...

İsveçrənin Bazel şəhərində Azərbaycan filmi nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 28 Mart 2018 08:15 (UTC +04:00)
İsveçrənin Bazel şəhərində təşkil olunmuş 13-cü Querfeld Mədəniyyətləraraslı Film Festivalında Azərbaycanın İsveçrədəki Səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə “Axınla Aşağı” filminin nümayişi keçirilib
İsveçrənin Bazel şəhərində Azərbaycan filmi nümayiş olunub (FOTO)

Bakı. Trend:

İsveçrənin Bazel şəhərində təşkil olunmuş 13-cü Querfeld Mədəniyyətləraraslı Film Festivalında Azərbaycanın İsveçrədəki Səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə “Axınla Aşağı” filminin nümayişi keçirilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-də verilən məlumata görə, film festivalın ilk günü, açılışdan dərhal sonra göstərilib və tamaşaçıların böyük marağına səbəb olub. Filmin nümayişindən əvvəl “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva tamaşaçıları salamlayıb və onlara ”Axınla Aşağı” filmi ilə yanaşı ölkəmizin mədəniyyəti, musiqisi, kinomotoqrafiyası haqqında ətraflı məlumat verib. O, son illərdə Azərbaycanda kinomotoqrafiyanın inkişafına xüsusi diqqət olduğunu tamaşaçıların diqqətinə çatdırıb.

Xatırladırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən Psixoloji ailə dramını canlandıran ekran əsəri 2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin quruluşçu rejissoru Asif Rüstəmovdur.

Festival çərçivəsində həmçinin təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyəti və mətbəxini tərənnüm edən güşə yaradılıb. Tədbirin təşkil olunduğu zalda ölkəmizin milli təamları və müxtəlif növ şirniyyatlar qonaqlara təqdim edilib.

Qeyd etmək istərdik ki, 2006-cı ildən keçirilən festival İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri tərəfindən təşkil edilir və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi, eləcə də ölkədə tolerantlığın təşviqinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti