...

Azərbaycan XİN: Ermənistanın beynəlxalq təşkilatların fəaliyyəti barədə təsəvvürü yoxdur (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2011 17:47 (UTC +04:00)
Azərbaycan tərəfi təəssüfləndiyini bildirir ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünə aid olmayan məsələlərə toxunur. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Nalbandyanın ifadələrini şərh edərkən deyib
Azərbaycan XİN: Ermənistanın beynəlxalq təşkilatların fəaliyyəti barədə təsəvvürü yoxdur (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan tərəfi təəssüfləndiyini bildirir ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünə aid olmayan məsələlərə toxunur. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Nalbandyanın ifadələrini şərh edərkən deyib.

"Biz ancaq öz təəssüfümüzü ifadə edə bilərik ki, xarici işlər naziri kimi adlandırılan şəxs Azərbaycanın BMT TŞ-də qeyri-daimi üzvlüyünə aid olmayan məsələlərə toxunur. Erməni nazirin ixtilaflı, qeyri-məntiqi və əsaslandırılmamış ifadələri onun beynəlxalq təşkilatların fəaliyyəti barədə təsəvvürünün olmasına şübhə etməyə məcbur edir", - Abdullayev deyib.

Nalbandyan çərşənbə günü Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanın BMT TŞ-də mümkün üzvlüyü həmin təşkilatın nüfuzunun artmasına səbəb olmayacaq. Məlumatı erməni KİV yayıb.

Abdullayevin sözlərinə görə, erməni nazirin kin və həsəddən başqa heç nə nümayiş etdirməməsi təəssüf doğuran bir faktdır. Belə bəyanatlar xarici işlər naziri səviyyəsinə uyğun deyil. "İndiyədək biz erməni tərəfdən konstruktiv heç nə eşitməmişik", - Abdullayev deyib.

O bildirib ki, qonşu ölkənin 20 faiz ərazisini işğal edərək həmin ərazilərdə etnik təmizləmə aparmış bir ölkənin nazirinin güc tətbiqetmə təhdidindən danışmağa haqqı yoxdur. "Ölkəmizin ərazilərində işğalçı qüvvələrin mövcud olduğu bir vaxtda Azərbaycanın öz müdafiə qabiliyyətini möhkəmləndirməyin qayğısına qalması çox təbiidir", - mətbuat katibi deyib.

Oktyabr ayına planlaşdırılmış 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçkilərə Macarıstan və Sloveniya ilə yanaşı, Azərbaycanın namizədliyi də irəli sürülüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti