Bakı. Trend:
Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 8-dən sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla 5 (beş) il müddətinə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına
müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının
sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap
edilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş
surəti - 2 nüsxədə;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial
qaydada təsdiq edilmiş surətləri - 2 nüsxədə;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş
surəti (evli olduqda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada
təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə
tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 8 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm və 2
ədəd 4,5x6 sm ölçüdə);
- psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi
dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə
arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion
xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 2
nüsxədə.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: 2022-ci il avqust ayının 8-dən sentyabr ayının 10-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.
Telefon: (012) 538-35-70.
Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Gizir hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.