...

Gülablıda bir yaz günü…

Gündəm Materials 17 May 2022 12:27 (UTC +04:00)
Gülablıda bir yaz günü…

Bakı. Trend:

…77 yaşlı ANA öz atasını, qaynatasını, əzizlərini haraylayır yandırılmış, dağıdılmış qəbiristanlıqda…

Hara boylansa da, hansı yönə getsə də, məzarları tapa bilmir…

Eşim-eşim edilmiş qəbiristanlıqda nə giriş səmti qalıb, nə də başqa bir işarə…

Talan edilən, nişanəsiz ərazidə çaş-baş döyükür, gözyaşı axıdır …

Nə qədər nalə çəkilsə də, bu ağıdan yer-göy titrəsə də, heyhat, gerçək budur…

28 illik istilanın dəhşətli mənzərəsi bütün hüznü ilə ilk olaraq burada görünür - kəndin girişindəki qəbiristanlıqda…

Yaxşı vaxtlarda, bəxtəvər günlərdə də kəndə gələndə ilk olaraq əzizlərinin məzarlarını ziyarət edib, onların ruhu ilə söhbətləşərdi, arxayınlaşardı, rahatlaşardı, sonra kəndə keçərdi…

Sonuncu dəfə burada 1992-ci ilin mayında, atəş, barıt, qan qoxuyan bir yaz günü əzizi şəhid Şamilin dəfnində olmuşdu, təhlükəsizlik baxımından onda heç kəndə də buraxmamışdılar…

Tam 30 il sonra - 2022-ci ilin mayında, hələ də həsrət, nisgil qoxuyan bir yaz günü, öz təbirincə desək, "Göydə Allahın, yerdə isə Prezidentinin sayəsində" doğulduğu, böyüdüyü kəndinə qayıtmışdı…

Uşaqlığına, keçmişinə, xatirələrinə, ən əsası, özünə qayıtmışdı…

Ağdama, Gülablıya qayıtmışdı…

5 min yaşlı Gülablı

Ərazisində tapılan abidələrin, xüsusən də kurqanların tarixi eramızdan əvvəl III-II minilliklərə, yəni 5 min il öncəyə gedib çıxan Gülablı Ağdamın ilk işğal olunan kəndi idi. 11 erməni kəndi tərəfindən üzük qaşı kimi mühasirəyə alınan Gülablı ermənilər üçün həmişə ən əhəmiyyətli strateji məntəqə və Ağdama, Aran Qarabağa açılan "qapı" sayılırdı. Ağdərə və Xocavənd rayonları ilə sərhəddə yerləşən kənd məsafəcə həm də Şuşaya, Xankəndiyə, Xocalıya çox yaxındır.

1905-ci, 1915-ci, 1918-ci, 1920-ci illərdə dəfələrlə ermənilər tərəfindən dağıdılan, yandırılan Gülablı 1992-ci ilin 4 sentyabrında işğal edildi. 28 il 2 ay 16 gün sonra müzəffər əsgərlərimiz müqəddəs bayrağımızı yenidən bu qədim kəndin üzərində dalğalandırdılar.

İndi 4 qadın yürüyür daşı daş üstdə qalmayan Gülablıya doğru…

Avtomobildən düşərək, addım-addım gedirlər bu yolu...

30 il həsrətində olduqları bu yolda bir kərə yürüməyə illər boyu qurban deyiblər, ən böyük arzu-dilək kimi yaşadıblar içlərində...

Gülablının işğalına 28 il Bakıdan ağlayan bu insanlar indi işğalın dəhşətini və vəhşətini öz gözləri ilə görüb yeri-göyü inlədən nalə çəkirlər...

Gülablı vəhşi istismarın məruz qoyduğu böyük bir xarabalığa çevrilib. Ətrafda tanış iz, əlamət arayırlar. Nəhayət, bir nişanə görünür. Ağdam şəhərində Cümə məscidi necə oriyentirdirsə, Gulablıda da tək istiqamətverici məkan, yəni mövcud olan yeganə yarıuçuq tikili kənd məktəbidir. Məktəbin sol tuşundan ilk olaraq Çatallar məhəlləsinə doğru gedir qadınlar...

Ofelya Hüseynova qudası Səadət, gəlinləri Mətanət və Gülşənlə çıxdıqları bu yolda onlara dəstək olanlara, şərait yaradanlara minnətdardırlar. Bu ziyarətin işğaldan azad edilmiş yurdlardan hazırlanan silsilə reportajların bir parçası olması da ona xüsusi sevinc gətirir: "Demək, bu ziyarət həm də tarixə çevriləcək... Bu səfəri ölənlərim və qalanlarımın, bütün qohum-əqrəbamın, sayı azalan bacılıq-rəfiqələrimin hamısının əvəzinə edirəm"...

Gülablıda 1945-ci ilin soyuq yanvar günündə dünyaya gəlsə də, həyatının bütün isti anları, xatirələri burada keçib. Sərt qış sazağını isə Gülablısız illərdə yaşayıb. Bakıda təhsil alıb kəndə qayıtdıqdan sonra Çıraqlı məhəlləsinin məşhur "Ağakərimlər öyünə" (evinə) gəlin gedib. Sonra tale yeni ailənin yolunu Bakıya yönəldib. Əri Kərimlə böyük zəhmətlə ev qurublar, övladlar böyüdüblər. Amma özü demiş, sanki burada qonaq olublar, paytaxtı yeni vətən saymayıblar, elə ağdamlı olaraq qalıblar. Bir ayaqları daim Gülablıda olub, yalnız yayı deyil, elə bütün fəsillərdə, ayın o başı da - bu başı da Gülablıya gəlib-gediblər, əri ilə, bacı-qardaşları, qayın-baldızları ilə...

İndi isə Gülablıya o qələbəlikl ə, o coşqu ilə dönə bilmir... Yoldaşı, bacı-qardaşları, qayın-baldızları Gülablı həsrəti ilə dünyalarını dəyişiblər, Mingəçevirdən Badamdara, Biləcəridən Beyləqana, Quzanlıdan Əhmədliyədək hər məzarlıqda Gülablının bir parçası uyuyur...

Gülablı işğal dövründə ermənilər tərəfindən sıx məskunlaşdırılıb. "Vazgenaşen" kimi murdar bir ad verdikləri kənd rəzil separatçı rejimin ən böyük 10 yaşayış məntəqəsi sırasında olub və "Martuni rayonu"na daxil edilib. Düşmən kəndin yalnız möhtəşəm evlərini talan etməyib, yollarını da dağıdıb. Bir sözlə, Gülablının izini itirməyə çalışıblar.

Ermənilər savaşın ilk illərində onlara gözdağı olan Ağdama, Gülablıya bunun əvəzini belə vəhşi talanla ödəyiblər... Ağdamdan, Gülablıdan belə qisas alıblar...

Mülklərinin 90 faizindən artığı ikimərtəbəli olan kənddə evlərin, hasarların hətta bünövrəsini tapmaq mümkün deyil. Ağdamın cənnət guşəsi sayılan, sanki meşənin içində salınmış Gülablıda indi adda-budda 10-15 illik bir neçə ağaca rast gəlmək olar. 3500 hektar yararlı torpağa və 1000 hektardan artıq meşə sahəsinə sahib olan ərazidə əvvəlki yaşıllıqların, ağacların kötükləri belə qalmayıb.

Bu düşmənçilik, bu soyqırımı əsla unudulmamalıdır və unudulmayacaq da!

Bu dəfə gözyaşları sevincdəndir

Doğulduğun yurdda azmaq, iz itirmək nə müsibət imiş...

Bir az getmiş bələdçi soldakı ərazinin Ofelya ananın axtardığı ata evi olduğunu söyləyir. Çatallarda Aslan kişinin o topdağıtmaz evindən, ucu-bucağı görünməyən sıx bağından bir kiçik yığın daş-kəsək qalıb.

Əslində, heç nə qalmayıb...

Hönkür-hönkür ağlayır ana...

Amma bu, itkinin acı göz yaşları deyil, əsla deyil!

Bu, qovuşmanın sevinc göz yaşlarıdır!

Toxdadıqdan sonra danışır ana...

- Bilirdim ki, doğulduğum evdən heç nə qalmayıb. Özümü illərlə bu dəhşəti görməyə hazırlamışdım. Amma o böyüklükdə mülkün yerində cəmi 20-30 qırıq kəsəyi görəndə yenə də heyrətləndim. Bu qədər də olmaz axı... Mindən artıq ağacı olan o genişlikdə bağımızda bir ağac demirəm, heç olmasa bir kötüyə də rastlamamaq ağırdır.

Amma bunların heç biri gözümdə deyil. Əvvəlkindən də yaxşı evi tikəcəyik, əvvəlkindən də böyük bağı salacağıq. Əsas odur ki, doğulduğum evdəyəm, Gülablımdayam, Ağdamımdayam, Qarabağımdayam...

...Hə, indi tapdım, bura doqqazımızın ağzıdır. Buradan evimizə 200 addımdan çoxdur. Bu geniş həyətdə iməkləmişəm, yürümüşəm, oxumuşam, buradan gəlin köçmüşəm... Burada biz 8 bacı-qardaş yığılanda elə ailə içi sayımız 50-ni ötürdü. Qonaqlı-qaralı evimizdə səs-küy qulaq batırırdı. Nə bilərdim ki, vaxt gələcək, bura belə səssiz qalacaq...

Evimiz təpənin başındadır. Şüşəbənddən, həyətin başından kənd ovuc içi kimi görünürdü. Amma o qədər çox yaşıllıq idi ki, evləri, həyətləri görə bilməzdik... İndi isə... Hara baxıram, xarabalıqlar...

Bu cığırla Ağacan kəhrizinə düşərdim. Səhənglərlə su daşıyardıq. Kəhriz üstünün söhbətləri də, zarafatları da bir başqa aləm idi... Eh, Gülablının suyundan harda var?!. Kəndin elə adı hər şeyi deyir. "Gül" və "ab", yəni gül suyu, gül ətirli su...

Hansı səmtə, hansı bucağa baxıram, hərəsindən bir xatirə yada düşür...

Kəhrizin lap başında qaynım Qaranın, ondan iki ev sonra da Surxayın mülkləri idi... Aman Allah, bu ikimərtəbəli cah-cəlallı evlərdən, bağ-bağatdan heç nə qalmayıb ki?!.

"Ağakərimlər öyü"nün lap başında gəlin getdiyim Qara İsmayılın evidir... Bu mülkün heç xarabalığı da yoxdur ki... Evi ilə bağının arasından yol keçirdi, ərazisi iki yerə bölünmüşdü. Vaxtilə qonşusu qaynatamdan xahiş edir ki, onun həyəti üçün öz ərazisindən bir yol açsın. O da "gor qonşusuyuq, yol verməsəm olmaz" deyərək, öz həyətini ikiyə bölüb. Belə kişiləri olub Gülablının... Bir qarış torpaq üçün qardaşların, qohumların indi bir-birilərinə qənim olduqlarını hər dəfə eşitdikcə, bu əhvalatı danışıram...

Onların OĞLU mənə həyatda ən böyük yaxşılığı etdi

Çatallardan Çıraqlıya doğru irəlilədikcə keçmişini yada salır ana...

Artıq Gülablının hər qarışını tanıyır, hər yerini özü nişan verir...

Bəli, düşmən ilk baxışdan Gülablını tar-mar edib, tanınmaz hala salıb. Ancaq çox qısa zaman kifayətdir ki, bu obanın hər qarışını yenidən xatırlayasan...

Kəndlə bağlı xatirələrini bölüşən Ofelya Hüseynova Gülablının azad olunması xəbərini eşitdiyi anı da yada salır...

- Noyabrın 9-u gecə eşitdik ki, Prezidentin çıxışı olacaq. 44 gün ərzində İlham Əliyev nə qədər çıxış etmişdisə, hamısına baxmışdım, özü də dəfələrlə... Qarabağlı bu çıxışlara bəyəm baxmaya bilər?!. Amma bu dəfə çıxışın artıq sübhə yaxın olmasından nə isə daha mühüm məsələ olduğunu anlamışdıq.

Prezident düşmənin təslim olduğunu deyəndə, ardınca da söyləyəndə ki, Ağdam da bir güllə atılmadan azad olunacaq, inanın, ürəyim sevincdən az qaldı dayansın... Demək, Gülablı da azad olunacaqdı...

Durdum, ağlaya-ağlaya gecə saat 3-də halva çaldım, bütün şəhidlərin, "Gülablı" deyə-deyə həyatdan köçənlərimin ruhunu çağırdım...

Heydər Əliyevlə Zərifə xanımın ruhlarını da əlbəttə ki, unutmadım. Çünki onların yetişdirdiyi OĞUL mənə həyatda ən böyük yaxşılığı etmişdi... Gülablımı mənə qaytarmışdı...

Səhəri diri gözlə açdım. Nəvələrim Mehdiylə Kərimi yanıma alıb babaları Kərimin məzarını ziyarətə getdim. Onun sinə-daşına belə bir beyt həkk etdirmişdik:

"Doğmalarım, əzizlərim,

Sizə vida edirəm mən,

Nə fayda ki, bu dünyadan

Ağdamımsız, Gülablımsız gedirəm mən,

Torpağımın yağılardan xilas günü,

O dünyaya mənə xəbər göndərin ki,

Dərdi-qəmi ata bilim,

Heç olmasa məzarımda

rahat-rahat yata bilim..."

Sinədaşında yazılmış bu ağrı ilə 13 il məzarında qovruldu kişi... İndi onu muştuluqlamağa getmişdim...

Ordan hər iki Şəhidlər xiyabanına, sonra da Fəxri xiyabana getdik... Zərifə xanımın məzarı başında Heydər Əliyev səmtə baxa-baxa dua edir, ağlayırdım. Birdən bir polis narahatlıqla bizə yaxınlaşdı. Dedim, oğul, narahat olma, bu kişiylə bu xanıma dua edirəm, rəhmət diləyirəm ki, bu xalqa Qarabağı qaytaran qəhrəman OĞUL bəxş ediblər...

Ağdamlıların bir xasiyyəti var, minnətdarlıq edəndə, onun özünə alqış deməzdən əvvəl, ölənlərinə rəhmət oxuyar, balalarına dua edərik. Mən məşədi xanımam, ömür vəfa etsə, Həcc ziyarətini də əhd etmişəm. Hər halva çalanda, ibadətimdə Heydər Əliyevlə Zərifə xanımı əzizlərim sırasında yad edirəm.

İndi də bax, bu müqəddəs Gülablıdan dua edirəm ki, biz qarabağlıları yenidən həyata qaytaran İlham Əliyevin balalarını da Allah sevimli bəndələri kimi qorusun, övladları onun kimi min budaq olsun... İl-yarımdır bizim hər günümüzü toya-büsata çevirən İlham Əliyev qoy Mehriban xanımla birgə tezliklə Heydərin toy-büsatını Şuşada qursun...

Vətən qoxulu çiçəklər

Çatallarda, öz həyətindəki xarabalığın içindən boy atan lalə, yasəməni qoparmağa ürək eləmir ana...

Əminliklə, - özü də qəti əminliklə, - deyir ki, bu çiçəklər 30 il idi bitmirdi: "Düşmənin ayağı dəyən Gülablıda çiçək bitməz! Gülablı yağıya gül bitirməz!"

Yaralı torpağın köksündən cücərən bu yaz çiçəkləri indi həm də Yeni Gülablının müjdəçiləridir...

Ofelya ilə Səadət - bu iki ana, nənə sanki qayğısız uşaqlıq, yeniyetməlik, gənclik illərinə dönürlər...

Bu çiçəklərdən bir az dərib, kiçik dəstə bağlayırlar, iyləyirlər...

Vətən qoxulu çiçəklər...

30 il həsrətində olduqları, rahiyəsini heç bir çiçəkdə, güldə ala bilmədikləri Gülablı ətri...

Zarafatlaşırlar, gülüşürlər, xatirələrini sıraya düzürlər, birdən hansısa kövrək məqam yada düşür, yenə də göz yaşları...

Ancaq bu dəfə göz yaşları Vətən torpağına damcılayır, Vətən qoxulu çiçəklərə düşür...

Bu torpaq, bu çiçəklər öz övladlarına, onların hənirtisinə, göz yaşlarına 30 il idi ki, təşnəydi, həsrət idi...

Bu tərtəmiz göz yaşları ilə Gülablı öz üzərindəki mənfur düşmən izini silirdi, təmizləyirdi, saflaşırdı, 1992-ci ildəki halına qayıdırdı...

Yarası ürəyimdə bir qara xal Gülablı...

Kalvallar məhəlləsinə doğru istiqamət götürürük... Səadət Mehdiyeva 1956-cı ildə bu məhəllədə Allahverdi kişinin evində dünyaya gəlib. Taleyini də qonşusu ilə - Cabbar kişi ilə birləşdirib. Ağdam şəhərinə köçüblər, ev qurublar, 4 qız böyüdüblər, sonra isə... Ağrı-acılı köçkünlük illəri...

Danışmağa göz yaşları, hıçqırıqları imkan vermir...

- Gülablıdan əvvəl Ağdam şəhərində evimizi ziyarət etdim. Amma nə evimizi tapdım, nə də bir izini... Yalnız şəhər bombalananda gizləndiyimiz hamamın beton talvarının kiçik bir qırıntısını gördüm... O boyda evdən kiçik bir kəsək...

Füzuli küçəsində yaşayırdıq. Cabbarla birgə böyük çətinliklə, zəhmətlə ev qurduq. Onun hər daşında mənim də alın tərim vardı. Təminatlı həyatımız, dəbdəbəli evimiz, gülü bülbül çağıran gözəl bağçamız vardı, əksər ağdamlılar kimi...

Deyirdik, nə dərdimiz var ki... Həftənin azı iki günü Gülablıya gedərdik...

Tifaqımız birdən dağıldı, müharibə başladı. Aylar boyu atəşin, bomba səslərinin altında yaşadıq. Həyətimizdə qəlpə izlərinin sayı-hesabı yox idi. Artıq Gülablı da işğal olunmuşdu. 4 kiçik qızımızla son günədək - 1993-cü il iyulun 22-dək Ağdamda qaldıq.

O böyüklükdə mülkdən Cabbarın "Jiqulisi"nə sığışdırdığımız yüklə çıxdıq... Bakıya gəldik... İllərlə yığdığını bir anda itirən ailə... Evi, işi olmayan bir kişi və himayəsində 5 nəfər...

Həyata yenidən başladıq. Üzləşdiyimiz çətinlikləri, yaşadığımız məhrumiyyətləri yada salmaq istəmirəm. 27 il nələr çəkdik, nələr... İnanın, Ağdamın, Gülablının azad olunmasını eşidəndə onların hamısını yaddaşımdan sildim...

Bir gün də Ağdamı, Gülablını unutmadıq. Bu illərdə ürəkdən gülə, şənlənə də bilmədik. Əslində, həm də buna utandıq...

Ağdamdan çıxanda kiçik qızım Vüsaləylə dirrikdə lobya yığırdıq. Paltarımızı da dəyişə bilmədik. Onun palçıqlı ayaqqabasını illərlə saxladım, qorudum. O palçıq mənə çox əziz idi, o, Vətən torpağı idi...

Nisgilimizi, ağrımızı Zəlimxan Yaqub da bayatıya çevirmişdi:

Çiçəyi bal Gülablı,

Qayası sal Gülablı.

Yarası ürəyimdə

Bir qara xal Gülablı...

Bu qara xalı ürəkdə 28 il gəzdirdik. Gülablını görməyən körpələrimizdə kəndlərinə məhəbbət yaratdıq. Cabbar həmişə nəvəsi Fatiməyə onu Gülablıya, Ağdama aparacağını danışırdı. Buna da inanırdı. Amma ömür vəfə etmədi... İndi Ağdamdakı evindən, Gülablıda doğulduğu həyətdən onun məzarına torpaq aparıram...

Kalvallar məhəlləsini sanki mənlə bərabər Cabbar da, atam-anam da, qayınlarım da dolaşır...

Evlərimizdən əsər-əlamət qalmayıb. Eybi yox. Əsas odur ki, torpağımız bizdədir. Onun üstündəkini istədiyimiz kimi yenidən tikəcəyik, daha yaxşısını quracağıq...

İllər boyu Quzanlıda, Xındırıstanda dayanıb Ağdama, Gülablıya sarı baxanda "kaş ki, qanadlanıb, bu yerlərə gələrdim" deyə düşünürdüm. İndi bu qanadı mənə Prezidentimiz verdi, şəhidlərimiz verdi, qəhrəman əsgərlərimiz verdi...

Gülablının yaylağında tapdım səni, xarıbülbül...

Mətanət Hüseynlinin sevincinin həddi-hüdudu yoxdur. Doğma kəndi ilə bərabər, xarı-bülbülünə də qovuşub. Bəlkə də çoxları bilmir. Tapdığı bu möcüzəli çiçəyin iki Vətəni var: dağın o başındakı Şuşa, bu üzündəki Gülablı...

Gülablı tarixən Şuşa qəzasına aid olub, ötən əsrin 20-ci illərində Ağdam ərazisinə qatılıb. Kənddən Şuşaya meşənin içi ilə "Qala yolu" adlanan yol da vardı. Vaxtilə Mirvarid Dilbazi də Gülablıda istirahət edərkən ona xarıbülbül hədiyyə olunub və Xalq şairi buna şeir həsr edib:

Çox gəzmişəm sorağında,

Doğma vətən torpağında.

Gülablının yaylağında

Tapdım səni, xarıbülbül...

Xarıbülbül Mətanətə uşaqlığını yada salır:

- Yazda Haçadağdan xarıbülbül yığardıq. Gülablını xatırlayanda da nədənsə yaddaşıma ilk bu çiçək gələrdi. Ağdamda keçirilən sonuncu "Xarıbülbül" festivalında da atamla iştirak etmişdim...

İndi də 30 ildən sonra ilk səfərimdə əsgər qardaşlarımın dağdan yığdıqları bu çiçəyi görəndə bunu möcüzə sandım. Gülablı məni xarıbülbüllə qarşılayırdı... Demək, Gülablı bizdən küsməyib, inciməyib. Ya da küssə də, incisə də, artıq bağışlayıb...

Ağdam həyatım o qədər gözəl keçirdi ki... Sinfin öncüllərindən idim, "Lenin yolu" qəzetində yazılarım tez-tez dərc olunurdu. Rayon radiosunda mütəmadi çıxışlar edirdim...Tədbirlərdə həmişə öndə idim...

Heç unutmuram. İyulun 22-si Ağdamı tərk etdik. Yolda atam qəfildən maşınını saxladı və bizə dedi ki, düşün şəhərə baxaq. Ağdamın hər səmtindən tüstü qalxırdı... Ağdam artıq bizim deyildi... Bunu o vaxt anlamaq böyük dəhşət idi... Hamımız ağlaşırdıq... Və bir də o vaxtadək duymadığım, sonra da heç vaxt hiss etmədiyim qəribə yanıq qoxusu gəlirdi Ağdamdan... Ağdamın ruhu yanırdı...

Həyatımın böyük hissəsi Gülablısız, Ağdamsız keçib. Burada keçirdiyim illər köçkünlük həyatında həmişə mənə güc, qüvvət verib. Heç unutmuram, Ağdam şəhərində təhsil aldığım 5 saylı məktəbdə son iki ildə dərslərə ara verilmişdi. Köçkünlüyün ilk vaxtlarında Bakıdakı məktəbdə çətinliklə üzləşdim. Uşaqlar iki ildir kimya keçir, amma mənim, ümumiyyətlə, bu dərs barədə anlayışım yox idi, eləcə də digər dərslərdən çox geri qalmışdım. Amma köçkünlüyün bütün çətinlikləri ilə yanaşı, bu problem də məni, bacılarımı sındırmadı. Həyata beş əllə tutunduq...

Qarşımıza düzgün məqsəd qoyduq, hədəfə doğru yolla addımladıq. Qəlbi qırıq, ürəyi nisgilli valideynlərimizi tələbə adlarımızla sevindirdik. Sinifdə ali məktəbə daxil olan azsaylı şagirdlər sırasında idim, özü də təsadüfə bax, kimya-biologiya müəllimliyi ixtisasına qəbul olunmuşdum...

Köçkünlük həyatı çətindir, zülmdür. "Qaçqınlar" sözünü bəzən rişxənd, bəzən məzəmmət kimi eşitdik. Sarsıldıq da, təkləndik də...

Bakıya öz istəyimizlə, kefimizdən gəlmədiymizi anlamayanlar da oldu... Bizim uğurlarımızın yanında öz uğursuzluqlarını görənlər tənələr, acı eyhamlar dedilər...

Onlara cavabı hər dəfə sözümüz yox, məhz bacarığımız, biliyimiz verdi...

Bir ömür bax, beləcə keçdi, özünü təsdiq etmək borcu ilə...

2020-ci ilin 20 noyabrında Müzəffər Komandanımızın xalqa müraciətində söylədiyi "Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz" sözünü eşidəndə hönkür-hönkür ağladım...

Bu sözü illər boyu gözləmişdim...

Artıq heç kimə nəyisə sübut etməyəcəkdim, artıq köçkün deyildim!..

Bütün həyatım boyu eşitdiyim ən gözəl söz idi bu...

Hər dəfə Prezidentimiz "keçmiş köçkünlər" deyəndə sevincdən ağlayıram, hər dəfə ağlayıram!..

İndi nə Ağdam şəhərindəki evimizdən əsər-əlamət qalıb, nə Gülablıdakı baba yurdumdan bir iz... Amma bu 27 ildə o qədər başqa faciələr gördük ki, bu itkilərə ağlamırıq, dözümlüyük...

Düzdür, kədərliyəm, hara baxsam uşaqlıq xatirələrimin xarabalıqlarını görürəm. Amma bu qüssəni unutduran sevinc var...

Ağdamda, Gülablıda olmaq sevinci...

Biz qayıtdıq, Vətən!..

Vətəndə "vətənsizlik" dərdi bitdi

Gülşən Hüseynovaya da tale yeniyetməlik dövründə məcburi köçkünlük qismət edib. Əslində, bütün köçkünlər bir-birilərinə bənzəyir. Dərdləri, itkiləri, müsibətləri ilə... Birində bir az artıq, digərində bir az kiçik olar bu ağrılar... Amma hamısını köçkünlüyün ümumi iztirabları, məşəqqətləri birləşdirir...

Bu əzabların hamısından keçib Gülşən:

- Nənəmin Gülablıdakı doğulduğu, böyüdüyü evini gördüm. Uşaqlığımın keçdiyi bu həyətdə indi nə bir ağac var, nə üst-üstə iki daş... Yolboyu diqqətlə, ağlayaraq baxırdım, indi bütün Ağdam belədir...

İnsanın öz vətənində "vətənsizəm" deməsi böyük dərddir. Bu dərdlə böyüdüm mən... Qızım Qəmərin indi olduğu yaşda köçkünlük həyatım başladı. Məktəb otağında, çadır şəhərciyində, sonra köçkün qəsəbəsində yaşadıq. Müharibənin dəhşətindən çıxıb köçkünlüyün dəhşətinə düşmüşdük...

Müharibə dövründə İsmayılbəyli kəndində yaşayırdıq. 5 övladını minbir zülmlə böyüdən atam-anam zəhmətlə böyük bağ-bağatlı ev qurmuşdular. O qədər gözəl idi evimiz... Amma doyunca yaşaya bilmədik...

İndi o gözəl evimizdən 10-15 qırıq daş kəsəyi qalıb... Bu gün oranı da ziyarət etdik... Quru daş-kəsəyi sığalladım, qoy bilsinlər ki, sahibləri qayıdıb...

Bu evdə o qədər xoşbəxt idim ki... 1991-ci ildən müsibət başladı. İki il hər gün aramsız bomba, atəş altında yaşadıq, əgər büna yaşamaq demək olarsa... 1993-cü ilin 22 iyulunu heç unutmuram. Şəhid qohumumuzun yas mərasimi idi. Günorta xəbər gəldi ki, Mərzili istiqamətindən ermənilər gəlir, artıq kəndin aşağı hissəsindədirlər. Yəni aramızda cəmi 1 kilometr məsafə qalmışdı. Ehsan qazanları odun üstündə qaldı...

Kinolarda gördüyümüz dəhşəti mən öz həyatımda yaşadım... İnsanlar pərən-pərən düşdü... Uşaqların qışqırıqlarını, övladlarını axtaran anaların bağırtılarını, ailəsini bir yerə yığmağa çalışan ataların həyəcanını, "bizi qoyun gedin, biz sizi ləngidəcəyik" deyən qocaların gözyaşlarını ömrümün son saniyəsinədək unutmaram...

Camaatı çıxartmağa maşın da yox idi. 10 dəqiqəyə kəndi tərk etdik... 10 dəqiqəyə özümüzlə nə götürə bilərdik ki... Quru canımızdan başqa heç nə...

Uşaqlı-böyüklü hamımız piyada üz tutduq şəhərə sarı... Şəhərə çatar-çatmaz xəbər gəldi ki, artıq ermənilər Ağdamın ayağındadır...

Belə tərk etmişdim Ağdamımı...

Gözyaşı, bombalar altında piyada və məğlub çıxdığım doğma yurduma indi qalib kimi qayıtdım...

Diriliş

Ağbirçəklər öndə, gənc xanımlar da onların ardınca Gülablını seyrə çıxıblar...

Təpənin başından Kənd tirəsi, Cəfərxanlar, Məmmədxanlar, Qaya qabaqlı, Suanverdilər, Divanlılar, Mapılar məhəllələrini artıq aydın seçirlər. Gülablının dillər əzbəri olan kəhrizləri, bulaqları isə quruyub. Bir tək "Nazlı bulaq" qalıb...

Gülablının mühafizəsini təmin edən qəhrəman hərbçilər ziyarət olunur, ağbirçəklərin əhd etdikləri qurbanlar kəsilir, əsgərlərə Ramazan süfrəsi açılır...

Sonrakı ünvan Abdaldır. Böyüklərimiz həmişə deyiblər, Gülablı ilə Abdal qonşu kəndlər deyillər, onlar bir kəndin iki böyük məhəlləsidir! Biz bir elik, bir obayıq, bir dərdin sahibləriyik, xeyrimiz də birdir, şərimiz də... Ona görə də Abdalı görmədən Gülablı ziyarəti əsl ziyarət olmaz...

Azərbaycanın ən məşhur kurortlarından sayılan Abdal sanatoriyasından elə bütün kənd kimi, əsər-əlamət qalmayıb. Tar-mar edilib, yandırılıb, daşı daş üstdə qalmayıb Abdalın... Cənnətin ta özü olan Abdal indi xarabalığa çevrilib...

...Gülablını tərk edirik. Avtomobildə qəribə bir sükut var. Heç kim danışmır... Bu qəhərlənmiş insanların üzündə qüruru, məğrurluğu, məmnunluğu, rahatlığı aydın seyr edirəm... Bu əzizlərimi, doğmalarımı, ailə üzvlərimi, elə özümü, sözün düzü, heç vaxt belə ovqatda görməmişəm.

5-6 saat içində 30 ilin dərd yükündən, hüznundən, əzabından xilas olduq...

Və birdən anlayıram: bu, dirilişdir!..

Kökünə, şəcərəsinə, özünə qayıdan insanların yenidən dirilişi, doğuluşudur!..

Talan edilən kənd, dağıdılmış qəbiristanlıq geridə qalır...

Qarşıda inkişafın, quruculuğun gözəl nümunələri olan kəndlər, qəsəbələr, şəhərlərdir. Əminik ki, Ağdam da, Gülablı da tezliklə bu incilərin ən parlaq ulduzlarına çevriləcək...

Şuşada bayraq dalğalandıran, Ağdamı bir güllə atmadan azad edən, bizə Gülablını qaytaran, dualarımızın və alqışlarımızın baş ünvanı olan MÜZƏFFƏR ALİ İRADƏ bunu da edəcək...

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan" qəzetinin baş redaktor müavini,

əməkdar jurnalist

Xəbər lenti

Xəbər lenti