Bakı. Trend:
Türkiyənin İğdır şəhərində Ermənistan silahlı qüvvələrinin 30 illik işğal və II Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin və İğdır Azərbaycan Evi Dərnəyi tərəfindən təşkil olunan aksiyada iki il öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində həlak olan mülki vətəndaşların xatirəsi yad edilib.
Dərnək sədri Ziya Zakir Acar bildirib ki, Türkiyədəki soydaşlarımız 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olması, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pisləyirlər. Beynəlxalq təşkilatların indiyədək bu faktların araşdırılması istiqamətində heç bir addım atmadığını təəssüflə vurğulayan dərnək sədri bildirib ki, Ermənistan bütün hərbi cinayətlərinə görə cavab verməlidir.
Tədbir iştirakçıları beynəlxalq birliyi xalqımıza qarşı müxtəlif vaxtlarda etnik zəmində törədilmiş insanlığa və sülhə qarşı cinayətlərə görə Ermənistanda məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün təcili qanunvericilik tədbirləri qəbul etməyə çağırıblar.