...

“Los-Angeles Times”: “Müharibə bu azərbaycanlıların qovulmasına gətirib çıxarıb. İndi müharibə onlara ümid verir”

Gündəm Materials 10 Noyabr 2020 00:21 (UTC +04:00)
“Los-Angeles Times”: “Müharibə bu azərbaycanlıların qovulmasına gətirib çıxarıb. İndi müharibə onlara ümid verir”

Bakı. Trend:

“Los-Angeles Times” qəzetində azərbaycanlı məcburi köçkünlər barədə material dərc edilib. Onlar ölkənin beynəlxalq aləmdə tanınmış və Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilərinin azad edilməsini səbirsizliklə gözləyirlər.

Trend-in məlumatına görə, məqalənin müəllifi, jurnalist Nabi Bulos Dağlıq Qarabağın özündən olan məcburi köçkünlərin taleyi barədə yazır. Onlardan biri Riza Həsənovdur. Məqalədə qeyd edilir ki, 1990-cı illərdə gedən müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağa və ona bitişik yeddi rayona, o cümlədən, Həsənovun yaşadığı Kəlbəcər rayonuna nəzarəti itirib, təqribən 800.000 azərbaycanlı doğma yurdundan qovulub.

On üç il çadır şəhərciyində yaşamış Həsənov sonradan Azərbaycan hökuməti tərəfindən Təzəkənd kəndinin yaxınlığında “Dördyol-1” qəsəbəsində evlə təmin edilib. Sentyabrın axırlarında başlanmış yeni döyüş əməliyyatları nəticəsində bu ev də dağılıb. Riza Həsənov jurnalistə deyib: “Biz çox xoşbəxtik. Düşünürük ki, məqsədimizə çatmağa az qalıb. Biz ordumuza inanırıq, ona güvənirik”. Müəllif yazır ki, indi Azərbaycanın hər yerində müharibə ab-havası var. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarını hər yerdə görmək olar. Bakı aeroportunda, binaların və maşınların üzərində, bulvarda, ərzaq mağazalarının rəfləri üzərindəki bannerlərdə, cəbhə xəttindən çox uzaqda yerləşən şəhərlərdə, bankomat ekranlarında bu şüarın yazıldığı elektron reklam lövhələri görmək olar.

Dağlıq Qarabağdan və ətraf rayonlardan olan məcburi köçkünlərin sayı 1 milyondan çoxdur. Bu illər ərzində məktəblərdə, yataqxanalarda və digər müvəqqəti məkanlarda yaşayan insanlar üçün həqiqət anı yetişib. Həsənovun həyat yoldaşı 54 yaşlı Rəna xanım deyir: “Biz yenidən atəşkəs elan olunmasını istəmirik. Biz yalnız irəli getmək barədə düşünürük. Burada, bu məktəbdə özümüzü qəfəsdə olduğu kimi hiss edirik. Biz Kəlbəcərdən çıxanda oğlumun dörd yaşı var idi. Fəxr edirəm ki, o böyüyüb, düşmənlə vuruşur, Vətənimizi azad edir”.

Məqalədə daha sonra deyilir ki, Azərbaycanda birlik var, insanlar Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Hətta müxalifət partiyaları da istisnasız olaraq müharibə tərəfdarlarıdır.

Müəllif qeyd edir ki, iyul ayında Tovuz rayonunda Ermənistan qoşunları Azərbaycan qoşunlarının mövqelərinə və sərhədyanı yaşayış məntəqələrinə hücum edəndən sonra Bakıda minlərlə adamın iştirak etdiyi mitinqlər keçirildi, müharibəyə çağırış səsləndi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qəzetin müxbirinə bildirib ki, iyul hadisələri ictimai rəyi tamamilə dəyişdi. H.Hacıyev deyib: “Ermənilər qırmızı xətti keçdilər və yeni nəsil bu təhqirdən xilas olmaq istəyir”.

Məcburi köçkünlər üçün bu müharibə onların 1990-cı illərdə tərk etdikləri evlərinə qayıtmaq üçün ümid yeridir.

Tərtər (keçmiş Ağdərə) rayonunun Ermənistan tərəfindən işğal edilmiş Umudlu kəndindən olan müəllim, 48 yaşlı Vəfadar Əliyev deyib: “Azərbaycan Ordusu torpaqlarımızı qaytarmaq məqsədilə əvvəllər də hücuma keçib, lakin bu dəfə hiss edirik ki, hər şey başqa cür olacaq”.

Digər məcburi köçkün, 53 yaşlı Aydın Şahverdiyev deyib: “Ordumuz irəli gedib. İnanırıq ki, rəhbərlik bu işi sona çatdıracaq. Öz yurduma qayıdan kimi diz çöküb o torpağı öpəcəyəm”.

Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılması üçün əks-hücum göstərir ki, son on il ərzində ordu modernləşdirilmə məqsədilə alınmış arsenal hesabına möhkəmlənib. İsraildən və Türkiyədən alınmış dronlar Azərbaycan qoşunlarına erməni qoşunlarının müdafiəsini asanlıqla yarmağa imkan verib. Prezident İlham Əliyev bu yaxınlarda İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə deyib ki, Azərbaycanın danışıqlar yolu ilə qaytarmağa çalışdığı beş rayondan dördü indi tamamilə və ya qismən azad edilib. Prezident İlham Əliyev noyabrın 8-də bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan xalqı üçün xüsusi mədəni əhəmiyyət kəsb edən strateji Şuşa şəhərini azad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti