...

RF Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin qarşısının alınacağına ümid edir - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Mart 2011 17:33 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dialoqa can atdıqlarını görür və ümid edir ki, gələcəkdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində insidentlər olmayacaq.
RF Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin qarşısının alınacağına ümid edir - XİN

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir A.Qasımova/

Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dialoqa can atdıqlarını görür və ümid edir ki, gələcəkdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində insidentlər olmayacaq. Bu barədə cümə axşamı RF XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. Trend-in məlumatına görə, xəbəri "Rusiya 24" telekanalı yayıb.

Martın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

"Dialoqun davam etdirilməsi, insidentlərin qarşısının alınması, zorakılıqdan imtina edilməsi və münaqişənin nizamlanmasının ümumi formulunun hazırlanmasında hər iki tərəf martaqlıdır", - Lukaşeviç deyib.

Onun sözlərinə görə, RF tərəflərin dialoqun davam etdirilməsinə hazır olduğuna ümid edir.

"Biz son vaxtlar Yerevan və Bakı ilə işimizi artırırıq", - o bildirib. Lukaşeviç prezidentlərin Soçi görüşünün vacibliyini qeyd edib və indiyədək əldə olunan razılaşmaların danışıqların dinamikasının gələcəkdə artırılması üçün əsas olacağını bildirib.

Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sarkisyan Soçidə Dağlıq Qarabağ nizamlanması üzrə birgə bəyanat qəbul ediblər. Sənəddə deyildiyi kimi, liderlər 2010-cu il oktyabrın 27-də qəbul etdikləri bəyannamənin praktikada reallaşdırılması məsələlərini nəzərdən keçiriblər. Eləcə də, prezidentlər ən qısa müddətdə hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılması barədə razılığa gəliblər.

Bundan başqa, sənəddə "bütün mübahisəli məsələlərin dinc yolla həll edilməsi və ATƏT MQ-nin həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə atəşkəs xəttində ATGƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin iştirakı ilə mümkün insidentlərin araşdırılmasına" cəhd qeyd olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti