Azərbaycan, Bakı, 03 mart / Trend /
ATƏT-in Dağlıq Qarabağın nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın münaqişənin həlli üzrə danışıqlar prosesinə qoşulacağına ümid edirlər.
"Qarabağ icması gec-tez danışıqlar prosesinə qoşulacaq. Əlbəttə bu nə qədər tez baş verərsə, o qədər yaxşıdır. Bunun nə vaxt baş verəcəyini bilmirəm, çünki Qarabağın danışıqlar formatına qoşulması həmsədrlərdən asılı deyil", - deyə Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye çərşənbə axşamı Yerenvanda keçirilən mətbuat konfransında bildirib. Bu barədə Novosti-Armeniya xəbər verir.
Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Diplomatın sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfərləri zamanı həmişə Dağlıq Qarabağa baş çəkirlər. Onlar burada danışıqların gedişatı barədə tam informasiya təqdim edir və Qarabağ ictimaiyyətinin rəyini dinləyirlər. Fasye bildirib ki, danışıqlar prosesində Qarabağın birbaşa təmsilçiliyi müsbət amil olardı.
Fransalı diplomat bununla yanaşı xatırladıb ki, Qarabağ vaxtikən danışıqlarda iştirak edib, lakin onun nümayəndəliyinin dayandırılması vasitəçilərin təşəbbüsü ilə baş verməyib.
"Bu, vasitəçilərin qərarı olmayıb, Qarabağın danışıqlar formatına qayıtması da bizdən asılı deyil", - deyə Fasye bildirib.
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov xatırladıb ki, əvvəllər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatı başqa cür idi: danışıqlar ATƏT-in Minsk Qrupunda aparılırdı, həmsədrlər institutu yox idi, yüksək səviyyədə görüşlər keçirilmirdi.
"Hazırkı formatda danışıqlar başlandığı zaman biz hiss etdik ki, Qarabağın öz mövqeyini bildirməsindənsə, proses yüksək səviyyədə görüşlərin keçirilməsi nəticəsində inkişaf yolunda daha böyük təkan əldə etməyə başlayır. Qarabağın iştirak məsələsini başqa səviyyədə həll etmək lazımdır, bunun üçün prezidentlərin razılığı olmalıdır", - deyə o söyləyib.