Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/
Azərbaycana narkotik maddələr keçirmək istəyən İran vətəndaşı tutulub.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Mahboubalı Taghavının üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 23,108 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 3,113 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.
Bundan başqa, M.Taghavının hərəkətləri şübhə yaratdığı üçün onun üzərində şəxsi yoxlama davam etdirilib və nəticədə, İran vətəndaşının daxili orqanından, yəni düz bağırsağından cəmi 5 ədəd bükümdə, ümumi xalis çəkisi 118,909 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.