...

Dağlıq Qarabağa dair Alt Komitənin fəaliyyəti aktual mövzu olaraq qalır - AŞ PA sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2010 14:53 (UTC +04:00)
Dağlıq Qarabağa dair Alt Komitənin fəaliyyəti aktual mövzu olaraq qalır
Dağlıq Qarabağa dair Alt Komitənin fəaliyyəti aktual mövzu olaraq qalır - AŞ PA sədri

Fransa, Strasburq, 21 iyun /Trend, müxbir A.Məhərrəmli/

Dağlıq Qarabağa dair Alt Komitənin fəaliyyəti aktual mövzu olaraq qalır. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu bazar ertəsi qurumun yay sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
"Fikirləşmirəm ki, bu sessiya çərçivəsində Alt Komitənin fəaliyyətinin yenidənbərpası mümkün olsun. Bu, aktual bir məsələdir. Sessiya çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri, eləcə də hər nümayəndə heyətindən bir nəfərlə görüş keçirəcəyəm. Bundan sonra tərəfimdən büronun cümə günü keçiriləcək iclasına hesabat təqdim ediləcək. Mən hər iki ölkə nümayəndə heyətlərinin başçıları ilə görüşlərimi davam etdirəcəyəm. Büroya hesabatım təqdim olunana kimi, bu məsələyə dair hər hansı qərarın çıxarılmamasını xahiş edəcəyəm", - AŞ PA sədri bildirib.
AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsi bir müddətdir fəaliyyətini dayandırıb. Çavuşoğlu AŞ PA-ya sədr seçiləndən sonra, Alt Komitənin yenidən bərpa olunması təklifi ilə çıxış edib.

Çavuşoğlu hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ən yaxşı həll AŞ PA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsi olardı.

"Bu, yaxşı hazırlanmış qətnamədir. Bu qətnamənin  yerinə yetirilməsi regionda, eləcə də Azərbaycanla Ermənistan arasında  sülh və sabitliyin bərqərar olmasına gətirib çıxarar", - Çavuşoğlu deyib.

AŞPA-nın 2005-ci il 25 yanvar tarixli 1416 saylı qətnaməsi Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Dağlıq Qarabağda separatçı rejimin mövcudluğu ilə nəticələnmiş münaqişəni diplomatik vasitələrlə həll etməyə çağırır. Bu şərt, həm də hər iki dövlətin Avropa Şurasına üzv qəbul edilərkən götürdükləri və indiyədək yerinə yetirilməmiş başlıca öhdəliklərdəndir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti