...

ATƏT-in Minsk qrupu "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" Qətnamə layihəsini dəstəkləmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2008 15:44 (UTC +04:00)
ATƏT-in Minsk qrupu "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" Qətnamə layihəsini dəstəkləmir

Avstriya,Vyana, 14 mart/ Trend , müxbir A.Ələsgərov/ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədrləri BMT-yə təqdim olunmuş "Azərbaycanın işğalı olunmuş ərazilərindəki vəziyyət haqqında" Qətnamə layihəsini dəstəkləmirlər.

"Təqdim olunmuş layihə bizim dəstəyimizi almayacaq. Minsk qrupunun bütün həmsədr-ölkələri bu fikirdədir. Qətnamə həmsədr və münaqişə tərəflərinin işini tam əks etdirmir" - deyə cümə günü Trend a Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

BMT Baş Assambleyası bu gün "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" Qətnamə layihəsini müzakirə edəcək. Azərbaycan yeni Qətnamədə BMT-nin Baş katibini qətnamənin həyata keçirilməsi haqqında məruzə etməyə çağırıb. Layihədə Azərbaycan ərazilərindən Ermənistan qüvvələrinin dərhal, danışıqlarsız və qeyri-şərtsiz çıxarılması tələbləri irəli sürülür.

Azərbaycan BMT-yə üzv ölkələri işğal olunmuş ərazilərdən qovulmuş əhalinin hüquqlarını təsdiq etməyə, onların öz evlərinə dönməsinin və münaqişə zamanı ziyan dəymiş ərazilərin əhatəli bərpasının zəruriliyini qeyd etməyə çağırır.

Azərbaycan BMT-ni öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ ərazisində effektiv demokratik sistemin yaradılmasını dəstəkləməyə çağırır.

"Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan və Azərbaycan icmalarına normal, təhlükəsiz və bərabər şəraitlər yaradılmalıdır" - deyə Qətnamə layihəsində bildirilir.

Merzlyakov hesab edir ki, Qətnamə həddindən artıq birtərəflidir. "Orada ancaq Azərbaycanın maraqlandıran məsələlər qeyd olunub. Layihə vaxtında olmayıb, birtərəfli və nataraz alınıb . Bu hamımız üçün gözlənilməz oldu" - Merzlyakov deyib.

İki cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və o vaxtdan Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi altında Minsk qrupunun himayəsi altında sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti