...

Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılan mədəni-tarixi abidələrlə bağlı Avropa Şurasının missiyası regiona gələcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2008 12:26 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılan mədəni-tarixi abidələrlə bağlı Avropa Şurasının missiyası regiona gələcək

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycan tərəfi mədəni irsə qarşı törədilmiş vəhşiliklərin araşdırılmasında və əsl həqiqətlərin üzə çıxarılmasında maraqlıdır.

"Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsimizə qarşı təcavüz baş verib", çərşənbə axşamı Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə XİN-in Xarici Siyasətin Planlaşdırılması və Strateji Araşdırma İdarəsinin rəisi Tofiq Musayev bildirib.

Trend -un arayışı: Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Palmerin rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Azərbaycana səfəri başlayıb.

Azərbaycan tərəfi ölkənin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni-tarixi abidələrin məhv edilməsi ilə bağlı araşdırmaların aparılması üçün beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına müraciət etmişdi.

Palmer görüşdə bildirib ki, Azərbaycan və Ermənistan mədəni irsə qarşı hər hansı təcavüzün edilməməsi barədə öhdəlik götürüb. Onun sözlərinə görə, hər iki ölkə mədəni irsin dağıdılması ilə bağlı siyahı təqdim etdikdən sonra bu siyahı yoxlanılacaq. Faktları Avropa Şurası Nazirlər Kabinetinin müstəqil missiyası araşdıracaq. Palmer vurğulayıb ki, hər hansı problem yaranmasa, AŞ Nazirlər Kabinetinin missiyası sentyabrda regiona gələcək.

Görüşdən sonra Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, AŞ rəsmilərinin səfəri dekabrda Bakıda keçiriləcək mədəniyyət nazirlərinin konfransına hazırlıq məqsədi daşıyır.

"Mədəni irsin dağıdılması gündən-günə aktuallaşır və Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən mədəni irsin dağıdılması ilə bağlı məlumatlar mütəmadi olaraq Avropa Şurasına çatdırılır", Seyidov əlavə edib.

Görüşdə qonaqlara Azərbaycanın mədəni abidələrinin dağıdılması faktlarını özündə əks etdirən film nümayiş etdirilib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti