...

Türkiyənin pop-ulduzu Hadisə: "Mən həm də azərbaycanlıyam" (FOTO)

Mədəniyyət Materials 20 İyul 2011 18:38 (UTC +04:00)
Türkiyənin Mersin şəhərinin Silifke rayonunda TÜRKSOY-un dəstəyi ilə keçirilmiş türkdilli dövlətlərin 38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsində konsert verən son müğənni "Eurovison 2009"-da fərqli performans sərgiləyən Hadisə Açıkgöz oldu.
Türkiyənin pop-ulduzu Hadisə: "Mən həm də azərbaycanlıyam" (FOTO)

Türkiyə, Mersin, 20 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Türkiyənin Mersin şəhərinin Silifke rayonunda TÜRKSOY-un dəstəyi ilə keçirilmiş türkdilli dövlətlərin 38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsində konsert verən son müğənni "Eurovison 2009"-da fərqli performans sərgiləyən Hadisə Açıkgöz oldu. Festivalın bağlanış gecəsi olduğu üçün tamaşaçıların sayı təqribən 20 mini ötüb keçmişdi. Azərbaycana xüsusi diqqəti ilə seçilən müğənni səhnədən həmyerlimiz Cəlal Abbasovun mədəniyyət həftəsi çərçivəsində keçirilən mahnı müsabiqəsində birincilik qazanmasını sevinclə vurğuladı.

"Mən həm də azərbaycanlıyam. Bu sözləri deyərkən, hədsiz qürurlanıram. Bakıda olanda əsla qəribçilik hissi yaşamıram. Orada məni sevən minlərlə pərəstişkarımın olduğunu bilirəm. Qazandığım yaxşı dostlarım sayəsində Azərbaycana hər gəlişim mənim üçün bayrama çevrilir. Türkiyə və Azərbaycan qanı bir, canı bir qardaş ölkələrdir. Var olsun türkcə danışan bütün doğmalarım", - Hadisə belə dedi.

Səhnədə canlı orkestr və rəqs qrupunun müşayiəti ilə möhtəşəm şou göstərən Açıkgözün konserti 2 saat davam etdi. Razılaşmaya əsasən, media mənsublarına yalnız 15 dəqiqə ərzində səhnədən çəkiliş aparmağa icazə verilmişdi. Şəxsi tanışlığımız və qonaq olduğumuz üçün xoş olmayan şərtlər Trend-in fotokamerasına şamil edilmədi.

Bəs görəsən, Bakıda hələ də "Düm tək-tək" mahnısı ilə sevilən müğənni yolunu nə zaman Azərbaycandan salacaq? Bu suala cavab tapmaq üçün müğənninin bacısı, həm də meneceri Hülya xanıma müraciət etdik. "Hadisənin səhnədə söylədikləri həqiqətdir. Həqiqətən də biz Bakıya hər gəlişimizdə mehriban insanların sevgisi ilə əhatə olunuruq. Bacımın Azərbaycanın populyar bəstəkarı Emil Şahinlə yaradıcılıq əməkdaşlığı var. Emilin yazdığı "Follow my way" mahnısı yeni aranjimanda hazırlanır və Hadisənin ifasında dinləyicilərə təqdim olunacaq. Hazırlıq işləri son mərhələdədir. Yaxın vaxtlarda ya Emil İstanbula gələcək, ya da biz Bakıya yollanacağıq. Emillə Hadisənin əməkdaşlığı təkcə bununla bitmir. Gələcək üçün çox fərqli ideyalar var ki, onları da zaman-zaman həyata keçirəcəyik", - Hülya belə dedi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti