...

Trend-in qonağı 70 yaşlı "gənc" Ağaxan Salmanlıdır: "Həm təəccüblüdür, həm də dəhşətli…" (VİDEO-FOTO)

Mədəniyyət Materials 29 Oktyabr 2011 13:55 (UTC +04:00)
Bu aktyor təkcə görkəmli səhnə ustası deyil, həm də parlaq şəxsiyyət, səmimi insan, oktyabrın 29-da nə az, nə çox, düz 70 yaşı tamam olan Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycanın xalq artisti Ağaxan Salmanlıdır.
Trend-in qonağı 70 yaşlı "gənc" Ağaxan Salmanlıdır: "Həm təəccüblüdür, həm də dəhşətli…" (VİDEO-FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir V.İmanov/

Bu aktyor təkcə görkəmli səhnə ustası deyil, həm də parlaq şəxsiyyət, səmimi insan, oktyabrın 29-da nə az, nə çox, düz 70 yaşı tamam olan Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycanın xalq artisti Ağaxan Salmanlıdır. Trend-in oxucularına utancaq oğlanın mühasibdən necə aktyora çevrilməsindən, unudulmasından və "Qorxma, mən səninləyəm! 1919" filmindəki yeni rolu haqqında danışdığı yubilyarla müsahibəni təqdim edirik.

- Ağaxan müəllim, Sizi yubiley münasibətilə təbrik edirik. Sizə baxanda 70 yaş vermək olmur. Bu, kompliment deyil, faktdır.

- Hamı elə deyir.

- Bir qayda olaraq, gəncliyin sirrinin nə olduğunu qadınlardan soruşurlar. Bu dəfə isə Siz bu siri bizimlə bölüşün.

- (Gülür) Mən də inanmıram və 70 yaşında olduğumu hiss etmirəm. Və hətta anlamaq olmur ki, birdən-birə 70 yaş necə oldu? Doğrudanmı mən bu qədər yaşamışam? Həm təəccüblüdür, həm də dəhşətli...

- Həyat bir göz qırpımında keçir.

- Çox sürətlə! Və bir çox nəzərdə tutulanlar və arzu edilənlər həyata keçməmiş qalır. Bundan sonra nə olacaq, onu yalnız Allah bilir.

- Gəlin, bu 70 ili xatırlayaq və lap doğum günündən başlayaq.

- Bəli... (fikirli). 29 oktyabr 1941-ci il - Böyük Vətən Müharibəsinin əvvəlləri... Belə ağır bir vaxtda Bakıda, indi də yaşadığım Suraxanı qəsəbəsində dünyaya gəlmişəm. Atam maliyyəçi idi, Elmlər Akademiyasında müfəttiş idi, anam isə uşaq bağçasında tərbiyəçi idi. Ailəmizdə üç qardaş idik, ən kiçiyi mən idim.

- Deməli, nadinc idiniz.

- Yox, əksinə. Böyüklər işləyirdilər, mən isə bütün günü evdə oturub təsərrüfata baxırdım.

- Nəsə inanmaq olmur ki, Siz bütün günü evdə oturmusunuz.

- Mən ev uşağı idim (gülür). Ona görə də həmişə utancaq idim, indiyədək də elə qalmışam.

- 70 yaş... və indiyədək utanırsınız?

- Görünür, bu kompleksdir. Baxmayaraq ki, hərdən utanmamağın lazım gəldiyi hallar olur, lakin alınmır.

- Bəs, belə utancaq adam necə oldu ki, aktyor oldu?

- Bu, mənim özümə də qəribə və anlaşılmaz gəlir. Mən evdə daim oynamışam, baxdığım teatr tamaşalarından və kinofilmlərdən səhnəciklər düzəltmişəm. Hətta anamın uşaq bağçasında, bayram tədbirlərində "çıxış etmişəm" - hazırlaşırdım, hamı məni tərifləyirdi, səhnəyə çıxmaq məqamı gələndə isə imtina edirdim...

- Nə üçün?

- Utanırdım (gülür).

- Yəqin ki, valideynləriniz də sizin aktyor olmağınızın əleyhinə idilər.

- Hamı - qardaşlarım da, anam da, əsas da atam. Onlar deyirdilər ki, bu gözəl aləmdir, lakin aktyor məvacibi ilə özünü belə saxlaya bilməzsən, hələ ailə dolandırmağı demirik. "Sən orada "sağ qala" bilməyəcəksən", - atam xəbərdarlıq etdi və mənim mühasib olmağımı istədi. Məktəbi bitirdikdən sonra mən hətta üç ay Fizika İnstitutunda mühasib işlədim. Mən bütün maliyyə sənədlərini bilirdim, çünki atam onları özü ilə evə gətirir və bu peşəni mənə öyrədirdi. O, aktyor olmaq istəyimi başımdan çıxartmaq üçün məni işə düzəltdi. Lakin bütün qadağalara baxmayaraq, mən ürəyimin səsinə qulaq asdım və indi Səttar Bəhlulzadənin adını daşıyan Suraxanıdakı dram dərnəyinə yazıldım.

- Yubileyinizi necə qeyd etməyə hazırlaşırsınız?

- Teatr səhnəsində istəməzdim - bu şablondur. Yəqin ki, dostlarım və həmkarlarımla birgə gedəcəyim restoran seçəcəyəm. Orada rahat və isti olacaq...

- Ağaxan müəllim. Müsahibəyə görə çox sağ olun, yubiley münasibətilə Sizi təbrik edirik! Və Allah özünüzə arzuladığınız hər şeyi Sizə nəsib etsin və belə cavan, enerjili, səmimi insan kimi qalın! Dümanın əsərindəki muşketyorların dediyi kimi: "Bəlkə on və ya iyirmi ildən sonra bir daha görüşdük".

- İnşallah!

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti