Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir C.Babayeva /
"Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlana bilər", - Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, admiral Noman Bəşir cümə günü Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ilə görüşdə bəyan edib.
"Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlana bilər, Pakistan bu məsələdə həmişə Azərbaycanın yanındadır", - Pakistan HDQ-nin komandanı bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Azərbaycanın müdafiə naziri bildirib ki, ölkələr arasında hərbi siyasi münasibətlər gələcəkdə də genişləndiriləcək. "Pakistanın və Azərbaycanın əməkdaşlığı ölkənin müdafiə sənayesinə böyük töhvələr verib", - Əbiyev qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]