Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Sentyabrın 24-də Parisin "Porte de Versaille" sərgi salonunda "Top-Rese-2013" Beynəlxalq turizm sərgisi açılıb. Trend-in Heydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə, üç gün davam edəcək sərgidə 151 ölkədən minə yaxın turizm şirkəti öz imkanlarını nümayiş etdirir.
Beynəlxalq turizm sərgisini Fransanın turizm naziri xanım Silvia Pinel açıb.
Açılış mərasimində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun hazırladığı və ölkəmizin tarixindən, mədəniyyətindən, incəsənətindən, həmçinin turizm imkanlarından bəhs edən əyani vəsaitləri fransalı nazirə hədiyyə ediblər.
Bundan əlavə, "Bakı" futbol klubu adından nazirə klubun fəaliyyətindən, Fransa ilə əməkdaşlığından bəhs edən müxtəlif hədiyyələr təqdim olunub, Gəncədə keçiriləcək şərab və üzüm festivalı haqqında məlumat verilib.
Sərgi salonunun 60 kvadratmetrlik sahəsində yaradılmış Azərbaycan guşəsi zənginliyi ilə iştirakçılarda böyük maraq doğurub.
Sərgidə Azərbaycanın tarixindən, zəngin və qədim mədəniyyətindən, təbiətindən və turizm potensialından bəhs edən bukletlər, broşürlər, suvenirlər və digər əyani vəsaitlərin nümayiş etdirildiyi stendlə yanaşı, "Lens" futbol klubu ilə əməkdaşlıq edən "Bakı" futbol komandasının ayrıca stendi də var.