...

Bakıda soyğunçuluq və quldurluq cinayətləri törətmiş 40 nəfərdən ibarət 17 qrup ifşa olunub

Hadisə Materials 20 Aprel 2017 17:31 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib.
Bakıda soyğunçuluq və quldurluq cinayətləri törətmiş 40 nəfərdən ibarət 17 qrup ifşa olunub

Bakı. Trend:

Aprelin 20-də Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Bakı Şəhər BPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, yola saldığımız 2017-ci ilin ilk 3 ayı da respublikamız üçün əlamətdar olub.

2017-ci ilin I rübündə paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə müşavirə iştirakçılarına təqdim edilib. Qeyd olunub ki, 2017-ci ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2.865 (3.518) cinayət qeydə alınıb ki, onların da 82,3%-i (2.359-u) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,7%-i isə (506-ı) ağır və xüsusilə ağır növlər olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə adam öldürməyə cəhdlər 3 dəfə, qəsdən sağlamlığa ağır zərər vurmalar 40% azalıb.

Baş verən cinayətlərin 75,4%-nin (74,4%), ağır növlərinin 73,8%-nin (78,5%), qeyri-aşkar şəraitdə baş verənlərin 67,7%-nin (60,4%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 438 cinayətdən 88,4%-i (93,5%), o cümlədən qəsdən adam öldürmələrin 100%-i (94,4%), adam öldürməyə cəhdlərin 100%-i (100%) açılıb.

Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 1,0%, qəsdən adam öldürmələr 5,6%, mülkiyyət əleyhinə olan cinayətlər 4%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqları 40,2%, xüsusi əmlak oğurluqları 8,4%, mənzillərdən edilən oğurluqlar 13,6%, mal-qara oğurluğu 38,3%, soyğunçuluqlar 11,5%, quldurluqlar 2,7%, xuliqanlıqlar 6,6%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,8% yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1.242 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 61 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olan 767 nəfərdən 43,8%-i (+1,3%, 336-ı), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 370 nəfərdən isə 24,9%-i (-6,0%, 92-i) tutulubr.

Bununla yanaşı, 17 soyğunçuluq və quldurluq cinayəti törətmiş 40 nəfərdən ibarət 17 qrup, eləcə də 38 mənzil oğurluğu törətmiş 51 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa olunub.

Narkotiklərlə bağlı aşkar edilmiş 294 (351) fakt üzrə qanunsuz dövriyyədən 161 kq-dan çox (+46 kq 948 qr) narkotik vasitə çıxarılıb.

Hesabat dövründə 44 odlu silah, 4 qumbara, 1.319 ədəd döyüş patronu yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 31 odlu silah əməliyyat yolu ilə götürülüb.

Paytaxt ərazisində baş vermiş 140 (147) yol-nəqliyyat hadisəsində 44 (31) nəfər həlak olub, 134 (160) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,8%, xəsarət alanların sayı isə 16,3% azalsa da, həlak olanların sayı artıb.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 259 (433) müvafiq müraciətdən 173-nün (227) icrası təmin olunub.

Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 8.697 nəfərə şəxsiyyət vəsiqəsi verilib, 4.653 vətəndaş yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb, 1.665 şəxs qeydiyyata alınıb.

Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Bakı şəhər BPİ-nin rəisi M.Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2017-ci ilin I rübündəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqları qeyd edib, onların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti