...

Türkan Şoray: Əslim Naxçıvandandır (MÜSAHİBƏ) (FOTO)

Mədəniyyət Materials 26 Noyabr 2012 17:04 (UTC +04:00)
Türkiyənin ən məşhur və gözəl aktrisalarından biri, Türkiyə kinematoqrafiyasının əfsanəsi Türkan Şoray dünən axşam Bakıya gəlib.
Türkan Şoray: Əslim Naxçıvandandır (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir V.İmanov/

Türkiyənin ən məşhur və gözəl aktrisalarından biri, Türkiyə kinematoqrafiyasının əfsanəsi Türkan Şoray dünən axşam Bakıya gəlib. Səhər saatlarında isə aktrisa Azərbaycan Gənclər və İdman Nazirliyinin keçirdiyi Yaradıcı Gənclərin II Respublika toplantısında iştirak edib. Sonra isə Türkan Şoray Araz-103.3 FM və Xəzər TV-də eyni vaxtda yayımlanan "İmza Mən" verilişinin qonağı olub, fanatları və KİV nümayəndələri ilə görüşüb. O, günorta saatlarında "JW Marriot Absheron Hotel" hotelində aktyorluq sənəti üzrə ustad dərsi keçib, axşam isə "Dila xanım" filminin təqdimatında iştirak edəcək.

Trend-in məlumatına görə, türkiyəli aktrisa təəssüratları ilə bölüşüb və mehriban qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Türkan Şorayın adı "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. Belə ki, o, baş rolda ən çox oynayan aktrisadır. Sənətdə olduğu 52 il ərzində 200 filmə çəkilib.

- Azərbaycana xoş gəlmişsiniz! Təəssüratlarınızla bölüşərdiniz.

- 20 ildə sonra yenidən Azərbaycana gəldiyimə görə xoşbəxtəm. Bakı məndə xeyli təəssüratlar yaratdı. Gözəl arxitekturası olan Bakı inkişaf edən müasir şəhərdir. Burada hər şey gözəldir. Məni böyük sevgi və hörmətlə qarşılayan insanlar və ümumi ab-hava gözəldir. Hər bir azərbaycanlını qucaqlayır və öpürəm. Allah sizə xoşbəxtlik qismət eləsin!

- Sizin Bakıya sonuncu səfərinizdən sonra Türkan adı yeni doğulan qızlar arasında populyar ada çevrildi. Çünki valideynlər istəyirdilər ki, övladları sizin kimi gözəl olsun.

- Hamınıza bu sevgiyə görə təşəkkür edirəm. Azərbaycanda bütün Türkanları salamladığıma görə çox şadam.

- Deyilənə görə, siz Azərbaycan əsillisiniz.

- Ata tərəfdən əslim Naxçıvandandır. Azərbaycanlılar və türklər qardaş və bacıdırlar, bizim eyni kökümüz, dilimiz və dinimiz var. Azərbaycana olan sonsuz sevgimi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm.

- Hansı Azərbaycan əsəri daha çox xoşunuza gəlir və bizim mədəniyyət xadimlərimizdən kiminlə tanışsınız?

- "Sən gəlməz oldun" mahnısı çox ürəyimcədir və əlbəttə ki, sizin əfsanəvi müğənniniz Zeynəb Xanlarova ilə tanışam. Onunla görüşməyi çox istərdim. Onunla görüşmədən gedə bilmərəm.

- Deyilənə görə rejissor Eldar Quliyev 1979-cu ildə sizi "Babək" filmində çəkilməyə dəvət edib?

- Xeyr. Əgər belə bir təklif olsaydı, məmnuniyyətlə qəbul edərdim. Bir daha qeyd edirəm ki, Azərbaycana olan sonsuz sevgimi sözlərlə ifadə edə bilmirəm. Hamını ürəkdən salamlayır və ən səmimi sevgilərimi göndərirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti