...

Azərbaycanda baş vermiş yanğınların “Azersky” peyki vasitəsilə monitorinqinin nəticələri açıqlanıb

Gündəm Materials 26 Avqust 2022 11:11 (UTC +04:00)
Azərbaycanda baş vermiş yanğınların “Azersky” peyki vasitəsilə monitorinqinin nəticələri açıqlanıb

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos “Azersky” peyki vasitəsilə ölkə ərazisində, xüsusən də şimal və şimal-qərb regionlarında 2022-ci ilin avqust ayında baş vermiş yanğınların gündəlik monitorinqini aparıb.

Trend-in məlumatına görə, bunu Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

Onun sözlərinə görə, “Azersky” peykindən əldə olunmuş təsvirlər vasitəsilə yanğınların baş verdiyi əraziləri aydın şəkildə izləmək mümkün olub. Təsvirlərin analizi əsasında yanğının yayıldığı ərazilər müəyyən edilib, həmin ərazilərin meşə, kolluq, otlaq və əkin sahələri üzrə təsnifatı aparılıb, ümumi sahəsi hesablanıb. Təhlilin nəticələri göstərir ki, bu ilin avqust ayında Şabranda 3711 hektar, Siyəzəndə 800 hektar, Qubada 555 hektar, Şamaxıda 164 hektar, Xaçmazda 71 hektar, Şəkidə 6 hektar və Qəbələdə 4 hektar olmaqla ümumilikdə 5311 hektar ərazidə yanğın baş verib. Yanmış ərazinin təxminən 30%-i, yəni 1670 hektarı meşə sahəsinin payına düşür.

"“Azersky” peyki ölkə ərazisinin gündəlik monitorinqini həyata keçirir və bu, yanğınların təkcə fəsadlarını deyil, həm də dinamikasını izləməyə imkan verir. Peyk təsvirlərinin analizi əsasında bitki örtüyünün vəziyyəti barədə dəqiq məlumatlar əldə olunur, yanğın baş vermiş ərazilərdə ağacların çətirlərinin yanıb-yanmaması müəyyən edilir. Peyk təsvirlərindən yanğın nəticəsində maddi və ekoloji cəhətdən dəymiş zərərin qiymətləndirilməsində də istifadə oluna bilər", -deyə o əlavə edib.

Qeyd edək ki, “Azersky” peykinin resurslarından ölkəmizdə müxtəlif sahələrdə – kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə hallar, hasilat sənayesi, meliorasiya, su təsərrüfatı, nəqliyyat və yol infrastrukturu, turizm, xəritəçəkmə, şəhərsalma, dövlət əmlakının idarə olunması və kadastr işlərində istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti