...

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev İli”nə həsr edilmiş tədbir keçirilib (FOTO)

Gündəm Materials 27 Yanvar 2023 17:44 (UTC +04:00)

Bakı. Trend:

27 yanvar 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirilib.

Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə, FHN-in əməkdaşları və Akademiyanın kursantları iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra FHN-in Akademiyasının şəxsi heyətinin təntənəli keçidi olub.

FHN Akademiyasinin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

Əvvəlcə, Nazirliyin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.

Sonra tədbirdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirib. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin cənab Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyini qürur hissi ilə dilə gətirən nazir deyib ki, milli qurtuluşdan başlanan Zəfər yolu xalqımızı tarixi Qələbə gününə qədər aparıb. Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Artıq 3-cü ildir ki, müstəqil Azərbaycan Zəfər bayramının sevincinə bürünüb. Ulu Öndərin arzusunu, vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun, xalqımızın sarsılmaz birliyinin və vəhdətinin nəticəsi olaraq doğma Qarabağımız düşmən işğalından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan nazir deyib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - söyləyən ulu öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb, dünya dövlətləri sırasında özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib.

Nazir xüsusi vurğulayıb ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müdrik uzaqgörənliyi, böyük idarəçilik qabiliyyəti, təşkilatçılıq bacarığı ilə ölkəmizin iri addımlarla irəliləməsini təmin edib. Ulu öndər 1990-cı ildə Naxçıvana gələrək son dərəcə ağır vəziyyətdə olan bu qədim diyarı mətanətlə erməni təcavüzündən qoruyub, əsl nicat yoluna çıxararaq onun hərtərəfli inkişafını təmin edib. O, Heydər Əliyevin müstəqilliyimizin ən ağır vaxtında – 1993-cü ilin iyun ayında xalqın tələb və təkidi ilə hakimiyyətə yenidən gəlişi ilə Azərbaycanı real parçalanma, xalqı qardaş qırğını və vətəndaş müharibəsindən özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, siyasi uzaqgörənliyi ilə qurtardığını, “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, - deyib öz xalqına sahib çıxmasını misilsiz fədakarlıq, qəhrəmanlıq nümunəsi adlandırıb. Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti sayəsində xaos və anarxiyanın hökm sürdüyü ölkəmiz qısa müddətdə sistemli və hərtərəfli inkişaf yoluna çıxdı və dünya dövlətləri arasında özünəməxsus yerə sahib oldu. Bütün digər sahələrdə olduğu kimi, insanların təhlükəsizliyinin təmin edilməsi, o cümlədən təbii və texnogen fəlakətlərlə səmərəli mübarizə məsələləri də hər zaman Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən olub. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fəaliyyətini ulu öndərin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” müdrik kəlamı üzərində qurub.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın ən qüdrətli dövrünü yaşadığını qeyd edən K.Heydərov həyata keçirilən çoxşaxəli islahatlar, uğurlu daxili və xarici siyasət sayəsində sabitlik diyarı və inkişaf məkanı kimi tanınan, postmüharibə dövründə bütün çağırışlara hazırlıqlı olduğunu qətiyyətlə nümayiş etdirən, regional güc mərkəzi kimi strateji hədəflərə doğru əmin addımlarla irəliləyən ölkəmizin dünya birliyindəki mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib.

Fövqəladə hallar naziri çıxışında dahi şəxsiyyətin zəngin mənəvi irsini yaşadıb təbliğ edərək bütün dünyada tanıdan, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak edən, onun Azərbaycançılıq ideyalarını gənc nəsillərə aşılayan, insanlara daim kömək əli uzadan, xeyirxah işlər görən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlərindən də söz açıb.

Çıxışının sonunda nazir Kəmaləddin Heydərov bildirib ki, ümummilli lider Heydər Əliyevin müasiri olmaq hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir: “Çox xoşbəxtik ki, dünyanın gələcəyini, millətinin mənafeyini düşünən Dahi Liderin müasirləri və qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını ölkə əhalisinin təhlükəsiz həyat və fəaliyyətinin təmin olunması naminə səfərbər edəcəkdir”.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, zəngin dövlətçilik fəaliyyətindən danışıb. A.Rəhimzadə bildirib ki, öz misilsiz fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanımızın memarı və qurucusu olan böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürur duyurdusa, bizlər, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da onunla vəxr edir, qürur duyuruq.

Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışının formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilib. 1990-cı illərin əvvəlində - tarixinin bu böhranlı məqamında da xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Xalqın şüurunda Heydər Əliyev təkcə 1970-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ilin iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi.

Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir dövrə - inkişaf və tərəqqi dövrünə qədəm qoydu, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrildi.

Məhz Ulu Öndərin siyasi uzaqgörənliklə işləyib hazırladığı, Azərbaycanın hərtərəfli inkişafı və dünyanın ən güclü dövlətlərindən birinə çevrilməsi məqsədi daşıyan mütərəqqi siyasi kurs sayəsində ölkəmiz qısa müddətdə regionun lider dövlətinə, əsl söz sahibinə çevrildi. Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən cənab Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, məqsədyönlü fəaliyyəti sayəsində dünya güclərinin hesablaşdığı müasir, müstəqil Azərbaycan beynəlxalq münasibətlər məkanında öz layiqli yerini tutub.

Tədbirdə çıxış edən digər natiqlər Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, titanik fəaliyyətindən ətraflı danışıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti