Bakı. Trend:
Yenicə imzalanmış üçillik müqaviləyə əsasən Formula 1 Azərbaycan Qran Prisinin müddəti 2026-cı ilədək uzadılıb.
Trend-in məlumatına görə, Xəzər dənizinin sahilində yerləşən, Hermann Tilke tərəfindən hazırlanmış 6 km uzunluğunda və 20 döngədən ibarət Bakı Şəhər Halqası həmişə yaddaqalan yarışlara ev sahibliyi edib və Formula 1 Azərbaycan Qran Prisində bu vaxta qədər təkrar qalib olmayıb. Bakıda 2016-cı ildə keçirilmiş debüt F1 yarışının qalibi Niko Rosberq olmuş, ardınca isə Daniel Rikkardo, Luis Hamilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen qələbə qazanıb.
2023-cü ildə Bakı Şəhər Halqası hər sessiyasında azarkeşlər üçün yüksək həyəcan vəd edən Sprint yarışının təsnifat turu və 100 km-lik Sprint yarışı ilə yeni formatda keçirilən mövsümün altı Sprint yarışından birincisinə ev sahibliyi edir.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali: “Bakı Şəhər Halqası Formula 1 üçün çox populyar bir məkana çevrilib. Daim gərgin mübarizələrə şahidlik edən bu şəhər halqası son vaxtların ən yaddaqalan və ən həyəcanlı yarışlarına ev sahibliyi etmişdir. Biz Azərbaycan ilə əlaqələrimizi genişləndirməyə şadıq və birgə inkişafımızı davam etdirməkdə maraqlıyıq”.