...

Strateji Araşdırmalar Mərkəzi: ATƏT DTİHB qərəzli mövqe tutaraq Azərbaycanda seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb

Gündəm Materials 13 Aprel 2018 15:40 (UTC +04:00)
ATƏT DTİHB qərəzli mövqe tutaraq Azərbaycanda seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb.
Strateji Araşdırmalar Mərkəzi: ATƏT DTİHB qərəzli mövqe tutaraq Azərbaycanda seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə qərəzli yanaşmasına dair bəyanat qəbul edib.

Trend-in məlumatına görə, bəyanatda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair ATƏT DTİHB, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının birgə müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabat mətnini qərəzli və qeyri-obyektiv hesab edərək Azərbaycan Respublikasına və Azərbaycan vətəndaşlarının azad seçiminə qarşı yönəldilmiş bu növbəti qarayaxma kampaniyasına dərhal son qoymağa çağırır:

"Xüsusilə diqqətinizə çatdırmaq istərdik ki, seçki kampaniyası dövründə qeydə alınmış 8 namizədin hər birinə hüquq bərabərliyi çərçivəsində bütün imkanlar verilib, vaxtilə həm ATƏT Parlament Assambleyasının, həm də Avropa Şurası Parlament Assambleyasının yüksək dəyər verdikləri Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun olaraq seçicilərlə azad şəkildə fikir və görüşlərini ifadə etmələri üçün əlverişli platforma yaradılıb. Bundan başqa, seçkilərdə iştirakdan imtina edən bütün siyasi təşkilatların da demokratik hüquqlarına, o cümlədən sərbəst toplaşma azadlığı hüququna geniş təminat verilib. Belə ki, həmin siyasi qüvvələr heç bir maneə və təzyiqlə üzləşmədən iki dəfə mitinq keçirib, öz tələblərini azad şəkildə ifadə ediblər".

Qeyd olunub ki, Azərbaycanda prezident seçkiləri bir sıra beynəlxalq təşkilatların, bütövlükdə 60 mindən çox yerli və beynəlxalq müşahidəçinin diqqət mərkəzində olub. Eyni zamanda, seçki məntəqələrində quraşdırılmış yüzlərlə veb-kamera vasitəsilə seçki prosesini birbaşa izləmək üçün geniş imkanlar da yaradılıb. Məhz həmin çoxsaylı müşahidəçilər prezident seçkilərinin ədalətli, şəffaf və tamamilə demokratik prinsiplər əsasında keçirildiyini bildirdikləri halda, yuxarıda adları çəkilən Avropa qurumlarının müşahidə missiyası tamamilə fərqli, açıq şəkildə qərəzli mövqe tutaraq seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb.

"Nəticədə qondarma "tərəfsiz müşahidəçilər"dən obyektiv və məntiqi cavab tələb edən suallar ortaya çıxır. Görəsən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hansı səbəbləri əsas gətirərək seçkilərdə müşahidəçi missiyasını yalnız Şərqi Avropa və postsovet məkanında yerləşən ölkələrlə məhdudlaşdırıb? Hansı bəhanələrə görə Qərb dövlətləri bu fəaliyyətdən kənarda qalıb? Nə üçün Azərbaycanda keçirilmiş prezident seçkilərinə məqsədli şəkildə qərəzli yanaşan "demokratiya carçıları" - ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyası və DTİHB Fransada prezident seçkiləri zamanı Sarkozinin seçki kampaniyasının Liviya rəhbəri M.Qəddafi tərəfindən maliyyələşdirilməsinə dair ittihamlara, ABŞ-də son prezident seçkilərinə xarici müdaxilə amilinə indiyədək özünün münasibətini bildirməyiblər? Bu sualların cavabları isə seçkilərdən öncə aydın idi".

Bəyanatda deyilir ki, dünyada cərəyan edən qlobal və təhlükəli siyasi oyunların alətinə, geosiyasi maraqların təminatçısına çevrilməklə sürətlə nüfuzdan düşən bu təsisatların hədəfləri gənc dövlətlərin müstəqil daxili və xarici siyasət yürütməsi və xalqların suveren hüquqlarıdır: "Onların Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunlarına dair qabaqcadan tərtib etdikləri “ilkin hesabat”ın ədalətsiz və qeyri-obyektiv olması, real mənzərənin bilərəkdən təhrif edilməsi də həmin qərəzli niyyətlərin göstəricisidir. Dövlətlərin və xalqların müstəsna hüquqlarına ikili standartlar və "bizimlə olmayan bizim rəqibimizdir" prinsipindən yanaşmanın növbəti hədəfi isə Azərbaycan Respublikası vətəndaşlarının azad seçimi, onların öz gələcək talelərini və dövlətimizin inkişaf yolunu sərbəst və kənar müdaxilə olmadan müəyyən etmələridir.

Bir daha vurğulayırıq ki, 2018-ci ilin aprel ayının 11-də Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri dövlətimizin və xalqımızın demokratik inkişafı və tərəqqisi yolunda mühüm və tarixi mərhələ olub. Azərbaycan xalqı bir daha demokratiya və şəffaflıq şəraitində öz tarixi seçimini edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti