Bakı. Samir Əli - Trend:
Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi barədə qərarına uyğun olaraq müntəzəm marşrut xətləri üzrə avtobuslar şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verilib. Tapşırılıb ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər. Sürücü və işçi heyətinin təlimatlandırılması, habelə texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər.