...

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistanı atəşkəs rejimini bərpa etməyə çağırıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Mart 2008 12:59 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistanı atəşkəs rejimini bərpa etməyə çağırıblar

Azərbaycan, Bakı, 08 mart / Trend , müxbir C.Babayeva/ ATƏT-in Minsk qrupu həmsədrləri Yuri Merzlyakov, Bernar Fasye və Metyu Brayza birgə bəyanat yayıblar. Həmsədrlər Ermənistan və Azərbaycanı atəşkəs rejimini və qarşılıqlı etimadı bərpa etməyə çağırıblar. Bu barədə ATƏT-in press-relizində bildirilir. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-ü səhərdən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin bir neçə istiqamətində növbəti dəfə atəşkəs rejimini pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən martın 5-də verilən məlumata gbrə, atışma nəticəsində Ermənistan tərəfi 12 hərbi qulluqçusunu itirib, 15 əsgəri isə yaralanıb. Azərbaycan tərəfindən dörd əsgər həlak olub, biri isə yaralanıb. Hazırda qoşunların təmas xəttində vəziyyət nisbi sabitdir.

"ATƏT-in Minsk qrupu martın 4-də cəbhə xəttində insan tələfatı ilə müşayiət edilən faciəvi hadisələrdən təəssüfləndiklərini bəyan edirlər. Həmsədrlər tərəfləri münaqişə cəbhəsi boyu etimadı bərpa etməyə, gələcək qarşıdurmadan, zorakılığın gücləndirilməsindən və hərbi ritorikadan çəkinməyə çağırırlar", deyə bəyanatda qeyd edilir.

Həmsədrlər bir daha bu münaqişənin hərbi həll yolu olmadığını təkrar ediblər: "Düşmənçiliyin güclənməsi münaqişəyə cəlb olunmuş tərəflər üçün gözlənilməz nəticələr törətməklə bütün regionda sabitliyi poza bilər. İndiki insan tələfatı hər iki tərəfə bir daha göstərir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin həllinə nail olmaq üçün danışıqlar masasına qayıtmaq lazımdır. Həmsədrlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirir və Dağlıq Qarabağın statusunun danışıqların predmeti oldğunu bəyan edirlər".

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ 1991-ci ilin dekabrında Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa və Xocalı, həmçinin Dağlıq qarabağa bitişiek yeddi rayon işğal olunub.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti