...

14 nəfərlik erməni silahlı dəstənin üzvləri ilə bağlı məhkəmə prosesi iyunun 29-da davam etdiriləcək (FOTO) (ƏLAVƏ OLUNUB-2)

Gündəm Materials 25 İyun 2021 17:22 (UTC +04:00)
14 nəfərlik erməni silahlı dəstənin üzvləri ilə bağlı məhkəmə prosesi iyunun 29-da  davam etdiriləcək (FOTO) (ƏLAVƏ OLUNUB-2)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 nəfərlik erməni silahlı dəstəsi üzvlərinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttiham aktı elan olunarkən təqsirləndirilən şəxs Hakobyan Volodiya hakimdən onları evlərinə qaytarılması ilə bağlı qərar verilməsini xahiş edib.

İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.

Həmin şəxslər ötən il 26-27 noyabr tarixlərində dövlət sərhədini qanunsuz olaraq keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən meşəlik ərazilərində yerləşiblər.

Təqsirləndirilən şəxslər ötən il dekabrın 13-ə qədər həmin ərazilərdə terror- təxribat törədəiblər.

Terrorçu dəstə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Terrorçu dəstə Xocavənd rayonunun Hadrut qəsəbəsinə daxil olaraq terror törədiblər.
Onlara Cinayət Məcəlləsinin 214-ci(terrorçuluq) , 228-ci (qanunsuz olaraq silah və partlayıcı maddələr əldə etmə, saxlama) 279-cu (qanunsuz silahlı birləşməkdə qruplar yaratma, onların təkibində döyüşməkdə), 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ittiham verilib.

Hakim Əfqan Hacıyev bildirib ki, ittiham məhkəmə istintaqında öz təsdiqini taparsa, təqsirləndirilən şəxslər 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.

İttihama münasibət bildirən erməni terrorçuları özlərini qismən təqsirli biliblər.

Fasilədən sonra təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif olunub. Sərbəst ifadə verən təqsirləndirilən şəxs Geğam Serobyan bildirib ki, 2020-ci il noyabrın 27-də Laçına gəlib: Bizi maşınlara doldurub Laçına gətirdilər: "Oradan da bizi Ural maşını ilə sülhməramlıların yanından keçirib Hadruta gətiriblər. 2004-2006-cı illərdə Ermənistanda hərbi xidmətdə olmuşam. Ali təhsilli olduğum üçün hərbi rütbə verilib. Müharibə vaxtı mənə çağırış vərəqəsi gəldi və mən çağırışdan yayınıb traktorla işləmişəm. Noyabrın 21-də Quqasyan hərbi komissarlığına gəldim. Hərbi komissarlıqdan mənə bildirdilər ki, çağırışla gəlməsən, fərari adı verəcəyik. Əks halda, mənə 8 ildən 10 ilə qədər həbs cəzası gözləyəcəyini bildirdilər. Mən də məcburiyyətdən noyabrın 27-də komissarlığa gəldim. Ermənistanın sərhədlərinin harada olduğunu bilirdim, amma Qarabağın sərhədini bilmirdim. Siyasətlə maraqlanırdım deyə, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr bəyannaməsi imzalamasını bilmirdim. Quqasyan komissarlığından bizi avtobuslara doldurub Laçına gətirdilər. Laçının Azərbaycan ərazisi olduğunu da bilmirdim. Bilirdim ki Qarabağa aiddir, amma Azərbaycan ərazisi olduğunu deməmişdilər.

Biz orda növbətçiliklə 15 gün qalmalı, sonra Ermənistana qayıtmalı idik. Bizə Gümrüdə avtomat verib bir böyük, iki balaca avtobusla Laçına göndərdilər. Laçında yolun üstündə sülhməramlılar dayanmışdılar. Biz onların yanından keçib Laçına gəldik. Sülhməramlılar əvvəlcə maşını saxladıb bizə baxdılar, sonra buraxdılar, yola davam elədik. Laçından sonra iki balaca avtobus ayrı-ayrı istiqamətlərə, bir avtobusdakıları isə bölüb hər dəstəni bir istiqamətə göndərdilər. Bizə dedilər ki heç kimə güllə atmayacaqsız və bizə də atəş açılmasına ruslar imkan verməzlər. Biz 30 nəfər idik və 30 nəfərə mən rəhbərlik edirdim, mənim qrupum və digər dəstələr Qazaryana tabe idi. Qazaryan 100 nəfərin başçısı idi. Bizi meşəyə gətirdilər. Meşədən maşın getmədi, dayandı, 4 kilometr piyada gəldik. Bizə ərzaq və çadır verib getdilər, bilmədik ruslar idi, yoxsa ermənilər. Qaldığımız yerdən 5-7 kilometr gedib çadırdan ərzaqları götürüb qayıdırdıq. Dekabrın 13-də bizə dedilər ki qaldığınız yerdən çıxıb yola düşəcəyik, sizi evə aparacağıq. Biz yola çıxanda Azərbaycan Silahlı Qüvvələri bizi saxladılar. Bizi normal qaydada saxladılar, heç bir təzyiq edilmədən maşınlara mindirib gətirdilər.

Noyabrın 27-dən dekabrın 13-dək biz orada olmuşuq. Heç bir atışma olmayıb.
Bizə demirdilər ki, getdiyiniz yer Azərbaycan ərazisidir və Azərbaycan həmin əraziləri işğaldan azad edib. Ona görə də biz Azərbaycan ərazisinə keçmişik. İbtidai istintaqa da, indi də eyni ifadə vermişəm. Erməni hərbçilər bizi aldatdılar, yoxsa mən Azərbaycan ərazisinə silahla keçməzdim. İndi başa düşdüm ki, başqa ölkənin ərazisinə keçə bilmərəm. Əməlimdən çox peşmanam. Mən əgər Ermənistana qayıtsam, bizi ora göndərən insanlardan tələb edəcəm ki, bizi niyə Azərbaycan ərazisinə göndərmisiniz".

Daha sonra sərbəst ifadə verən digər təqsirləndirilən Avakyan Qraç da bildirib ki,
noyarbın 27-də Gümrüdəki hərbi komisarlığa aparıb hamısına silah paylayıb, Artur Muradyan adlı batalyon komandiri və Arsen Nazaryan adlı qərargah rəisinə təhvil veriblər: "Bizi Laçına gətirdilər, bir gecə maşınların içində yatdıq. Səhəri bizi dördyol deyilən ərazidə rus sülməramləları olan yerə gətirdilər. Arsen Kazaryan öz avtomobili ilə yolu açırdı. Yollar çox bərbad vəziyyətdə idi. Bir neçə kilometr yol getdikdən sonra biz dayandıq. Avtomobillərdən düşərək dağ istiqamətində piyada hərəkət etdik. Orada müqaviləli xidmət edən erməni əsgərləri vardı. 30 nəfərlə birlikdə onların növbələrini dəyişəcəkdik. Arsen Kazaryan da bizimlə birlikdə idi. Ondan soruşduq ki, burada post yoxdur, biz neyləyəcəyik? O dedi ki, bizim işimiz müşahidə etməkdir. Məskunlaşdığımız yerin qarşısında ruslar vardı, onlardan o biri tərəfdə Azərbaycan hərbiçiləri dayanmışdı. Arsen Kazaryan dedi ki, 10 gün burada xidmət edəndən sonra bizi gəlib dəyişəcəklər və biz evə qayıdacağıq. Bizə deyilmişdi ki, dekabarın 12-13 arası gəlib növbəni dəyişəcəklər. Həmin vaxt biz aşağı düşürdük ki, Kazaryanla danışaq. Bu zaman Azərbaycan hərbiçiləri tərəfindən saxlanıldıq".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanan 3 tərəfli bəyanat barəsində televizorda eşidib: "Bilirdim ki, həmin ərazilər Azərbaycanındır. Lakin düşündüm ki, bəyanatdan sonra müharibə bitib, atəşkəs imzalanıb. Dedim biz ehtiyat üçün orada xidmət aparacağıq".

Proses iyunun 29-da digər dəstə üzvlərinin ifadəsi ilə davam etdiriləcək.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti