...

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini müsbət impulsdan istifadə etməyə cağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2011 10:34 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündə əldə olunan müsbət impulsdan istifadə etməyə cağırıb. Trend-in məlumatına görə, bu barədə Minsk qrupunun cümə axşamı ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatında deyilir.
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini müsbət impulsdan istifadə etməyə cağırıb

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Tariverdiyeva /

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündə əldə olunan müsbət impulsdan istifadə etməyə cağırıb. Trend-in məlumatına görə, bu barədə Minsk qrupunun cümə axşamı ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Bernar Fasye, Robert Bradke və İqor Popov tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri üzrə razılaşmada irəliləyişin əldə edilməsi üçün diqqəti prioritet məslələr üzərində cəmləşdirməyə çağırıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri 15-17 martda Bakı, Yerevan və Dağlıq Qarabağda görüşlər keçiriblər. Bakıda və Yerevanda həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri ilə görüşüblər. Yerevanda həmsədrlər ATƏT sədri Audronyus Ajubalislə görüşüblər.

Bəyanatda qeyd edilir ki, görüşlər zamanı həmsədrlər tərəfləri Soçi görüşündə əldə olunmuş müsbət impulsundan istifadə etməyə çağırıblar. Vasitəçilər tərəflərin Soçidə razılaşdırılmış, atəşkəsin pozulmasının araşdırılmasına dair birgə bəyanatında əks olunmuş öhdəliklərin yerinə yetirilməsi üçün konkret tədbirləri müzakirə ediblər.

Bəyanatda deyilir ki, həmsədrlər qeyd ediblər ki, təmas xətti boyunca son zamanlar baş vermiş hadisələr Soçi görüşündən əvvəl və sonra belə bir mexanizmin yaradılmasının zəruriliyini göstərib və tərəfləri atəşkəs rejiminə riayət edilməsinə çağırıblar.

Bəyanatda deyilir ki, həmsədrlər snayperlərin çıxarılması haqqında öz köhnə təkliflərini xatırladıblar və onların həyata keçirilmədiyinə görə təəssüflərini bildiriblər. Yenidən israrla günahsız insanların həyatlarını xilas edə biləcək təkliflərin qəbul edilməsinə cağırıblar.

Bəyanatda bildirilir ki, həmsədrlər ATƏT-in Minsk qrupunun missiyasına dair qiymətverici məruzəsini prezidentlərə və Dağlıq Qarabağın separatçı hakimiyyətinə təqdim ediblər. Onlar martın 23-də Vyanada məruzə üzrə brifinqin keçiriləcəyini və o vaxta qədər şərhlər verməyəcəklərini deyiblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti