Bakı. Trend:
Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) ilə Türkiyənin nüfuzlu media qurumlarından biri olan Demirören İnformasiya Agentliyi (DHA) əməkdaşlığı genişləndirirərək yeni layihələrə imza atıblar. Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov və DHA-nın baş direktoru Celal Korkut arasında iki müqavilə imzalanıb.
Bu barədə Türkiyənin "Hürriyyet" qəzetində qeyd olunub.
Bildirilib ki, Trend DHA-nın Türkiyədə fəaliyyət göstərəcək informasiya resursunun Azərbaycan və ingilis dilli versiyalarının işini təşkil edəcək.
Tərəflər arasında imzalanan digər müqaviləyə əsasən, DHA və Trend artıq informasiya texnologiyaları (IT) sektorunda da əməkdaşlıq edəcək. Belə ki, Trend BİA-nın IT komandasının hazırladığı proqram təminatı DHA tərəfindən hazırlanan layihədə istifadə ediləcək.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Azəbaycan mediasının inkişafı istiqamətində səyləri nəticəsində Azərbaycan mediasının əsl inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Milli Məclisin deputatı Sevil Mikayılova qeyd edib ki, Trend və DHA arasında imzalanan müqavilələr Türkiyə ilə Azərbaycan arasında media əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.
Trend Beynəlxalq İnformasiya Agentliyində keçirilən mərasimdə DHA-nın baş direktoru Celal Korkut əməkdaşlığın əhəmiyyətindən bəhs edərək, imzalanan müqavilələrin Türk dövlətlərinin media qurumları arasında daha çox əməkdaşlığa qapı açacağını, eyni zamanda bütün dünyaya birgə fəaliyyət örnəyi göstərəcəyini vurğulayıb.
Demirören İnformasiya Agentliyi ilə Trend Beynəlxalq İnformasiya Agentliyi arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid iki xəbər agentliyi arasında imzalanan müqavilələrin həm Azərbaycan, həm də Türkiyə mediasına yeni uğurlar qazandıracağını bildirib.