Bakı. Trend:
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat nəticəsində Gəncə şəhər sakini Rövşən Zeynalov narkotik vasitə olan heroini şəhər ərazisində 100 manata satarkən cinayət başında yaxalanıb.
Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qədimovdan 420 qram marixuana, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Müslümidən heroin və 295 qramdan artıq marixuana aşkar edilib.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 18-nə keçən gecə Şorəlli kəndindəki evlərin birindən 750 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Səmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evdən əlavə olaraq 345 qram marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və “Metamfetamin” aşkar edilib.
Araşdırmalarla onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb. Ondan 44 qramdan artıq heroin, “Metamfetamin” və 70 ədəd “Tramadol” həbləri aşkar edilib. Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram heroin, “Metafetamin” və “AMB-Fubinaca” adlı narkotik vasitə aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.