...

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in XİN Şurası çərçivəsindəki görüşlərindən irəliləyiş gözləməyə dəyməz – ekspertlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2010 09:00 (UTC +04:00)
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmayacağı ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsindəki görüşlərindən irəliləyiş gözləməyə dəyməz. Ekspertlər belə düşünürlər.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in XİN Şurası çərçivəsindəki görüşlərindən irəliləyiş gözləməyə dəyməz – ekspertlər

Аzərbaycan, Bakı, 15 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmayacağı ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsindəki görüşlərindən irəliləyiş gözləməyə dəyməz. Ekspertlər belə düşünürlər.

"15 il ərzində insanlar danışıqlar prosesində irəliləyiş gözləsələr də, ümidləri boşa çıxıb, - Trend-ə ABŞ-dakı Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun direktoru Svante Kornel deyib. - Mən məhz indi hansısa əhəmiyyətli nəticə gözləmək üçün səbəb görmürəm".

İyulun 16-17-də Almatıda ATƏT-in Xarici İşlər Nazirləri Şurasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüşün keçiriləcəyi gözlənilir.

ATƏT-in mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyildiyi kimi, sammit çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Fransa, Rusiya və ABŞ xarici işlər nazirləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə birgə görüşlərinin keçirilməsi planlaşdırılır. Təxmin olunan görüş tarixində - 17 iyulda tərəflərin danışıqların yekunlarına dair birgə bəyanatla çıxışları gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Müşahidəçilərin fikrincə, qısamüddətli perspektivdə münaqişə tərəfləri Dağlıq Qarabağ məsələsi üzrə kompromisə gələ bilməyəcəklər.

"Qazaxıstan öz ərazisini danışıqlar meydanı kimi təklif edə bilər, lakin sabahkı görüşdən hər hansı bir nəticə gözləməyə dəyməz", - qazaxıstanlı politoloqu Dosım Satpayev belə hesab edir.

"Azərbaycan və Ermənistanın siyasi elitası barışığa hazır deyil", - Trend-ə Risklərin qiymətləndirilməsi qrupunun direktoru Satpayev deyib.

Onun sözlərinə görə, bir çox məsələlər münaqişə tərəflərinin bir-birinə güzəştə getməyə nə dərəcədə hazır olmalarından asılıdır.

Azərbaycanlı politoloq Tofiq Abbasovun fikrincə, xarici işlər nazirlərinin sabahkı görüşü nə qədər ümidverici görünsə də, irəliləyiş olmayacaq.

"Yerevan öz dağıdıcı siyasətinə sadiq qalaraq Madrid prinsiplərinin qəti şəkildə yox olmasına nail olmağa çalışacaq, - Trend-ə "Lider TV" analitik qrupunun eksperti Abbasov deyib. - Daha sonra nə baş verəcəyi erməni liderlərini heç maraqlandırmır".

Abbasovun sözlərinə görə, Ermənistan sülhməramlı prosesi soyutmaq üçün vaxt qazanmaq istəyir. Səbəb işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması vaxtını mümkün qədər uzatmaqdır.

Ekspertlərin fikrincə, xarici oyunçular tərəfindən də münaqişəyə maraq kifayət qədər deyil.

"Danışıqlar uğurlu olacağı təqdirdə, Ermənistanda, Azərbaycanda və ya beynəlxalq arenada hansı dəyişikliklər olacaq? Mən münaqişənin həll edilməsində kifayət qədər beynəlxalq maraq və dəstəyin olmasını belə görmürəm", - Kornel deyib.

"Qazaxıstan ATƏT sədri kimi təkliflə çıxış etməkdə borcludur, lakin işin bir tərəfi təklif etməkdirsə, digər tərəfi də konkret nəticələr gözləməkdir", - Satpayev belə hesab edir.

"Bir il ərzində Qazaxıstandan üzunmüddətli tarixə malik Dağlıq Qarabağ kimi yubadılmış və qan tökülmüş münaqişəni həll etməyi gözləmək lazım deyil", - o deyib. Onun sözlərinə görə, Qazaxıstan ciddi təsiretmə gücünün olmamasına görə vəziyyətin həll edilməsinə ciddi təsir göstərə bilməz.

"Bax buna görə də Qazaxıstan ATƏT-in rolunun və onun oxşar münaqişələrə real təsirinin gücləndirilməsi məsələsini qaldırır", - Satpayev belə hesab edir.

"Bundan başqa, Qazaxıstanın Qafqaz üzrə mütəxəssis olmamasını və onun belə mürəkkəb regionda bu növ münaqişələrin həll edilməsində təcrübəsinin olmamasını da nəzərə almaq lazımdır. Qazaxıstan ATƏT sədri kimi tərəfləri yalnız diplomatik səviyyədə kompromis axtarışına çağıra bilər", - politoloq bildirib.

Müşahidəçilərin fikrincə, danışıqlardakı yubanmalara Yerevanın qeyri-uzaqgörən mövqeyi səbəb olur.

Abbasovun fikrincə, Sarkisyan administrasiyası indiki kursun seçilməsində özünüaldatma ilə məşğul olub. "Əgər münaqişənin sülh vasitələri ilə qarşısı alınmasa, Azərbaycan Ordusunun iştirakı ilə zorakılıq variantı baş tutacaq. Belə vəziyyət isə Ermənistana ağlagəlməz itkilər gətirəcək, çünki o, iqtisadi cəhətdən zəifdir və uzunmüddətli hərbi kampaniyanın aparılması üçün nəzərəçarpacaq zəmini yoxdur", - o bildirib.

Lakin rusiyalı ekspert Aleksey Vlasovun fikrincə, Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması məsələsi bu yaxınlarda həll oluna bilər.

"Mənə elə gəlir ki, yaxın vaxtlarda iki rayonun məsələsi öz həllini tapacaq", - MDU-nun Tarix fakültəsinin dekan müavini, Trend-in Ekspertlər Şurasının üzvü Vlasov deyib. - Mən yaxın vaxtlar dedikdə 2010-2011-ci illəri nəzərdə tuturam.

Vlasovun sözlərinə görə, bu bəyanatın verilməsinə inamı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Toronto sammitində verdikləri bəyanat yaradır.

Rusiya, ABŞ və Fransa prezidentləri "Böyük səkkizliy"in Kanadada keçirilən iyun sammiti çərçivəsində Ermənistan və Azərbaycan rəhbərlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər üzərində işi tezləşdirməyə çağıraraq sülh sazişi layihəsinin hazırlanmasına başlamaqla bağlı bəyanat qəbul ediblər.

Kanadada qəbul edilən üç rəhbərin bəyanatında qeyd olunub ki, prezidentlər hər iki tərəfin münaqişənin bir sıra prinsiplərinə, o cümlədən Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayıblar.

Bunlar yenilənmiş Madrid prinsiplərini əsas müddəalarıdır: qalan iki rayonun beş ildən sonra azad olunması şərti ilə birinci mərhələdə yeddi rayondan beşinin azad edilməsi, kommunikasiyaların açılması (bu məsələdə Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi gündəmə gələcək), bərpa işlərinin keçirilməsi, qaçqınların öz evlərinə qayıtması, əhalinin təklükəsizliyini təmin etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağa geniş özünüidarəetməni təmin edən aralıq statusunun verilməsi; və ancaq sonda, tərəflər arasında etibarın bərpa olunmasından sonra sakit şəraitdə Dağlıq Qarabağın son statusunu müzakirə etmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti