...

Əli Həsənov: Azərbaycan pozulmuş ərazi bütövlüyü məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2011 15:31 (UTC +04:00)
Azərbaycan Təhlükəsizlik Şurasında üzvlükdən istifadə edərək, ilk növbədə, özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanıb.
Əli Həsənov: Azərbaycan pozulmuş ərazi bütövlüyü məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycan Təhlükəsizlik Şurasında üzvlükdən istifadə edərək, ilk növbədə, özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarmaq imkanı qazanıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzv olmasını şərh edərkən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Həştərxanda jurnalistlərə deyib. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycanın ərazi bütövlüyü neçə illərdir bərpa olunmur, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Bu insanların yurd-yuvalarına qayıda bilməməsi beynəlxalq aləmin əsas problemlərindən birinə çevrilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilməmiş qalır. Azərbaycan iki il müddətində Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən istifadə edərək beynəlxalq hüququn normalarının bərpasını tələb edəcək", - Həsənov əlavə edib.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasını tarixi hadisə adlandıran Həsənov bunun Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğunu söyləyib.

Şöbə müdiri bildirib ki, Azərbaycan uzun illərdir dünyada ardıcıl olaraq sülh və tərəqqi siyasəti yürüdür, beynəlxalq hüququn ardıcıl təbliğatçılarından biridir və beynəlxalq hüququn bərpa olunmasını tələb edir.

"Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Bu da Azərbaycanın nüfuzunun göstəricisi olaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul edilməsinə səbəb olub", - Həsənov qeyd edib.

Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirib. Bundan əvvəl baş tutan səsvermə mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplayıb.

Axırıncı mərhələdə Azərbaycanın lehinə 155 ölkə səs verib, 24 ölkə bitərəf qalıb və daha 13 ölkə yenə də Sloveniyaya səs verib.

Bundan əvvəl keçirilən altı səsvermə mərhələsinin hər birində Azərbaycan Sloveniyadan çox səs toplamışdı, lakin seçilmək üçün tələb olunan 129 səsi yığa bilməmişdi.

Xəbər lenti

Xəbər lenti