...

Qarlı və şaxtalı havaya avtomobillər necə hazırlanmalıdır?

Gündəm Materials 8 Yanvar 2026 09:09 (UTC +04:00)
Qarlı və şaxtalı havaya avtomobillər necə hazırlanmalıdır?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Son günlər ölkə ərazisində soyuq hava şəraiti müşahidə olunur. Bu cür hava şəraitində avtomobillərin sürüşməsi də yol hərəkətində ən ciddi risklərdən birinə çevrilir. Temperaturun sıfır dərəcəyə yaxınlaşması ilə yollarda buzlanma yaranır, bu da təkərlərin yol səthi ilə təmasını zəiflədir və qəza ehtimalını artırır. Xüsusilə sürücülərin sürət həddinə riayət etməməsi, yay təkərlərindən istifadə və qəfil manevrlər sürüşmə hallarının daha da artmasına səbəb olur.

Məsələ ilə bağlı Trend-ə avtomobil təmiri mütəxəssisi Razil Nağıyev bildirib ki, əslində qışa hazırlıq işlərinə qar yağmağa başladıqdan sonra deyil, hava temperaturu sabit şəkildə aşağı düşməzdən əvvəl başlanmalıdır.

Onun sözlərinə görə, texniki baxımdan optimal dövr oktyabr ayının ikinci yarısı və noyabr ayının əvvəli hesab olunur. Bu dövrdə görülən tədbirlər avtomobilin qış şəraitində təhlükəsiz və stabil istismarını təmin edir.

“Qış mövsümünə hazırlığın ən vacib mərhələsi qış təkərlərinə keçiddir. Hava temperaturu +7°C-dən aşağı düşdükdə yay təkərləri elastikliyini itirir və yol tutumu kəskin azalır. Qış təkərləri isə yumşaq rezin tərkibi və xüsusi protektor quruluşu sayəsində qar və buz üzərində daha yaxşı tutum yaradır və əyləc məsafəsini əhəmiyyətli dərəcədə azaldır”.

O vurğulayıb ki, bununla yanaşı, soyuducu sistemdə istifadə olunan antifrizin vəziyyəti mütləq yoxlanılmalıdır:

“Antifriz dərəcəsi minimum -30°C səviyyəsində olmalıdır. Sistemə su qatılması və ya uyğun olmayan mayenin istifadəsi şaxtalı havada radiatorun və mühərrikin ciddi zədələnməsinə səbəb ola bilər. Soyuq hava akkumulyatorun iş qabiliyyətinə də birbaşa təsir göstərir. Qış aylarında akkumulyatorun gücü təxminən 30–40% azalır. Bu səbəbdən köhnə və zəif akkumulyatorlar səhər saatlarında avtomobilin işə düşməməsinə və sürücünün yolda qalmasına gətirib çıxara bilər”.

Mütəxəssis qeyd edib ki, qış mövsümündə mühərrik yağının seçimi də xüsusi əhəmiyyət daşıyır. Daha axıcı və aşağı temperaturda öz xüsusiyyətlərini saxlayan yağların istifadəsi mühərrikin soyuq start zamanı rahat işləməsini təmin edir və daxili aşınmanı azaldır.

“Eyni zamanda, şüşəsilən və şüşə yuma sistemi qış rejiminə uyğunlaşdırılmalıdır. Yay üçün nəzərdə tutulmuş şüşə yuma mayesi şaxtalı havada donar və görmə məsafəsini ciddi şəkildə azaldar. Silecek rezinlərinin vəziyyəti də yoxlanmalı, sərtləşmiş və aşınmış rezinlər vaxtında dəyişdirilməlidir”,- deyə o əlavə edib.

Nəqliyyat eksperti Fərhad Eyyubov isə Trend-ə açıqlamasında vurğulayıb ki, Azərbaycanda qış fəsli digər ölkələrlə müqayisədə qısa çəkir. Bu səbəbdən yolların hava şəraitinə görə pisləşə biləcəyini çox vaxt nəzərə almır və şəxsi avtomobillərimizi qış mövsümünə lazımi səviyyədə hazırlamırıq.

“Nəqliyyat vasitələri bir neçə kateqoriyaya bölünür: ümumi təyinatlı, xüsusi təyinatlı, idarə tabeçiliyində olan, sahibkarlara məxsus və şəxsi istifadə edilən avtomobillər. Hər bir növ nəqliyyat vasitəsinin özünə uyğun təmir və texniki qulluq bazası mövcuddur. Lakin şəxsi istifadədə olan avtomobillərin əksəriyyətinə qış mövsümünə ‘birtəhər dözək’ yanaşması ilə münasibət göstərilir”, - o deyib.

O qeyd edib ki, müasir avtomobillərin mühərrikləri qapalı sistem əsasında işləyir və onların antifriz sistemi, eləcə də digər istismar mayeləri nisbətən münasib qiymətə başa gəlir.

Ekspertin fikrincə, avtomobillərin şüşə təmizləyici mayelərinə də xüsusi diqqət yetirilməlidir. Qış mövsümü üçün nəzərdə tutulan bəzi mayelər donmanın qarşısını almağa kömək edir.

“Qış mövsümündə avtomobillərin sürüşmə və tormozlama zamanı manevr qabiliyyətinin təmin edilməsi üçün qış təkərlərindən istifadə olunması tövsiyə edilir. Ümumilikdə avtomobilin qışa hazırlanması bir neçə mərhələdən ibarətdir. İlk növbədə sürücünün peşəkarlığı mühüm rol oynayır. Əgər sürücünün təcrübəsi kifayət qədər deyilsə, avtomobilin qış fəslinə texniki cəhətdən hazır olması da gözlənilən effekti verməyəcək. Bu baxımdan təcrübəsiz sürücülərin qış aylarında zəruri olmayan səfərlərdən çəkinməsi məqsədəuyğundur.

Növbəti amil avtomobilin konstruktiv xüsusiyyətləri ilə bağlıdır. Təkərlə yol səthi arasındakı ilişmə əmsalı normativlərə uyğun olmalıdır. Təəssüf ki, Azərbaycanda avtomobillərin təxminən 40%-i 10 ildən, 30%-i isə 20 ildən artıq istismar olunan şəxsi nəqliyyat vasitələridir. Uzun müddət istifadə olunan avtomobillərin konstruktiv elementləri zəifləyir, texniki resursları azalır. Bununla yanaşı, avtomobil yollarında da sürüşməyə qarşı müvafiq hazırlıq işləri aparılmalıdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti