...

Həccə gedəndə özümlə 4 kəfən aparmışdım - Hacı "Toppuş bacı"

Mədəniyyət Materials 16 Dekabr 2010 18:26 (UTC +04:00)
Trend-in Azərbaycanın əməkdar artisti, tanınmış yumorist akrtisa Tünzalə Əliyeva ilə müsahibəsi
Həccə gedəndə özümlə 4 kəfən aparmışdım - Hacı "Toppuş bacı"

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Ş.Cavadsoy/

 Trend-in Azərbaycanın əməkdar artisti, tanınmış yumorist akrtisa Tünzalə Əliyeva ilə müsahibəsi

- Tünzalə xanım, adınızın, titullarınızın sırasına biri, deyərdim ki, ən şərəflisi əlavə olundu - Hacı xanım. Tamaşaçılara hər zaman sevinc bəxş edən insan, "Toppuş bacı" obrazını canlandıran aktrisa kimi, Hacı xanım fəxri adını necə daşıyırsınız zərif çiyinləriniz üzərində?

- İnanın, son zamanlar çox düşünürəm bu barədə və deyirəm ki, Müqəddəs Kəbəni ziyarət etməyim Allahın bir vergisi idi sanki. Çox çətin bir missiya var idi çiyinlərimdə. Yəni hacı adını qazanmağın özü çətin bir iş idi. Və bu dəqiqə kimsə mənə təklif etsə ki, səni təkrarən həmin müqəddəs torpaqlara göndərim, cavabım "yox" olar. Ən azı bir il vaxt lazımdır ki, özümü növbəti dəfə bu böyük ziyarətə hazır bilim. Düzdür, Kəbəni ziyarət etdiyim zaman vacib əməllərin hamısını qrup rəhbərimizin dediyi kimi yerinə yetirdim. Amma məncə, məsuliyyətli işi çiyinlərin üzərində daşımaqdan ötrü bir az da "böyümək lazımdır". Söhbət daxilən boyüməkdən gedir. Daxilən təkmilləşmək əsas şərtdir. Kor-koranə Məkkəyə getmək olmaz. Gedəndə bilirdim ki, hara gedirəm. Səfər hazırlığında olarkən möhkəm qorxu hissi yaşayırdım. Bir, bəlkə də iki ay anlamırdım ki, mən nə səbəbdən qorxurdum. Qorxurdum ki, birdən Həcc əməllərini yerinə yetirə bilmərəm. Hər hansı əməli etməyi nəzərə almıram. Sohbət ondan gedir ki, birdən nəyisə düzgün etmərəm. Birdən bu ağırlıq boynuma duşər və mən Allah yolundan geri çəkilmək haqqında düşünərəm. Tanrı da bunu qəbul etməz. Ən əsası bu idi.

- Məkkəyə Sizi kim göndərdi, yoxsa bu sirdir?

-Yox, sirr deyil. Mən bunu dəfələrlə demişəm. Məni, Həccə müğənni Yusif Mustafayev göndərdi. Səbəbini tam açıqlamaq istəmirəm, bu sirr olaraq qalsın. Verilişimdə qonaq idi, biz doğma insanlar kimi söhbət edirdik, müqəddəs torpaqları ziyarət etmək istəyim barədə ona deyəndə, gözləmədiyim məqamda müsbət cavab eşitdim. Yusif müəllim dedi ki, mən səni Həccə göndərərəm. Sonra öyrəndim ki, onun boynunda kimisə Kəbəyə göndərmək haqqı var idi. Bu xoş niyyəti də mənim qismətim oldu.

- Hacı xanım olmamışdan əvvəlki həyatınıza nəzər salsaq nələr görərik? İç dünyanızda hansısa dəyişikliklərin baş verdiyinin fərqinə varmısınızmı?

- Məncə ilk növbədə səbrim çoxalıb. Ümimiyyətlə, xaraktercə səbrsizəm. Axırda deyilməli olan sözu əvvəldə deyənlərdənəm. Müqəddəs torpaqdan gələndən bəri üzərimə, boynuma düşən yükləri səbrlə, belə demək mümkündürsə, ağılla yerinə yetirməyə çalışıram. Ən birincisi, Kəbə evi mənə böyük səbr verdi. Hərdən düşünurəm ki, ziyarət zamanı orada mən beş gün səhradakı çadırlarda necə yata bildim? Ziyarətdə olmuş zəvvarlar bilirlər ki, çadırlar necə isti olur. Mən bir dəfə Kəbənin üstundəki şkalaya baxdım, 58 dərəcə isti var idi. Köklüyüm, kəfənə bürünməyim və bunlara baxmayaraq vacib əməlləri 58 dərəcə istinin altında yerinə yetirmək çox çətin idi. Səbrli olub hər bir əməlin öhdəsindən lazımınca gəldimsə, deməli, məndə çox böyük səbr formalaşmışdı.

- Bildiyimiz qədər ziyarətdə tək deyildiniz. Aktyor dostlarınızdan biri Rafael İsgəndərov da Sizin qrupda idi.

- Bəli, aktyorlardan Rafael də bizimlə birgə idi. Eyni hoteldə bir mərtəbə də qalırdıq. Bilməyənlərə deyim ki, Rafaellə biz Mədəniyyət və İncəsənət Universitetində bir yerdə oxumuşuq. Dostluğumuzun tarixi uzun illərə söykənir. Hər gün göruşməsək də, ildə bir neçə dəfə oturub-dərdləşirik. Oxucular üçün maraqlı olacağını bildiyim üçün demək istəyirəm ki, ziyarət zamanı Rafaelin bəzi görünməyən müsbət tərəflərini özüm üçün kəşf etdim. Onu Allahı çox sevən bir insan kimi tanıdım. Həddən artıq səbrli, komək əlini insanlardan əsirgəməyən  xüsusiyyətləri məni heyran etdi. Hər gününü ibadətlə keçirib, Allah mərhəmətinə sığınmışdı. Halal olsun ona!

- Yəqin ona öz adı ilə yox, "hacı" deyə müraciət edirsiniz?

-Bəli, görüşəndə ikimiz də bir-birimizə "hacı" deyirik. Və bu mənim çox xoşuma gəlir.

- İstər Rafael, istərsə də küçədən keçən tanımadığınız bir insan Sizi görüb "Hacı xanım" deyəndə nə hisslər keçirirsiniz? Axı çoxları öz adınızı - Tünzaləni unudub, Sizə "Toppuş bacı" kimi səslənirlər.

- Hacı xanım olduğumu bilənlər elə bu adla mənə müraciət edirlər. İnsanlar məni bu cür çağıranda gözəl hisslər keçir ürəyimdən. Bu elə hisslərdir ki, onu sözlə ifadə etməkdə çətinlik çəkirəm... Baxın, mənim arzum idi ki, mən Müqəddəs Kəbənin divarlarına əl vurum. Dövrə vurduqca təvaf edirdik. Fırlandıq, fırlandıq, artıq yeddindci dəfə bunu edəndə başım hərləndi, var gücümlə qışqırıb, dəfələrlə Allahu-Əkbər, Allahu-Əkbər sözlərini dedim. İçimdə hayqırırdım ki, Allahım mənə kömək et ki, mən əlimi vurum o evin divarlarına. Həmin vaxt yanımda dörd nəfər var idi. Təsəvvür edin ki, mən qabaqda, onlar isə arxamda idilər. Bir anın içində izdiham yaradan insanlar aralandı. Bunu sözlərlə başa sala bilmirəm, yalnız görmək lazım idi o mənzərəni. İnsanlar aralandı, biz sakitcə yaxınlaşıb əlimizi vurduq divarlara. Daşı öpüb, Allahın böyüklüyünə səcdə edib, ürəyimdən keçən arzunun yerinə yetdiyinə sevindim. Arzum reallaşandan sonra izdihamdan çıxdıq və mən bir neçə dəqiqə danışa bilmədim, nitq qabiliyyətimi itirdim. Yanımdakılara başa salmaq istəyirdim ki, mən çox sevinirəm ki, əlimi müqəddəs divarlara vurdum. Dediyim kimi, dilim tutulmuşdu. Əllərim əsirdi. Həmin an məni təpədən-dırnağa qədər soyuq tər bürümüşdü. Axı mən Kəbə divarına əl vurmuşam. Digər üzləşdiyim qeyri-adi hadisə isə qurban kəsdiyimiz anda oldu. Qoyunlardan birini Yusif Musatafayevin adından kəsdik, pulunu özü vermişdi. Kəsdik də. Qara bir quzu var idi, onu da mən qurbanlıq etməyə qərar verdim. Üzünə baxıb dedim ki, səni kəsirəm Allah yolunda. Həmin quzunu yanıma gətirdilər. Gözlərində o qədər məsumluq var idi ki, hələ də xatirimdən çıxmayıb. Quzu baxdı üzümə, yavaşca dizüstə çökdü, başını qoydu ayaqlarımın üstünə. Bizə rəhbərlik edən Hacı Tağı baş verənlərin şahidi idi. Əslində möcüzələrdən biri də o idi ki, qadınları həmin məkana buraxmırdılar, amma mən Allahın izni ilə həmin yerə daxil ola bilmişdim. Hacı Tağı quzunun başını ayaqlarımın üstünə qoymasını görüb, təəccüblü baxışlarla mənə dedi ki, "diqqətlə bax və gör, quzu sənin ayaqlarına təzim elədi". Bu da Allahın mənə bəxş etdiyi qismət payı oldu.

- Daim tamaşıçılar qarşısında başqa bir ampluada çıxış etmisiniz, yəni sırf komik aktrisa kimi. Belə demək olarmı ki, Tünzalə fitri istedadını məhz Allah  tərəfindən ona verilən vergi kimi qiymətləndirir. Asanlıqla başa düşmək olur ki, Ulu Yaradanla aranızda heç bir pərdə yoxdur.

- Daxili dünyamda Allahıma o qədər eşqim, məhəbbətim var ki, hicab geyinməsəm də, lap Həcc ziyarəti mənə qismət olmasaydı belə, ailə üzvlərim, başqa tanıyanlar bilirlər ki, gördüyüm yuxular, ilahi qüvvələrdən aldığım xəbərdarlıqlar Tanrı ilə aramızda olan bağlılıqdan xəbər verir. Bir də ki, mən  kiməm ki? Adi Allah bəndəsi. Digər tərəfdən onu qeyd etmək istəyirəm ki, Allahımı həmişə öz başım üzərində hiss etmişəm, bu gün də hiss edirəm. Yəni mən bəzən əvvəlcədən başıma gələcək pis və ya yaxşı hadisələrdən xəbərdar oluram. Bir bağlantı var Rəbbimlə mənim aramda. Doğrudur, çox istəyirdim ki, başımı bağlayım, hicaba keçim. İnanın, bu gün də bunu çox istəyirəm. Amma əfsuslar olsun ki, həyat tərzim, sırf məşğul olduğum sənətim bu addımı atmağıma mane olur. Əgər, haradasa icazə versəydilər ki, hicabla efirlərə çıxar, vallah məmnuniyyətlə başımı bağlayardım. Dediyim kimi, bunu edə bilmirəm. Bircə qapanmadığım üçün Allahın qarşısında özümü günahkar hesab edirəm.

- Ziyarətiniz zamanı Tanrıdan nə istədiniz?

- Həmişə dua edəndə, birinci növbədə, bütün dünya müsəlmanları üçün dua edirəm, sonra özum üçün. Həyat devizim belədir ki, qoy birinci qohum, qonşu, tanışım üçün yaxşı olsun, sonra mən özümə gün ağlayaram. Bilirəm ki, bunun savabı daha çoxdur. Ona görə də Kəbə evində olanda da hər kəsin - hətta görürdüm ki, vaxt çatmır, kiminsə adını çəkə bilmirəm, deyirdim ki, ey Rəbbim, kim ki, mənə salam verir, məndən salam alır, kimə hər gün mən salam verirəm, onların köməyi ol.

- Nəçə ildir ibadət edirsiniz?

- Bilmirəm dəqiq nə qədərdir. Haradasa 10 il olar.

- Amma gizli saxlayırdınız bu əməlinizi. Nə üçün bildirmirdiniz?

- Səbəbi yoxdur. Sadəcə, xüsusi olaraq açıqlamağı da lazım bilmirdim. Onsuz da məscidlərdə namaz qılmağa gedəndə çoxları ibadət əhli olduğumdan xəbərdar olub.

-Demək, hər gün namazlarınızı vaxtlı-vaxtında qılırsınız?

- Yalan danışmağı sevmirəm, hər gün namaz qılmaq kimi imkanım olmur. Məsələn, az əvvəl "Sehrli çıraq" verilişinin canlı yayımı bitdi, mən də iki saata yaxın efirdə idim. Təbii ki, bu günün günorta namazını qıla bilmədim. Qəzalarım üst-üstə yığılır. Əslində bu məni çox incidir. Fürsət düşdükcə ibadətimdən qalmıram.

-Bəs, İslam dininin xüsusi günlərində ibadətə necə vaxt tapırsınız?

- Xususi günlərdə, Məhərrəm və Ramazan aylarında elə olur ki, hansısa gecəni məsciddə qalıb ibadət edirəm. Bu il heyif ki, Ramazan ayının Əhya gecələrində məsciddə qala bilmədim. Bu da səhhətimlə əlaqədar idi.

- Bayaq özünüz vurğuladınız ki, ATV-də yayımlanan "Burda və İndi" şousunda "Toppuş bacı" obrazı ilə paralel olaraq, Siz həm də "Space TV"də yayımlanan "Sehrli çıraq" tele-oyununa aparıcılıq və "Space" ekranlarında yenicə nümayişinə başlanan "Kim nə bacarır?" şousunda münsiflərdən biri kimi çıxış edirsiniz. Müsahibəniz oxucularımıza Aşura günü təqdim olunacaq. Dekabrın 16-da efirə çıxacaqsınızmı?

- Xahiş etmişəm ki, heç olmasa Aşura günü efirdə olmayım. (Verilişin yaradıcı heyətindən öyrəndik ki, müsəlmanların hüznlə qeyd etdiyi Aşura günü "Sehrli çıraq" nümayiş olunmayacaq. - Ş.C.)

- Bu da o anlama gəlir ki, Siz Məhərrəm ayının müəyyən günlərində efirə çıxmayacaqsınız...

- Əlbəttə, buna çalışacağam. Tanıyanlar, mənə hörmət edən insanlar, hacı bacı-qardaşlarıma məlumdur ki, Məhərrəm ayının ağır günlərində əzamı saxlamağa çalışıram. Lakin az əvvəl dediyim kimi, çox əfsuslar olsun ki, verilişin formatı və həyat tərzim sizin fikrinizlə tərs mütənasiblik təşkil edir.

- Siz  Məkkədə olanda çox üzücü bir xəbər də yayıldı. Söhbət yaxın dostunuz, yumor ustası Coşqun Rəhimovun boğazından cərrahiyyə əməliyyatı keçirməsindən gedir. Az əvvəl reklam blokunda "Bu şəhərdə"nin anonsları yayımlanırdı. Və siz də o kadrlara baxanda "can, ay Coşqun, can" dediniz. Yəqin ki, Coşqunun başına gələn xoşagəlməz hadisə Sizə mənfi təsir göstərmişdi...

- Məkkədə olduğumuz vaxt, ilk əvvəl Rafael məndən gizlətdi bu xəbəri. Bir oğlan var idi qrupumuzda, hamı onu "şüvən" deyə çağırırdı, elə adına uyğun şəkildə də qəfildən yaxınlaşdı və dedi ki, "xəbərin var da, Coşqun əməliyyat olunub!" Eşitdiyim sözlərin təsiri altında sanki divara yapışdım. Əslində Coşqun bizi yola salanda bir az xəstə idi. Dedilər ki, əməliyyat olunacaq. Güman edirdim ki, adi zobdur, əməliyyat olunacaq, vəssəlam. Mən belə bilirdim. O, oğlan mənə yaxın dostumun boğaz xərçəngindən əməliyyat olunduğunu deyəndə, az qaldı ki, huşumu itirim. Dostlarım ağlamağımı da kəsə bilmirdilər. Bizim qrup rəhbərimiz gəlib, mənə qara xəbəri çatdıranı xeyli danladı. Vəziyyətim isə çox pis idi. Buna baxmayaraq, var gücümü toplayıb otaqdan çıxdım, hoteldən qaçırmış kimi taksi tutub getdim Kəbəyə. Coşqun üçün iki rükət namaz qıldım, onun uçun dua etdim.

- Bakıya qayıtdıqdan sonra görüşdünüzmü onunla?

- Xeyr, görüşməmişik. Açığı istəmirəm ki, kimsə Coşquna "xəstəsən" desin. Çünki mən özüm xəstə olanda yanıma gələn insanlar "sən xəstəsən, sən xəstəsən" deyəndə psixoloji durumum pozulur. O, özü bilir ki, xəstədir. Bu elə bir xəstəlikdir ki, mən çox axtardım, araşdırdım, oxudum. Bu xəstəliyin ən yüngül formasıdır. Və bundan əziyyət çəkən insanlar normal yaşayırlar. Coşqunla biz həmyaşıdıq. İkimizin də 38 yaşı var. Mən onun üçün Allaha dua edəndə hər zaman deyirəm ki, mənim övladım yoxdur, ailəm yoxdur, mənim uçun o qədər çətin deyil haqq dünyasına qovuşmaq. Ancaq Coşqunu övladlarına bağışla. Heç olmasa övladlarının toyunu nəsib et əziz qardaşıma, nəvələrini görsün (Bu məqamda çöhrəsindən heç zaman gülüş əksik olmayan "Toppuş bacı"nın gözləri yaşarır. Özünü sıxıb ağlamasa da, əziz dostunun xətrini çox istədiyini, sözlərlə dilə gətirməyə çalışırdı. -Ş.C.) İnanıram ki, bu belə də olacaq. Onsuz da biz hamımız Sənin rizanla gəlmişik bu dunyaya, Sən bizə nə qədər ömür vaxtı qoymusansa, onda da dünyamızı dəyişəcəyik, ey Ulu Tanrım. Hər birimiz ölümü sevə-sevə qəbul etməliyik. Şəxsən mən, olümüm nə vaxt gələcəksə, dəyəcəyəm ki, çox şükür Allahım, demək getmək vaxtım yetişib.

- Hələ də ailə qurmamaqda iddialısınız. Övladınızın yoxluğundan da sanki şikayətlənirsiniz. Bildiyim qədər, qarşınıza çox yaxşı bir insan çıxmışdı. Ortada hətta ciddi bir evlilik təklifi də var idi. Niyə subaylığın daşını atmırsınız, nə vaxta kimi "sultanlıq" etməyi düşünürsünüz?

- Nə bilim? Ərə getməklə bağlı sizdən nəsə gizlətmək niyyətim yoxdur. Bəxtim nə vaxt açılacaqsa, o zamana qədər də gözləyəcəyəm.

- 2010-cu ili Sizin üçün çox uğurlu il kimi qiymətləndirmək olar - Allahın evini ziyarət etdiniz. Bəlkə 2011-ci ildə də ailə səadətinə qovuşacaqsınız?

- İnşallah, inşallah. Təki Allah qismət etsin, siz deyən olsun (gülümsəyir). Xoşbəxtlik üçün ailə qurmaq mütləqdir. Məkkə ziyarətində olanda, etdiyim dualardan biri də o oldu ki, ey Allah, ana olmayanlara övlad qismət elə. Bütün qızlarımızın bəxt qapısı tezliklə üzlərinə açılsın - içində özüm də olmaq şərtilə.

- Növbəti sualımız "Burda və İndi" verilişində görünməməyinizlə bağlıdır.  Efirə qayıtmaq fikriniz yoxdur?

- Həcc ziyarətində olduğuma görə 2-3 həftə verilişə çıxmadım. Əksər tamaçılarda elə fikir formalaşdı ki, guya mən layihədən ayrılıb getmişəm. Dəfələrlə əsas aparıcı Dilarə Əliyeva efirdən söyləmişdi ki, "Toppuş bacı" mütləq qayıdacaq. Gedişim çox sakit olduğu kimi, qayıdışım da elə oldu. İlk dəfədir ki, sizə müsahibə verirəm. Bir də ki, bu ziyarət mənim özüm, daxil dünyam üçün, Allaha daha yaxın olmağım üçün idi. Bilənlər bilir, bu müsahibə dərc olunandan sonra da məlumatı olmayanlara efirdən uzaq düşməyimin əsl səbəbi məlum olacaq.

- Demək, "Toppuş bacı" ampluasında hələ də qalacaqsınız?

-Bəli, bəli. Artıq yeni çəkilişdə olmuşam. İnşallah, həftənin bazar günü efirdə yayımlanacaq.

- Söhbətimizi klassiklərdən birinin yazdığı bir parça şeirlə yekunlaşdırmaq istəyirəm. Bir vaxtlar dünyada Yəmən sultanlığı olub ki, onun varidatını xərcləməklə bitirmək çox müşkül olub. Şeirdə belə bir hissə var:

Yəmən sultanının baxdım qəbrinə,

Bir kəfən çıxarıb uzatdı mənə.   

Dedi nə gülürsən, ey binəva, hey,

Dünyadan köçərkən bu qalıb mənə.

Sizdən, müsəlman xanım kimi soruşmaq maraqlıdır. Kəfən haqqında düşüncələriniz necədir? Sözümün canı ondadır ki, hər bir müsəlman göz önünə gətirməlidirmi ki, dünya fanidir? Bəlkə də sonda bu sualı verməməliydim...

- Əslində çox xoşuma gəldi bu sualınız. Mən müqəddəs torpaqlara ziyarətə getməmişdən öncə, İslam dinini mükəmməl bilən insanlardan bir neçəsinə zəng edib soruşdum və eşitdiyim cavab o oldu ki, səfərim zamanı ağ libasda olmağım daha yaxşı olar. Açığı kəfən sözünü mənə demədilər ki, birdən əhvalım korlanar. Öncə hazır satılan bir ağ paltar aldım, lakin ürəyimə yatmadı. Özüm mağazalardan birinə gedib, satıcıdan kəfənlik parça istədim. Aldım və dərziyə verib 4 kəfən paltarı tikdirdim. Gizlətməyin nə adı var? Mən kəfənimi ozümlə aparmışdım. Çunki yola düşməmişdən öncə qrup rəhbərimiz də iclas edib hamımıza dedi ki, hər an ölümümüzü göz önünə gətirməliyik. Onun üçün də götürdüyüm kəfənlərim  gedib-gələnə qədər mənimlə bərabər idi.

- Elə olur ki, bəzi insanlara kəfən də qismət olmur. Allah göstərməsin, kimi təyyarə partlayanda meyiti ələ gəlmir, kimi də dənizdə boğularaq balıqlara yem olur...

- (öncə susaraq) Bəli, kəfən heç də hamıya qismət olmur. Nə xoşbəxtdir o insanlar ki, onlar müsəlman kimi toprağa kəfənlə gömülürlər. 

- Hacı xanım, bayaqdan üzünə baxıram, gözlərin deyir ki, xoşbəxtsən. Qoy, bu xoşbəxtlik həmişə çöhrəndən əskik olmasın. Minlərlə tamaşaçıya xoş dəqiqələr, bol-bol gülüş, sevinc bəxş edən insan kimi, qoy, Allah-Təala Sizə daim şad günlər nəsib etsin!

- Cümləmizə inşallah. Şadam ki, tanıyıb-tanımamağımdan asılı olmayaraq, insanlara sevinc bəxş edirəm. Bu missiyam mənə yaşayıb-yaratmaq üçün yeganə stimul mənbəyimdir... Hamımıza xoşbəxtlik arzulayıram!

Xəbər lenti

Xəbər lenti