Bakı. Trend:
Türkiyənin nüfuzlu media qurumları "dhapress.com" layihəsindən yazır
Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu Demirören İnformasiya Agentliyinin (DHA) birgə layihəsi olan "www.dhapress.com"un Şuşa Qlobal Media Forumu çərçivəsində təqdimatı qardaş ölkədə geniş əks-səda doğurub.
Türkiyə mətbuatı layihənin təqdimatı ilə bağlı məlumatlara ön səhifələrdə yer ayırıb. Türkiyənin DHA və CNN Türk kanalları, hürriyet.com.tr, milliyet.com.tr, gazetevatan.com, posta.com.tr, ulusalhaber.com.tr, haber16.com, nethaber.com.tr, f5haber.com, turkiyeburada.net və digər media platformalarında layihə haqqında ətraflı xəbərlər yayımlanıb.
Qeyd olunub ki, "dhapress.com" layihəsinin Şuşada xarici jurnalistlərə tanıdılması böyük əhəmiyyətə malikdir. "Dhapress.com"un Azərbaycanla Türkiyə arasında ilk media layihəsi olduğunu xüsusi vurğulayan Türkiyə mətbuatı platformanın üstünlüklərinə diqqət çəkib, bunun ölkələrimiz arasında media sahəsində əməkdaşlığa böyük töhfə olacağını yazıb. Azərbaycan barədə xəbər lentinin Türkiyənin nəhəng media portalında yerləşdirilməsi də layihənin əsas özəlliklərindən biri kimi vurğulanıb. Bildirilib ki, yeni media layihəsi sayəsində oxucular təkcə Türkiyə və Azərbaycanda deyil, bütün dünyada baş verən mühüm proseslərdən daha operativ və ətraflı xəbər tutmaq imkanı qazanacaqlar. "Dhapress.com" bütün türk dünyasının haqq səsini dünyaya çatdıran vacib platforma olacaq", - deyə Türkiyə mətbuatı Trend və DHA-nın birgə layihəsi barədə yazıb.