Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir İ.İsabalayeva/
"Eurovision" mahnı müsabiqəsinə çəkiləcək video-çarxlar üçün sadə vətəndaşlar arasında elan edilən foto-kastinq dünyanın bir sıra KİV-lərində geniş işıqlandırılıb.
İctimai Televiziyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, kastinqlə bağlı növbəti material "Eurovision" mahnı müsabiqəsinin rəsmi internet saytı olan və milyonlarla istifadəçinin aktiv izlədiyi eurovision.tv-də yerləşdirilib.
Burda yazılan xəbərdə qeyd olunub ki, "Eurovision 2012" mahnı müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycan bu mötəbər yarışmaya ciddi hazırlaşır. Xəbər bölməsində kastinq zamanı çəkilən fotolar və İctimai Televiziyanın hazırladığı xüsusi reportaj yer alıb.
Kastinqdə ümumilikdə 388 nəfər iştirak edib. İşçi qrupunun seçimi əsasında iştirakçılar ikinci mərhələyə dəvət olunacaq.
Beynəlxalq KİV-də, həmçinin Təşkilat Komitəsi tərəfindən "Eurovision 2012" müsabiqəsinin Facebook səhifəsinin yaradılması barədə məlumat yer alıb.