...

Bakı-Şamaxı-Yevlax yolunda 7 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub

Hadisə Materials 29 Dekabr 2013 11:44 (UTC +04:00)
Dekabrın 27-də saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi kəndi ərazisində 7 nəfərin ölümü, 1 nəfərin xəsarət alması nəticlənən yol qəzasının sürücülərdən birinin səhhətində yaranmış problemlə bağlı baş verdiyi ehtimal edilir.
Bakı-Şamaxı-Yevlax yolunda 7 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İzzət/

Dekabrın 28-də saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi kəndi ərazisində 7 nəfərin ölümü, 1 nəfərin xəsarət alması nəticlənən yol qəzasının sürücülərdən birinin səhhətində yaranmış problemlə bağlı baş verdiyi ehtimal edilir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisi qeyd edib ki, bu, hələlik ilkin ehtimaldır: "Hadisə şahidlərinin bildirdiyinə görə, Qasımov Nurlan Ədalət oğluna məxsus 90-KU-103 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil hərəkətdə olarkən öz hərəkət zolağından çıxaraq bir neçə avtomobilin qarşısına çıxıb. Lakin həmin avtomobillərin sürücüləri avtomobilləri vaxtında kənara çəkərək toqquşmadan yayına biliblər. Bu, onu deməyə əsas verir ki, sürücü Qasımov Nurlanın sağlamlığında, çox güman ki, problemləri yaranıb. Yəni o, avtomobillərini qaçıran digər sürücülərin siqnallarına və ya sərnişinlərin qışqırığına ayıla bilərdi. Lakin sürücü bunu etməyib və qarşı yolla hərəkətdə olan Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90-BC-517 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 7 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Hər halda bu məsələ təyin olunmuş ekspertizanın rəyindən sonra dəqiq müəyyənləşəcək. Amma ilkin ehtimala görə, qəza həmin sürücünün sağlamlıq problemi ilə bağlı baş verib".

K.Əliyev həmçinin bildirib ki, artıq bu faciəli hadisə ilə bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti