Azərbaycan, Bakı, 25 fevral /Trend/
Azərbaycan Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya çərçivəsində bu gün dünyanın nüfuzlu "New York Times" və "Washington Post" qəzetlərinin bütöv bir səhifəsi Xocalı soyqırımına həsr olunub. Bu iki qəzetin ümumi tirajı 3 milyon ədəddir.
Alyansdan şənbə günü Trend-ə verilən məlumata görə, həmçinin, "Washington Post", "New York Times" və "Politico" dərgilərinin internet səhifələrində 1 həftə müddətində Xocalı soyqırımı ilə bağlı "pop-up" yerləşdirilib. Təkcə bu "pop-up" vasitəsilə bu saytları ziyarət edən 10 milyona yaxın insana Xocalı həqiqətləri çatdırılacaq. Bundan başqa, ABŞ-ın məhşur və ən çox izləyici auditoriyası olan kanallarından biri CNN adıçəkilən kampaniya haqqında bir neçə dəqiqəlik reportaj hazırlayıb.
"New York Times" və CNN-də gedən materiallarda 20 il öncə azərbaycanlıların məruz qaldığı bu dünyamiqyaslı cinayət haqqında oxuculara məlumat verilir. Eyni zamanda, bu ədalətsizliyə biganə qalmamaq və Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün dəstək olmağa, ABŞ Prezidenti və konqresmenlərinə "Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində yüksək prioritetə malik olmalıdır" adlı məktub göndərmək cağırışı edilir. Bunun üçün AAA-nın saytında yaradılmış xüsusi bölməyə daxil olmaq lazımdır. Saytda, həmçinin Xocalı hadisələri ilə bağlı geniş məlumatlar öz əksini tapır.
AAA-nın Xocalı soyqırımının 20 illiyi münasibətilə ABŞ-da həyata keçirdiyi kampaniya ümumilikdə 100 milyonlarla insanı əhatə edir və silsilə tədbirlərdən ibarətdir. Kampaniya çərçivəsində Nyu York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metrostansiyalarında poster və bannerlər yerləşdirilib.
Nyu York şəhərinin ən böyük dəmiryol vağzalı olan Penn Station-da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metrostansiyalarında xüsusi posterlər yerləşdirilib. Həmçinin, avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yerləşdirilib. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metrostansiyada, Capitol Hill-ə gedən avtobuslarda posterlər yerləşdirilib. Yalnız bu tədbirlərlə kampaniya müddətində ən azı 50 milyondan artıq insanın bu poster və bannerləri görməsi gözlənilir.
"Bildiyimiz kimi, bu il Xocalı soyqırımının 20-ci ildönümüdür. Artıq o dəhşətli qətliamdan uzun zaman keçsə də, Azərbaycan xalqı ağrılı gününü heç vaxt unutmayacaq. Azərbaycan Amerika Alyansı təsis olunarkən qarşısına qoyduğu əsas hədəflərdən biri də elə azərbaycançılıq, əxlaqi dəyərlərimizi, tariximizi yaymaq və dünyaya çatdırmaqdır. Məhz Xocalı həqiqətlərini, azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan Amerika Alyansı bu kampaniyaya başlayıb. Dünyanın aparıcı KİV-ləri vasitəsilə biz milyonlarla amerikalıya 20 il öncə Xocalıda baş verənləri catdırırıq", - AAA-nın təsisçisi Anar Məmmədov Xocalı soyqırımı ilə əlaqədar ABŞ-da keçirilən kampaniyanı şərh edərkən bildirib.