Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İzzət/
Bakıda quldurluq etmiş dəstənin bir üzvü tutulub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, bu gecə, sentyabrın 26-da, saat 01.00 radələrində Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi yeni yaşayış sahəsində 6 naməlum şəxs Bakı şəhər sakinləri Əhməd Qaraşovu və Gülnarə Məmmədovanı döyüb. Quldur dəstəsinin üzvləri Ə.Qaraşovdan "Mercedes" markalı avtomaşınının açarlarını, avtomaşında olan 135 manat pulu və şəxsi sənədlərini, G.Məmmədovadan isə 2 ədəd mobil telefonunu alıblar.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, Naxşıvan Muxtar Respublikasının Babək rayon sakini Samir Məmmədov tutulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.