunlarını keçirəcək ölkə xeyli çətinlik çəkəcək. Bakıda olan yüksək təşkilatçılıqdan daha üstün nə isə etmək qeyri-mümkün görünür.

Ukrayna MOK-un prezidenti Sergey Bubka: Oyunlar çox möhtəşəm keçdi. Azərbaycan birinci Avropa Oyunlarını gözlənildiyindən də uğurla təşkil etdi. Bu yarışların nəticələri bizim üçün Yay Olimpiya Oyunlarına bərabərdir.

Almaniya Milli Olimpiya Komitəsinin icraçı direktoru Mixael Vesper hər şeyin bütün xırdalıqlar nəzərə alınmaqla çox yüksək səviyyədə hazırlandığını vurğulayır: "Buraya peşəkar təşkilatçılıq, atletlər üçün yaradılan şərait, xüsusilə ev sahibi Azərbaycanın qonaqpərvərliyi daxildir".

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıdakı arenaları London Olimpiadasının idman qurğuları ilə müqayisə edir: "Çox gözəl idman obyektləri inşa olunub, arenalarda ab-hava möhtəşəm idi. Tribunalar tam dolu idi və tamaşaçılar fəal şəkildə dəstək nümayiş etdirirdilər".

Birinci Avropa Oyunlarının hollandiyalı qızıl medalçısı, şose velosipedi üzrə dünya çempionu Ellen Van Deykin fikirləri də A.Jukovun dedikləri ilə üst-üstə düşür: "Bakıda Oyunlar mükəmməl təşkil olunub. Buradakı ab-hava London Olimpiya Oyunlarında olduğu kimidir. Mən bu möhtəşəm idman tədbirinin iştirakçısı olduğum üçün çox şadam".

Beləliklə, bu fikirlərə əsaslanıb qətiyyətlə demək olar ki, Azərbaycan Avropa Oyunlarının Olimpiya Oyunlarına bərabər standartlarını müəyyənləşdirib. Möhtərəm Prezidentimizin təbirincə desək, bu, ən yüksək standartlardır. İkinci Oyunları keçirən ölkə bu standartlara cavab verə biləcəkmi? Artıq gündəmə belə bir sual gəlməkdədir. Birinci xanım Mehriban Əliyeva dünyanı heyran qoyan 17 günü çox gözəl xarakterizə edərək, Prezidentə müraciətlə deyib: "Mən idman leksikasından istifadə edərək deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyil".

"Bakı-2015" və ikili standartlar

"Bakı-2015" bizə hansı hissləri bəxş etmədi? İyunun 17 günündə hər birimiz Oyunların möhtəşəmliyindən qaynaqlanan qürur və fəxarət, idmançılarımızın parlaq qələbələrindən doğan sevinc hissləri yaşadıq. Məğlubiyyətin doğurduğu təəssüf, kədər də öz yerində.

Bununla belə, düşündürücü məqamlar da yox deyil. Biz növbəti dəfə ikili standartların, qərəzli münasibətin, süni şəkildə qızışdırılan əks-təbliğatın hədəfi olduq. Bu haqda söhbəti davam etdirməzdən əvvəl idmanın, xüsusən "Bakı-2015" kimi mötəbər tədbirin siyasi aspektlərinə nəzər yetirmək ehtiyacı yaranır. Qəbul olunmuş və təsdiqlənmiş belə bir fikir var ki, idman hər bir ölkənin ümumi inkişafının göstəricisi, barometridir. Kasıb, zəif, geridə qalmış ölkələr çox nadir hallarda böyük idman nəticələri əldə edə bilirlər. Azərbaycan ilk Avropa Oyunlarında 50 ölkə arasında 2-ci yeri tutdu. İdmançılarımızın inanılmaz uğurları barədə bir qədər sonra ətraflı danışacağıq. İndi isə söhbət ondan gedir ki, tutduğumuz yüksək yer dövlətimizin iqtisadi qüdrətinə, dinamik inkişafına, zəngin potensialına adekvatdır. Yarış cədvəlinin ön sıralarında bizdən başqa kimlər yer alıb? Rusiya, Avropanın ən çox inkişaf etmiş ölkələri - Böyük Britaniya, Almaniya, Fransa və başqaları. Biz 56 medal qazandıq, Ermənistan isə cəmi bir medal. Azərbaycan 2-ci, Ermənistan 36-cı yeri tutdu. Hesablama aparmaq mümkün olsa, görərik ki, bu, eyni zamanda, qüvvələr nisbətinin yarış meydanlarında təzahür edən göstəricisidir.

Bəzi ölkələrin bəlkə 100 ilə keçdiyi yolu Azərbaycan cəmi 24 ilə keçib. Qitə miqyaslı yarış bizə imkan verdi ki, ölkəmizin bu qısa müddətdə topladığı iqtisadi gücü və potensialı dünyaya nümayiş etdirək. Bədxahlarımız bunu dərhal bizə irad tutmağa başladılar ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Prezident İlham Əliyevin bu fikrə münasibəti diqqət çəkir: "Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, bu səviyyəli tədbirləri keçirmişlər, onlar da özlərini göstərmək istəmişlər. Yəni, burada heç bir qəbahət yoxdur".

Digər tərəfdən, gərək nəyinsə olsun ki, dünyaya göstərə biləsən. Bu mənada, bir qədər əvvəl qeyd etdiyim kimi, bizim göstərə biləcəyimiz kifayət qədər nümunə var. Əlavə olaraq, onu deyə bilərik ki, Azərbaycan özünü dünyaya, eyni zamanda müasir və modern, demokratik dəyərlərə sadiq, dinamik və hərtərəfli inkişaf edən dövlət, xalqımız isə milli kökünə, tarixinə bağlı bir xalq kimi göstərə bilib.

Azərbaycan onsuz da ikili standartlara zaman-zaman məruz qalmış, qeyri-obyektiv, qərəzli yanaşmanın ağrı-acısını yaşamış bir ölkədir. Bu, özünü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən tutmuş "Eurovision" mahnı müsabiqəsinədək, demokratiya və insan haqlarından başlamış birinci Avropa Oyunlarınadək ən müxtəlif məsələlərdə büruzə verir. Biz "Bakı-2015"in siyasiləşdirilməsi cəhdlərinin şahidi olduq. Əslində bu, bir o qədər də gözlənilməz deyildi. Azərbaycanın müstəqil siyasət yeritməsi, fövqəldövlətlərin iradəsinə boyun əyməməsi yəqin ki, ikili standartlara rəvac verən amillər sırasındadır. Bu qarayaxma kampaniyasında erməni lobbisi və onun təsiri altında olan siyasətçilər, KİV və QHT-lər xüsusi fəallıq göstərdilər. Maraqlıdır ki, hədəf həm də Avropa Olimpiya Komitəsi idi.

Gözlənildiyi kimi, kampaniya artıq səngimək, dayanmaq üzrədir. Amma yaxşı da, pis də tarixdə qalır və gec-tez layiq olduğu qiyməti alır.

Anti-Azərbaycan təbliğatında Almaniyanın bəzi KİV-lərinin göstərdiyi canfəşanlıq da diqqətdən yayınmır. Bundan doğan təəssüf hissləri ilə bərabər, təsəlliverici hal odur ki, qərəzkarların cavabı özünü çox gözlətmədi. Cavab elə Almaniyanın özündən gəldi. Nüfuzlu "Berlinertageszeitung" qəzeti bu kampaniyanı belə səciyyələndirir: "Təəssüf ki, bu, alman mediasının tənqidindən çox, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasıdır. Halbuki, Azərbaycana qarşı insan haqları ilə bağlı ittihamların irəli sürülməsinə heç bir səbəb yoxdur". Azərbaycanın iqtisadi inkişafından, Dünya İqtisadi Forumunun son hesabatında iqtisadi rəqabət qabiliyyətliliyinə görə 38-ci pillədə qərarlaşmasından bəhs edən qəzet yazır ki, bu ölkədə keçirilən ilk Avropa Oyunlarının idman tədbiri olaraq siyasiləşdirilməsi əsassızdır.

Yaxud "Neurope.eu" saytının yaydığı "Avropa Oyunları: idman, yoxsa siyasət yarışı?" sərlövhəli məqalədə də birinci Avropa Oyunları ərəfəsində Azərbaycanın üzləşdiyi haqsız təzyiqlər, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası kəskin tənqid olunur.

Belə misallar çoxdur və bir yazıya sığışmaz.

Dünyanın haqsızlıq, ikili standartlar üzərində qurulmasına, bu ədalətsizliyə ən çox məruz qalan ölkələrdən biri olmasına baxmayaraq, Azərbaycan təmkinini itirmir, müstəqil siyasət yeritməkdə davam edir. Çünki Azərbaycan kiminsə sədəqəsinə göz dikən dövlətlərdən deyil ki, ona təzyiq göstərmək mümkün olsun. Birinci Avropa Oyunları tutduğumuz yolun düzgünlüyünü nümayiş etdirən misilsiz vasitə oldu, öz möhtəşəmliyi ilə bədxahların niyyətlərini puça çıxardı.

Azərbaycan idmanının triumfu

İqtisadi-siyasi, sosial-psixoloji aspektlərinə baxmayaraq, "Bakı-2015" ilk növbədə idman bayramı, yarış və mübarizə meydanı idi. Nəhayət, ona məhz bu nöqteyi-nəzərdən yanaşmaq məqamına gəlib yetişdik.

Biz idmançılarımızın yüksək yer tutacağına, ev sahibi ölkənin vətəndaşları kimi əzmlə, fədakarcasına yarışacaqlarına əmin idik. Amma ikinci olacağımızı gözləmirdik. İnanmazdıq ki, medallarımızın sayı 50-ni ötəcək: 21 qızıl, 15 gümüş, 20 bürünc - nəticənin bu qədər yüksək olacağı təsəvvürümüzə gəlməzdi. Bu, baş verdi və tarixə sözün əsl mənasında Azərbaycan idmanının triumfu, dövlətimizin qələbəsi kimi yazıldı. Güləşçilər, boksçular, gimnastlar idman tariximizə parlaq səhifələr yazaraq, bizə sonsuz qürur və fərəh bəxş etdilər.

Əlbəttə, idman təkcə sevinc və qürur hisslərindən ibarət deyil. Kədərləndiyimiz, qızıl medalın əldən çıxmasına təəssüfləndiyimiz, həyəcanlandığımız anlar da oldu. İdman elə müxtəlif hissləri coşdurduğu üçün gözəldir, məhz buna görə milyonları özünə cəlb edir. Azərbaycan və Türkiyə qadın voleybolçularının yarımfinal oyununu yada salın. Görüşün taleyi sonuncu setdə - taybrekdə həll olundu. Voleybolçularımızın uduzması bizi kədərləndirdi, çox təəssüfləndik. Amma etiraf etmək lazımdır ki, bu, qələbəyə bərabər məğlubiyyət idi. Türkiyə qadın voleybolunda Avropa lideridir. Buna baxmayaraq, həmvətənlərimiz sonadək mübarizə apardılar, liderə layiqincə müqavimət göstərdilər. Mütəxəssislər haqlı olaraq bu oyunu erkən final adlandırdılar.

Bu və digər məqamlar, idmançılarımızın fədakarcasına yarışması, qazanılan qələbələr tamaşaçı sayına da öz təsirini göstərirdi. Yarışların sonrakı günlərində arenalara bilet dərhal satılıb qurtarırdı.

"Bakı-2015" bir çox təsirli səhnələrlə də yadda qaldı. İkiqat paralimpiya və dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyevin birinci Avropa Oyunlarındakı qələbəsi, Prezident İlham Əliyevin onunla fəxri kürsüdə yanaşı dayanması qəlbi riqqətə gətirən hadisələrdəndir. Prezidentin, birinci xanımın yarışları birbaşa arenalarda izləməsi, qaliblərə medalları şəxsən təqdim etmələri də diqqət çəkir və xarici KİV-lərdə əksini tapırdı. İdmana və idmançılara dövlət qayğısının təcəssümü kimi qiymətləndirilirdi.

Şübhəsiz ki, ilk Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana verilərkən idmançılarımızın son illər qazandıqları nailiyyətlər də nəzərə alınıb. Dünyanın ən mötəbər idman tədbiri olan Yay Olimpiya Oyunlarının nəticələrinə nəzər salmaq kifayətdir. Son Olimpiadada Azərbaycan dünya üzrə 30-cu, Avropa ölkələri arasında isə 15-ci yeri tutub. Eyni zamanda, idmançılarımızın yeni nəsli yetişməkdədir. Ötən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandasının 10-cu yerə yüksəlməsi idmanımızın daha parlaq gələcəyindən xəbər verir. "Bakı-2015" bunun müjdəçisi oldu.

İlk Avropa Oyunlarını, eyni zamanda, Azərbaycan mediası üçün də ciddi sınaq və təcrübə saymaq olar. AZƏRTAC-ın taleyinə Oyunların rəsmi media tərəfdaşı olmaq xoşbəxtliyi yazıldı. Əməkdaşlarımız ölkəni gəzib dolaşan məşəl estafeti ilə yanaşı addımladılar, yarışların ilk dəqiqəsindən son anınadək arenalardan operativ xəbərlər hazırlayaraq ölkəyə və dünyaya yaydılar. Təkcə bir faktı qeyd etməyi yetərli sayıram: AZƏRTAC Oyunların keçirildiyi 17 gündə 7 dildə 4 mindən çox xəbər, yüzlərlə videosüjet hazırlayaraq yayıb. Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun, əməliyyatlar üzrə baş direktor Saymon Kleqin, mətbuat əməliyyatları şöbəsinin direktoru Ceyn Pirsin bir tərəfdaş olaraq işimizdən razılıq etmələri, peşəkarlıq səviyyəsini yüksək qiymətləndirmələri bizi qürurlandırır. Eyni zamanda, sevinirik ki, "Bakı-2015"in dünyaya səs salan uğurunda AZƏRTAC-ın da özünəməxsus rolu və iştirakı olub. ​

X X X

Qeydlərimi kiçik bir sitatla tamamlamaq istərdim.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki: "Bu Oyunlar bütün gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu. Sarsılmaz və ruhlandırıcı tədbirin əsası qoyuldu".

Bu sözlərin Avropa idmanının rəhbərindən və dünya idman aləminin görkəmli simalarının birinin dilindən səslənməsi olduqca qürurvericidir. Deyilənlərə yalnız onu əlavə etmək qalır ki, ilk Avropa Oyunları hələ uzun müddət Azərbaycanın, hər bir həmvətənimizin böyük qürur hissi keçirməsi üçün əsas olacaq.

Beləliklə, Avropa Oyunlarının qədim "Atəşgah" məbədində yandırılmış məşəli öz nurlu işığını bütün dünyaya yaydı.

Bu işığı Odlar Yurdu Azərbaycan yandırdı.

Avropa Oyunları geridə qaldı - növbəti hədəf Olimpiya Oyunlarıdır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti