Azərbaycan, Bərdə, 18 noyabr / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Füzuli rayonunun ərazisində yerləşən (Bakıdan 360 km cənub - qərbdə) "N" saylı hərbi hissənin şəhid olmuş əsgərinin meyitinin verilməsi üçün Ermənistan tərəfi ilə razılıq əldə olunub.
Trend -un bölgə müxbirinin məlumatına görə, əsgər Orxan Şəmilovun meyitinin bu gün axşam Ağdamın Xanqərvənd kəndi yaxınlığında qaytarılması nəzərdə tutulub.
Trend - un arayışı: Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 16 - da gecə cəbhənin Füzuli istiqamətində, qoşunların təmas xəttində baş verən atışma nəticəsində, Azərbaycan Ordusunun əsgəri Şəmilov Orxan Fərhad oğlu həlak olub. Məlumatda bildirilir ki, atəşkəs pozulan anda döyüş növbəsi çəkən əsgər Şəmilov düşməni susdurmağa çalışıb. Bir neçə dəqiqə davam edən atışmada əsgər düşmənin iki əsgərini məhv edib, özü dəhəlak olub.
Şəmilovun meyiti Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə yaxın ərazidə qalıb.
Bu ilin aprelində Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Şəmilovun döyüş mövqeyini silahıyla birlikdə tərk etməsi barədə məlumat verilmiş və Tərtər Rayon polis şöbəsi əsgərin tutulması üçün əməliyyat - axtarış tədbirlərinə başlamışdı.
Əsgərin əmisi Vaqif Şəmilov bildirib ki, ona verilən qeyri-rəsmi məlumata görə, Orxan Şəmilovun qaçması barədə raport verən hərbi hissənin taqım komandiri və onunla bərabər daha 3 nəfər istintaqa cəlb olunub.
Hüquq - mühafizə orqanlarından Trend - a bildirilib ki, əsgərin hərbi hissəni tərk etməsi barədə məlumat veriləndən sonra, Azərbaycan Cinayət Məcəlləsinin döyüş növbəsi çəkmə qaydalarını pozma (338-ci) maddəsi ilə Fizuli hərbi prokurorluğunda cinayət işi açılıb. Hazırda bu faktla bağlı istintaq hərəkətləri davam etdirilir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend -a bildirib ki, əsgərin qaytarılması ilə bağlı rəsmi məlumat əldə olunandan sonra məlumat veriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]