...

Bu gün Dağlıq Qarabağa dair danışıqlarda irəliləyiş bütünlüklə Ermənistanın mövqeyindən asılıdır – Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2011 12:43 (UTC +04:00)
Bu gün Dağlıq Qarabağa dair danışıqlarda irəliləyiş bütünlüklə status-kvonun dəyişdirilməsi ilə razılaşmalı olan Ermənistanın mövqeyindən asılıdır.
Bu gün Dağlıq Qarabağa dair danışıqlarda irəliləyiş bütünlüklə Ermənistanın mövqeyindən asılıdır – Azərbaycan XİN

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 dekabr / Trend müxbir E.Tariverdiyeva/

Bu gün Dağlıq Qarabağa dair danışıqlarda irəliləyiş bütünlüklə status-kvonun dəyişdirilməsi ilə razılaşmalı olan Ermənistanın mövqeyindən asılıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vilnüsdə ATƏT XİNŞ-də çıxışında deyib.

"Dağlıq Qarabağ münaqişəsində status-kvo yolverilməzdir. Lakin, təəssüf ki, Dağlıq Qarabağ nizamlanmasında heç bir irəliləyiş müşahidə olunmur, baxmayaraq ki, gələn il ATƏT-in vasitəçiliyinin 20 ili tamam olur", - Məmmədyarov bildirib.

Nazir deyib ki, Azərbaycan regionda əsas oyunçudur və ölkənin ərazi bütövlüyünün təhdid olunması ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyini şübhə altında qoyur.

"ATƏT məkanında həll olunmamış münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu təşkilatın nüfuzunu və ona olan etimadı sarsıdır", - Məmmədyarov qeyd edib.

XİN rəhbərinin sözlərinə görə, mehriban qonşuluq münasibətləri bütün regionun uğurlu inkişafının rəhnidir və Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunması üçün beynəlxalq normalar çərçivəsində güzəştə getməyə hazırdır.

"Regionda sərhədlərin açılması bütün Cənubi Qafqazın uğurlu inkişafına imkan verər", - o deyib.

Yenilənmiş Madrid prinsipləri üzrə üç həmsədr ölkənin hazırladığı son təkliflər münaqişə tərəflərinə təqdim olunub. Bundan sonra Azərbaycan gələcəkdə, o cümlədən hərtəfəli sülh sazişinin hazırlanmasına başlamaqla bağlı danışıqları davam etdirməyə hazır olduğunu elan edib. Nazirin sözlərinə görə, lakin çox təəssüf ki, Ermənistan həmin təklifləri rədd edib.

"Bu gün bizim vəzifəmiz Ermənistanla Azərbaycan arasında etimadın bərpa edilməsidir və bu məqsədlərə nail olmaq üçün biz çox səylər göstərməliyik. Lakin bir milyon qaçqın və məcburi köçkünün olduğu, Ermənistanın Azərbaycanın 20 faiz torpağını isğal etməsi nəzərə alınarsa, bu, asan tapşırıq deyil. Hesab edirik ki, bu istiqamətdə addımlardan biri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa əlaqələrin qurulması və görüşlərin təşkili ola bilərdi", - Məmmədyarov deyib.

Nazir bildirib ki, Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlayan kimi bu regionda hansı imkanların açılacağını təsəvvür etmək mümkündür.

"Bu, münaqişədən ziyan çəkən ərazilərin, pozulmuş əlaqələrin bərpası və biznes və investisiyalar üçün imkanların açılması, ticarətin səviyyəsinin artması, ən başlıcası, şübhəsiz ki, gələcəkdə vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq əvvəlcədən deyilən və təhlükəsiz vəziyyətin yaranmasıdır", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, azərbaycanlı və erməni icmaları özünüiadrə çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ regionunda yanaşı yaşaya bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti