...

Ekmələddin İhsanoğlu: Ermənistan Azərbaycan torpaqlarının işğalını dayandırmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2012 12:35 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan torpaqlarının işğalı ilə razılaşmır.
Ekmələddin İhsanoğlu: Ermənistan Azərbaycan torpaqlarının işğalını dayandırmalıdır

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbir A.Tağıyeva /

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan torpaqlarının işğalı ilə razılaşmır. Bu barədə İƏT-in baş katibi, professor Ekmələddin İhsanoğlu Trend-ə eksklüziv müsahibəsində bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Ermənistan ilk növbədə işğal etdiyi Azrbaycan torpaqlarından çıxmalıdır və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar", - İhsanoğlu deyib.

Onun sözlərinə görə, İƏT hesab edir ki, münaqişə mərhələli şəkildə nizamlanmalıdır. Münaqişənin ilk mərhələsi Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı olub və müvafiq olaraq nizamlanmanın birinci mərhələsi də bu ərazilərdə işğalın dayandırılması olmalıdır.

İhsanoğlu xatırladıb ki, BMT kimi İƏT də bu münaqişə ilə bağlı bir neçə qətnamə qəbul edib və onlar da indiyədək Ermənistan tərəfindən yerinə yetirilməyib.

"Ermənistanın təcavüzü bütün dünyanın gözü qarşısında baş verib, bütün bəşəriyyət Azərbaycan ərazilərinin işğal olunmasının şahidi olub. Bu münaqişə bundan sonra uzanmamalıdır. İşğalın davam etməsi bütün regiona və Ermənistanın özünə ziyan vurur. Bu məsələnin həlli bütün dünyaya əmin-amanlıq gətirəcək. Bu münaqişənin mərhələli həlli nisbətən daha səmərəli olacaq", - baş katib deyib.

Azərbaycana hazırki səfərini şərh edən İhsanoğlu qeyd edib ki, onun gəlişi İƏT ilə Azərbaycan arasında inkişaf etmiş münasibətlərin göstəricisidir.

"Sonuncu dəfə mən Azərbycanda 2009-cu ildə olmuşam və çoxdandır ki, yenidən sizin ölkənizə gəlmək barədə düşünürəm. Xüsusən də Azərbaycan 2005-ci ildən İƏT-in aktiv iştirakçısıdır", - İhsanoğlu qeyd edib.

Onun sözlərinə görə, 2006-cı ildə Azərbaycanda İƏT-ə üzv olan ölkələrin xarici işlər nazirlərinin iclasının keçirilməsindən sonra Azərbaycan təşkilatda çox aktiv və əvəzedilməz rol oynamağa başladı. Şübhəsiz ki, Azərbaycanın təşkilatda rolu gündən-günə artacaq və ikitərəfli münasibətlərin potensialını inkişaf etdirmək lazımdır.

İhsanoğlu deyib ki, Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi İƏT-i çox sevindirdi və sözsüz ki, ölkənin təşkilatla münasibətlərinin inkişafı buna yardım edib.

O həmçinin Prezident İlham Əliyevlə dünən baş tutan görüşün çox səmərəli olduğunu bildirib.

"Biz İƏT ilə Azərbaycanın inkişaf yollarını və islam dünyasının, Əfqanıstanın, Suriyanın və Somalinin problemlərini müzakirə etdik", - o deyib.

İƏT baş katibinin sözlərinə görə, 2013-cü ildə Azərbaycanda İkinci Beynəlxalq "Qafqazda islam sivilizasiyası" Konqresi keçiriləcək. İlk belə konqres 1998-ci ildə Heydər Əliyevin prezidentliyi dövründə keçirilib.

"Bu, bütün dünyadan nümayəndələrin iştirak etdiyi çox mühüm elmi konqresdir. Qafqazda islam tarixi yarandığı gündən bu günədək müzakirə olunacaq. Qafqazda islamın tarixi, mədəniyyəti, arxitekturası və gələcəyi müzakirə olunacaq", - o deyib.

Xəbər lenti

Xəbər lenti