...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağın müharibə məkanına çevrilməməsi üçün indi onun dialoq məkanına çevrilməsi zəruridir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2012 12:35 (UTC +04:00)
ATƏT-in Minsk qrupu vasitəçilərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə maneələri aydın görünür.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağın müharibə məkanına çevrilməməsi üçün indi onun dialoq məkanına çevrilməsi zəruridir

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Minsk qrupu vasitəçilərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə maneələri aydın görünür. Böyük təcrübəyə, mətbuata geniş çıxış imkanlarına və böyük səlahiyyət resurslarına söykənmələrinə baxmayaraq, onlar bunu gizlədə bilmirlər. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Dağlıq Qarabağdakı ermənilərlə vaxtilə burada yaşamış azərbaycanlılar arasında dialoqun qurulması istiqamətində atılan bütün addımlar rəsmi vasitəçilər tərəfindən qətiyyətlə rədd edilir", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, vasitəçilərin Dağlıq Qarabağ erməni və azərbaycanlı icmaları arasında dialoqu inkar etmələri onların özlərinin hazırladıqları tənzimləmə variantının fəlsəfəsinə ziddir. Yenilənmiş Madrid Prinsiplərinə görə, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi - orada indi yaşayan ermənilərlə vaxtilə orada yaşamış azərbaycanlılar birgə müəyyən edəcəklər.

"İndi vasitəçilər belə bir dialoqun qurulmasına nəinki hazırlıq aparmırlar, hətta başqa strukturların apardıqları hazırlıqların da əleyhinə çıxırlar. Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşməkdən qorxan vasitəçilər özlərinin ermənilərdən asılılıqlarını nümayiş etdirmiş olurlar", - politoloq deyib.

O bildirib ki, Dağlıq Qarabağda indiki de-fakto idarəedicilərin reytinqi 27 faizdir.

"Hətta Azərbaycana tabeçiliyin son dövrlərində Dağlıq Qarabağda rəhbərlik bu qədər nüfuzsuz və hörmətsiz olmayıb. Bu, o deməkdir ki, Dağlıq Qarabağ erməniləri özləri indiki idarəedənlərinə qarşı müharibə elan edib. Dağlıq Qarabağda hərbi-polis rejimi quraraq azərbaycanlı əhalini oradan qovan, erməni əhalini girova çevirən terrorçulara vasitəçilərin ehtiramlı münasibəti şübhə doğurur", - Əhmədoğlu deyib.

Onun fikrincə, müharibənin qarşısını alan yeganə mümkün variant Dağlıq Qarabağ ərazisinin dialoq ərazisinə çevrilməsidir. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları ilə yanaşı, Azərbaycan və Ermənistanın müvafiq təmsilçiləri də münaqişənin dinc yolla tənzimlənməsini müzakirə edib həllini tapa bilərlər.

Politoloq qeyd edib ki, razılaşma əldə edildikdən sonra Dağlıq Qarabağ ərazisində Azərbaycan və Ermənistan iş adamları birlikdə investisiya və digər iqtisadi layihələr üzrə məsləhətləşmələr apara bilərlər. Azərbaycanlı və erməni iş adamları ilk olaraq Dağlıq Qarabağda müştərək iqtisadi layihələr reallaşdırmağa başlaya bilərlər.

O qeyd edib ki, "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin alternativi yoxdur" şablonu indi əks-effekt yaradır.

"Dağlıq Qarabağ münaqişəsinin "yalnız dinc yolla" tənzimlənməsinin alternativi var. Bu, Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə tənzimlənməsidir. Dinc yolla mümkün deyilsə, hərbi yolla mümkün olacaqdır. İndiki vəziyyət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsini deyil, tənzimlənməsini diktə edir. Dağlıq Qarabağ ərazisinin müharibə meydanına çevrilməsinin qarşısını alan yeganə yol Dağlıq Qarabağın dialoq ərazisinə çevrilməsidir. Aİ bu dialoqun reallaşmasında ATƏT MQ-yə təcili və hərtərəfli kömək etməlidir", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti