Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəranda, əmlak oğurluğunda təqsirli bilinən bir qrup şəxs yaxalanıb. Rayon polis şöbəsinin İstintaq bölməsinin rəisi İsmayıl Məmmədovun çərşənbə axşamı verdiyi məlumata görə, Lənkəranın Ləj kənd sakini, 1986-cı il təvəllüdlü Rüstəmov Rüstəm Rafiq oğlu 2007-ci il iyul ayının 20-dən 21-nə keçən gecə, kənd sakinləri - 1987-ci il təvəllüdlü Şərifov Vaqif Bərxuda oğlu və 1986-cı il təvəllüdlü Ağayev İnqlab Mehman oğlu ilə özgənin əmlakını gizli olaraq talamaq barədə cinayət razılaşmasına gəliblər.
Onlar Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən Lənkəran Hava Limanının uçuş zolağının yaxınlığında tikinti işləri aparan "AZVİRT" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 156 manat dəyərində 65 metr uzunluğunda 50-lik dəmir bucaqlıları və 9 manat dəyərində 13,5 metr uzunluğunda dəmir armaturları oğurlayıblar.
Təkraran, iyulun 30-dan 31-nə keçən gecə Rüstəmov həmkəndlisi Şərifovla birlikdə həmin zolaqdan 1 454 manat dəyərində "Honda" markalı elektrik qeneratorunu oğurlayıblar.
Rüstəmov və Şərifovun evlərində aparılan axtarış zamanı oğurlanmış əmlak aşkarlanaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.