...

DİN respublikada törədilən son cinayətlərlə bağlı üç nəfər barəsində axtarış elan edib

Hadisə Materials 2 Noyabr 2007 15:57 (UTC +04:00)
DİN respublikada törədilən son cinayətlərlə bağlı üç nəfər barəsində axtarış elan edib

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Daxili İşlər Nazirliyi respublikada törədilən son cinayət hadisələri ilə bağlı üç nəfər barəsində axtarış elan edib.

Son günlər Bakıda və respublikanın bəzi bölgələrində baş vermiş bir sıra ağır cinayət hadisələrinin törədilməsində təqsirləndirilən və şübhəli bilinən Kamran Əsədov, Bəxtiyar Orucov və Fərid Cabbarov barəsində və onların yeri haqqında məlumatı olan şəxslərdən hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş edilir.

Həmin şəxslərin bir neçə gün öncə "LUKoil" yanacaqdoldurma məntəqəsinə hücum edən şəxslər olduğu gümün olunur.

Oktyabrın 30-dan 31-nə keçən gecə, saat 23 radələrində Bakının Nizami rayonu ərazisində, H.Əliyev prospektindəki "Lukoyl" yanacaqdoldurma məntəqəsinə maskalılar basqın edib. Basqın zamanı orada müştəri qismində taksi kimi istifadə edilən "Jiquli" markalı avtomobil olub. 3 nəfər əli avtomatlı şəxs həmin vaxt operatorlara yaxınlaşaraq, pul tələb edib. Basqınçılar yanacaqdoldurma məntəqəsindən 2 min 800 manat məbləğində pul götürüblər.

Əsədov bir neçə gün öncə Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədən 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edib. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayəti bir qrup şəxslə törədib. Əsədov və qrupun digər üzvləri silah-sursatın və hərbi ləvazimatın bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. MTN tərəfindən oktyabr ayının 27-də Bakının Maştağa qəsəbəsi, Bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Azərbaycanın hüquq-mühafizə orqanlarına radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub.

"LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın edənlərin şəxsiyyətinin müəyyənləşdirildiyi barədə məlumatı Respublika Prokurorluğundan təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti